|
Azər Əsgərovdan AXCP sədrinə yeni ittihamlar

Bir həftədən sonra AXCP-nin qərargahının sökülməsindən bir il ötür. Keçən müddət ərzində mülkün sahibi Azər Əsgərova kompensasiya ödənilməyib. Qərargahdan götürülən avadanlıqlar da ona qaytarılmır. Azər Əsgərov Avropa Məhkəməsinə qədər getmək fikrindədir. İş artıq Apelyasiya Məhkəməsindədir.

 
Bu barədə “Yeni Müsavat”a mülk sahibinin özü məlumat verdi: “İşlərim əvvəlki vəziyyətdədir. Heç nə dəyişməyib. Mülkümlə bağlı kompensasiya tələb edirəm. Bu işi bitirəndən sonra mülkümü verdiyim AXCP ilə də mübarizəmi hüququ müstəvidə aparacam. Bu barədə açığı düşünməmişəm. Amma etdiklərinə görə yəqin ki, bu barədə də yekun qərarımı verəcəm. İlk məhkəmə tələbim qəbul edilmədi. Hazırda Apelyasiya Məhkəməsinə müraciət etmişəm. Burada da alınmasa, Ali Məhkəmə, ardınca Avropa Məhkəməsinə gedəcəm. Gördüyünüz kimi, meydanda tək qalmışam. Onların mülkümün dağıdılmasında əlləri var”.
 
Azər Əsgərov AXCP sədrini ittiham etdi: “ Mülkümün hesabına pul alıb, sakit dayandılar. Əgər onların əli olmasaydı, indi Əli Kərimli bütün cəbhəçiləri ora yığmışdı, mitinqlər keçirir, dünyaya car çəkirdi. İndi hardasan Əli Kərimli? Mülküm dağılıb. Bunu Allah götürməz. Şəxsi mülkümün hesabına Əli Kərimli pul qazanıb. AXCP-yə etibar edib, mülkümü onlara verdim. Lakin onlar da mülküm hesabına pul qazandılar. Eşitdiyimə görə, Əli Kərimli xarici ölkə səfirlikləri ilə görüşərək, bu işlə bağlı onlardan 500 min manat pul alıb. Guya ki, AXCP-nin qərargahı dağıdılıb. Bunu AXCP-nin daxilindən mənə dedilər. Bu partiyanın üzvlərinin mənə yazdıqları mesajları hər kəsə göstərəcəm”.
 
Mülk sahibi hazırda kirayədə yaşadığını da qeyd etdi: “İşimi bitirməmiş, Türkiyəyə qayıtmaram. Deyirlər ki, vəkilin işi idarə edəcək. Amma getmək istəmirəm. Əli Kərimli haqqında nələr edəcəyimi çox yaxşı bilirəm. Konkret addımlar atacam. Deyir ki, böyük partiyayam. Əgər belədirsə, niyə qərargahını qorumadı? Ondan kompensasiya tələb etməyə hüququm yoxdur. Çünki qanunla bu belədir. Mülkümü hökumət söküb. Amma başqa istiqamətlərdə Əli Kərimlidən haqqımı tələb edəcəm”.
 
Xatırladaq ki, uzun illərdir Türkiyədə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.Əsgərov mülkünü AXCP-yə qərargah kimi icarəyə vermişdi. Partiya orada yerləşəndən bir neçə ay sonra binada partlayış baş verdi və bunun ardınca həmin mülk söküldü. Mülkiyyətinin sökülməsi ilə bağlı Türkiyədən Bakıya gələn Əsgərov uzun müddətdir ona dəyən ziyanın ödənilməsini tələb edir.