|
Rəsul Quliyevin Azərbaycana qayıdışı mövzusu qapanıb

20 ildən artıqdır ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin yaxın aylarda Azərbaycana gələ biləcəyi  barədə iddialar var. Həmçinin qeyd olunur ki, Rəsul Quliyevin son günlər Əbülfəz Elçibəy hakimiyyətinə və o zamankı yüksək vəzifəli məmurlara qarşı ard-arda sərt yazılarla çıxış etməsi də Bakıya dönüş planının tərkib hissəsi ola bilər.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, Rəsul Quliyevin Azərbaycana gəlişi mümkün deyil. Çünki bu məsələdə kompromisin olacağı ehtimalı sıfıra yaxındır: “Rəsul Quliyev özü kompromisə getməyə hazır ola bilər, bu istiqamətdə açıq və gizli mesajlar da Bakıya göndərə bilər. Bunun xatirinə müxtəlif siyasi qüvvələrə qarşı doğru və ya qeyri-doğru çıxışlar da edə bilər. Amma hakimiyyətin Rəsul Quliyevlə barışacağına və onun ölkəyə dönüşünə yaşıl işıq yandırılacağına inanmıram. Rəsul Quliyevin ölkəyə gəlib Ayaz Mütəllibov kimi sakit oturacağına təminatın olmadığını hakimiyyət bilməmiş deyil.

Hesab edilir ki, Rəsul Quliyev gələndən sonra sakit oturacağına söz versə belə, bir müddət sonra sözünə əməl etməyəcək. Çünki o, təbiət etibarilə elə adamdır ki, mütləq siyasi aktivliyə və ya hər hansı bir siyasi karyera uğrunda mübarizəyə qoşulmağa həvəsli olacaq. Bu isə iqtidar üçün müəyyən problemlər yarada bilər. Bu və ya digər məsələlərə görə hesab edirəm ki, Rəsul Quliyevin qayıdışı reallaşmayacaq, bu mövzu qapanmışdır”.

Rəsul Quliyevin səlahiyyətli nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna suallar ünvanladıq. A.Şakiroğlu “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, Rəsul Quliyevin Azərbaycana gəlişi hər zaman gündəmdə olan məsələ olub və təbii ki, bu hər an baş verə bilər: “Qarşıdakı aylarda Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Məhkəməsində Rəsul Quliyevin hüquqlarının pozulması ilə bağlı qərar verməsi gözlənilir. Bu səbəbdən də Rəsul müəllimin gəlişi məsələsi öz aktuallığını qoruyub saxlayır və gündəmimizdədir. Rəsul Quliyevin Elçibəy hakimiyyətinin təmsilçiləri barədə yazdıqlarının Bakıya dönüşü planı ilə əlaqəli olduğu barədə iddialara inanmıram. Rəsul Quliyevi unikal edən onun axına qarşı getməsi olsa belə, hər zaman həqiqətləri söyləməsi və ərk etdiyi adamları dost kimi tənqid etməsi ilə bağlıdır. Bu tənqidlər də oradan qaynaqlanır.

Amma kimlərsə düşünürsə ki, belə açıqlamalar Rəsul Quliyevin yolunu aça bilər, yanılır. Nə hakimiyyət uşaq deyil, nə də Rəsul Quliyev. İstisna deyil ki, hakimiyyət daxilində istər Rəsul Quliyevin, istərsə də digər siyasi mühacirlərin ölkəyə dönüşü barədə düşünə bilənlər var.  Bu barədə Rəsul Quliyevlə aramızda hər hansı özəl bir danışıq olmasa da mən şəxsən dəqiq bilirəm ki, hakimiyyət daxilində kifayət qədər insanlar var ki, ölkəni gələcək fəsadlardan, xaosdan, siyasi-iqtisadi böhrandan qorumaq üçün müəyyən işlər görüblər və görəcəklər. Hesab edirəm ki, ölkəni gələcəkdə ola biləcək bəhs etdiyim böhrandan çıxartmaq üçün ilk öncə ölkədə demokratik mühitin formalaşdırılması lazımdır. Bunun üçün ilk addım olaraq siyasi məhbuslar azad edilməli və siyasi mühacirlərin hamısının ölkəyə dönüb millətinə, xalqına xidmət etməsi üçün şərait yaradılmalıdır”.