Suriya ətrafında beynəlxalq vəziyyət günü-gündən daha da mürəkkəbləşir. Məsələ ondadır ki, əgər 7 və ya 3 il əvvəl Suriya münaqişəsində iki əsas tərəf vardısa, indi maraqlı qrupların və siyasi-hərbi oyunçuların sayı artıb, daha doğrusu, əvvəlki bloklar parçalanıb. Konkret olaraq Suriyanın şimalında hazırda xeyli mürəkkəb vəziyyət yaranıb.
Bir tərəfdən Rusiya, İran və Dəməşqə bağlı qüvvələr İdlibdə Qərbin və ərəb ölkələrinin dəstəklədiyi radikal qruplara qarşı savaşır, digər tərəfdə Türkiyə ABŞ-ın açıq müttəfiqi olan kürdlərə qarşı Afrində əməliyyat keçirir. Ötən gün isə Deyr əz-Zor vilayətində ABŞ hərbi koalisiyası havadan Suriya ordusu və müttəfiq qüvvələrini bombalayıb. Nəticədə Suriya ordusu və onlara dəstək verən tayfa silahlı birliklərinin üzvü olan 100-ə yaxın silahlı şəxs öldürülüb. Proseslərin gedişi göstərir ki, vəziyyət getdikcə daha da mürəkkəbləşəcək.
ABŞ Türkiyə ilə NATO müttəfiqi olsa da, sahədə faktiki olaraq rəqibdir, Rusiya və İran isə Türkiyə ilə Astana və Soçi prosesində birgə hərəkət etsə də, sahədə açıq dəstək vermir. Bu vəziyyətin getdikcə daha da qarışdığı müşahidə olunur. Məsələ ondadır ki, Afrin və Menbic kimi kürd bölgələrində amerikalı hərbçilər son günlər tez-tez görünməyə başlayıb, hətta Afrində də YPG geyimində amerikalıların olması ilə bağlı iddialar ortaya atılıb. Bu vəziyyət Vaşinqton-Ankara xəttində ciddi narahatlıq yaradır.

Görünür, bu səbəbdən də Vaşinqton yenidən Türkiyə ilə diplomatik aktivliyi artırır. Yerli medianın yazdığına görə, gələn həftə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R. Makmaster İstanbula səfər edəcək, ondan bir neçə gün sonra isə dövlət katibi Reks Tillerson Ankaraya gələcək.
Əsas müzakirə mövzusu Afrin əməliyyatı və onun davamı kimi Menbicdə nəzərdə tutulan əməliyyat olacaq. Ehtimala görə, Vaşinqton Ankaraya Suriyanın şimalında birgə fəaliyyətlə bağlı təklif verəcək. Çünki əks təqdirdə, Vaşinqton və Ankara Menbicdə faktiki olaraq silahlı qarşıdurma yaşaya bilər. Yeri gəlmişkən, Tillersonun ötən həftə Türkiyə hökumətinə sərhəddən içəriyə (Suriya ərazisində - K.R.) 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı təklifi də Ankara tərəfindən qəbul edilməyib.
Qeyd edək ki, hər iki şəxs ABŞ-ın hazırkı xarici siyasətini müəyyən edən fiqurlardır. Makmaster İraq və Əfqanıstan savaşlarında iştirak etmiş generaldır, Trampın xarici siyasət qərarlarına birbaşa təsir edən açar şəxsdir. Ancaq Makmasterin Ankara ilə münasibətlərində ciddi soyuqluq var. Trampın müşaviri ötən ilin sonlarında Vaşinqtonda bir konfransda Türkiyə və Qətər dövlətini Yaxın Şərqdə radikal ideologiyaların əsas sponsoru adlandırmışdı. Oxşar açıqlamanı ötən il Tillerson da verib. Bu fakt hər iki şəxsin Türkiyə barədə mövqeyini ortaya qoymaqla yanaşı, gözlənilən danışıqların nəticələri ilə bağlı ümidsizlik verir.
Maraqlıdır ki, ötən həftə Soçidə Suriya Milli Dialoq Konqresi və bundan az sonra Rusiya təyyarəsinin vurulmasının ardınca Rusiya “cəbhəsində” də fəallaşma var. Ötən gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışıqları olub. Telefon danışıqları zamanı liderlər İdlib və Afrində davam edən hərbi əməliyyatları müzakirə ediblər, eyni zamanda ötən il Soçidə təşkil olunan Rusiya, Türkiyə, İran dövlət başçılarının ikinci sammitinin İstanbulda keçirilməsi qərara alınıb.

Britaniyanın “Times” nəşri isə Türkiyə və Suriya ordusunun Suriyanın şimal-qərbində qarşı-qarşıya gəldiyini yazıb. Qəzetin yazısında qeyd olunur ki, Türkiyə son günlər İdlib vilayəti və Hələbin cənubuna hərbi qüvvələr göndərir. “Zeytun budağı” əməliyyatına aid olmayan bu hərəkət Türkiyə və Suriya hökumət qüvvələri arasında məsafənin xeyli azaldığı, hazırda bəzi yerlərdə 3,2 kilometrə qədər yaxınlaşdıqları bildirilir. Yazıda Türkiyə ordusunun Rusiya və İranla ortaq anlaşma əsasında İdlibdə atəşkəs bölgəsi yaratmaq üçün yerləşdiyi və son hərəkətlər nəticəsində Suriya ordusu ilə qarşılaşdığı qeyd olunur.
![]()
Türkiyə ordusunun irəlilədiyi bir zamanda Suriya ordusu da cənubdan İdlibi təmizləməyə davam edir. Ehtimal ki, Ankaranın İdlibin içərilərinə əsgər göndərməsi də gözlənilən vəziyyətlə əlaqədar olub. Çünki Suriya ordusunun İdlibi ələ keçirməsi Türkiyənin Suriya üzərindəki təsirini azaldacaq. Üstəlik, İdlib hökumətin əlinə keçərsə, buradakı müxalif qruplaşmalar ya təslim olmağa, ya da Türkiyə ərazilərinə keçməyə məcbur olacaqlar. Suriya ordusunun yenidən Türkiyə-Suriya sərhədlərinə qayıtması bu mənada Ankara üçün indiki şərtlərdə əlverişsizdir. Çünki Ankara həm sərhədlərin təhlükəsizliyi, həm də Suriyanın siyasi gələcəyi ilə bağlı danışıqlarda dəstəklədiyi müxalif qüvvələrə siyasi-hərbi üstünlük qazandırmaq üçün İdlib, Afrin, Azez-Cerablus xətti və nəhayət, növbəti mərhələdə Menbic-Tel Abyad xəttini PYD-dən təmizləməyi düşünür.
Vəziyyətin bu istiqamətdə irəliləməsi Suriyada böyük toqquşmanı daha da yaxınlaşdırır. Türkiyə indi həm ABŞ-la kürd məsələsi ilə bağlı anlaşmalıdır, həm də Rusiya ilə İdlib və Afrinin taleyi ilə bağlı razılaşmalıdır. Çünki kürdlər Afrini itirmək təhlükəsi qarşısında qalarsa, bir variant kimi onu Suriya ordusuna təslim edə bilərlər. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyini isə qarşıdakı həftələrdə görə biləcəyik.
