|
ABŞ-dakı müəyyən mərkəzlərin seçkidə öz namizədi ola bilər - iddia

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunu Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsini “Yeni Müsavat”a şərh edərkən deyib. Ekspertin fikrincə, birinci səbəb odur ki, prezident siyasi və iqtisadi sabitliyin davamını istəyir və ilin sonuna seçki kampaniyası ilə deyil, uğurlu statistik nəticələrlə daxil olmağa çalışır:“İkinci səbəb Azərbaycanda may ayında Cümhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir. Prezident bu tədbirləri may ayında daha güvənilir şəkildə keçirmək istəyir. İl ərzində başqa tədbirlər də var ki, onlara da hazırlaşmaq gərəkdir. İlin başlanğıcında seçkini keçirmənin əhəmiyyəti odur ki, ilin ortasında və sonuna yaxın planlaşdırdığın tədbirlərə lazımi vaxt və diqqət ayıra bilirsən”. E.Şahinoğlu hesab edir ki, prezident komandası seçkini oktyabrdan aprelə salmaqla bu məntiqi də əsas tutub: “Üstəgəl, mayın 28-də böyük amnistiya nəzərdə tutulub. Həmin amnistiya siyasi məhbus kimi qiymətləndirilən bir çox şəxslərə şamil edilə bilər. Məsələn, prezident seçkisinin aprel ayında təyin edilməsi Respublikaçı Alternativ Hərəkatının lideri İlqar Məmmədovun may ayında azad olunması ehtimalını artırır. Əks halda, İlqar Məmmədov mayda əfvdən sonra oktyabr ayında prezident seçkisində iştiraka hazırlaşacaqdı. Belədə isə o, prezident seçkisində iştirak etməyəcək. Açıq demək lazımdır ki, İlqar Məmmədov həbsdə yatdığı müddətdə müəyyən qədər tanınıb və seçkidən əvvəl azadlığa çıxıb namizədliyini irəli sürsəydi, müxalifətin ən ciddi namizədinə çevriləcəkdi. İndi isə bu mümkün olmayacaq”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq qeyd etdi ki, bəziləri seçkinin irəli çəkilməsini Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirir: “Yəni Ermənistanda və Azərbaycanda prezident və parlament seçkiləri mart və aprel ayında yekunlaşacaq və hər iki tərəf onlara beynəlxalq vasitəçilər tərəfindən edilən təklifləri seçkinin gələcək nəticələrini düşünmədən arxayın şəkildə müsbət dəyərləndirməyə hazır olacaqlar. Doğrusu, mən bu versiyanı bölüşmürəm. Birincisi, danışıqlarda irəliləyişin əlaməti yoxdur ki, prezidentlər il boyu hansısa ciddi sənədi imzalamağa hazır olsunlar. İkincisi, həmsədr dövlətləri Ermənistan hakimiyyətinə təsir edib münaqişənin həllini sürətləndirməyə marağı yoxdur. Seçki apreldə və ya oktyabrda oldu, bu münaqişənin həlli baxımından nəyə təsir edə bilər ki? Onsuz da ortada razılaşmanın əlaməti yoxdur. Cəbhə bölgəsində işğalçıya təzyiqi artırmağa isə bizə prezident seçkisi mane olmur. Əgər yay aylarında hərbi toqquşma ehtimalı artacaqsa, bunun prezident seçkisinin apreldə və oktyabrda keçirilməsi ilə bağlılılığı yoxdur. Guya toqquşma avqust və ya sentyabrda olsa prezident ümumi səfərbərlik elan prezident seçkisini təxirə sala bilməz ki? Yəni seçkinin təxirə salınmasının Qarabağla əlaqəsinin olduğunu düşünmürəm”.

“Azərbaycan prezidenti İlham Əliyevinin seçkini erkən tarixə təyin etməsinin arxasında daxili və xarici siyasətlə bağlı kifayət qədər səbəb var”.

E.Şahinoğlunun fikrincə, əsas səbəb Rusiya amili ilə bağlıdır: “Azərbaycanda bu və ya digər dərəcədə marağı olan dövlətlər bəllidir. Bu, Rusiya, ABŞ, İran və Türkiyədir. Bunlardan ancaq birincisinin Azərbaycandakı proseslərə təsir imkanları var. ABŞ-ın təsir imkanları haqqında 10-15 il bundan əvvəl danışa bilərdik. Ancaq hazırkı dövrdə Amerikanın Azərbaycana təsir imkanları faktiki tükənib. Amerikanın Azərbaycandakı bütün qrant ayıran fondları və təşkilatları qapanıb. Digər tərəfdən, Amerikanın beynəlxalq aləmdəki səhvləri, Türkiyədə kürd terrorçulara verdiyi dəstək və digər amillər Azərbaycandakı amerikapərəstlərin sayını da azaldıb. Əlbəttə, Amerikadakı müəyyən mərkəzlər hansısa namizədi gizli və ya aşkar dəstəkləyə bilərlər, ancaq bu dəstək quru sözdən ibarət olacaq. Rusiyanın isə quru sözdən başqa daha ciddi alətləri var və bunu biz 2013-cü il prezident seçkisində müşahidə etdik. Amerikadan fərqli olaraq Rusiyanın Azərbaycanda güclü dəstək qrupu var ki, biz onları ”beşinci kolon" adlandırırıq. 2013-cü ildə Rusiyadakı mərkəzlər Azərbaycandakı prezident seçkisinə müdaxilə planı hazırlayaraq Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etdi. Bu oliqarxlar heç zaman siyasətə maraq göstərməyiblər və qəfil hamısı birləşərək təşkilat yaratdılar. Aydın idi ki, Rusiyanın lap üst dairələrindən sifariş almasaydılar, bizneslə məşğul olanlar, bəlkə bir-birilərinin üzlərini illərlə görməyənlər təşkilat yaradıb Rüstəm İbrahimbəyovun Azərbaycan prezidentliyinə namizədliyini açıq və ya gizli dəstəkləməzdilər".

Ekspertə görə, seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürülə bilinəcəkdi, bloklar yaranacaqdı və ən azından 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Onun fikrincə, görünür, hakimiyyət bu cür gərginlikdə maraqlı deyil. E.Şahinoğlu bir məqamı da xatırlatdı: “Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və Azərbaycan hakimiyyətinə təzyiq siyasətinə ara verdi. Ancaq bu siyasətə ara verilib, tam imtina edilməyib. Bunu Azərbaycanın hakimiyyət dəhlizlərində yaxşı anlayırlar”. Ekspert bildirdi ki, Rusiya və Ermənistanda prezident seçkisi mart ayındadır: “Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq. Azərbaycan prezidenti aprel ayında mövqelərin möhkəmləndirdikdən sonra hakimiyyətdə kök salmış rusiyapərəstləri tədricən uzaqlaşdırmalıdır. Mənə elə gəlir ki, bu məsələdə onun ən böyük dəstəkçisi Mehriban Əliyeva olacaq. Köhnələri əvəzləyəcək yeni fiqurlar Mehriban Əliyevanın və onun komandasının hazırlayacağı kadr bankından gələcək”.