Milli Məclisin 1 fevral tarixli plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun amnistiya təşəbbüsü ilə etdiyi çıxış gündəm olub. YAP-ın sözçüsü may ayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95, Xalq Cümhuriyyətinin isə 100 illiyi ilə bağlı amnistiya aktının verilməsinin vacibliyini vurğulayıb.
O, çıxışında bir sıra maraqlı məqamlara toxunub: “Bütün deputat həmkarlarımızla bir yerdə cənab prezidentdən xahiş edək ki, bu təşəbbüsü də öz üzərinə götürsün və daha geniş amnistiya təşəbbüsü ilə çıxış etsin. Bu amnistiya aktı digərlərindən fərqlənməlidir. Bu, bütün vətəndaşlarımızın gözləntisi olan məsələ olduğu üçün bunu həmkarlarımızın diqqətinə çatdırıram Bu dəfə maddələrlə deyil, prinsip etibarilə də əhatə dairəsi daha geniş olmalıdır. Bu amnistiya aktında ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş hər kəsə şamil edilsin. Ola bilər ki, hansısa silahlı birləşmələrin sırasına düşüblər, səhvə yol veriblər. Amma artıq uzun müddət keçib və səhvlərini başa düşüblər. Həmçinin yaşı 60-ı keçmiş, həmçinin himayəsində azyaşlı uşaqları olanlara şamil olunsun. Onlarla uşaq bu gün özlərindən asılı olmayaraq məhkumluq həyatı yaşayır. Yaxud valideyni həbs olunub və biz potensial cinayətkarı yetişdiririk. Həmçinin yaşı 70-dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmayan bütün dindar şəxslərə şamil olunmalıdır. Eyni zamanda xaricdə müxtəlif qruplar var ki, Azərbaycana insan hüquqları, siyasi məhbus bəhanəsi ilə təzyiqlər edirlər, böhtan atırlar, sui-istifadə edirlər. Bu vəba xəstəliyini aradan qaldırmaqdan, o adamların qarayaxmalarını kəsməkdən ötrü bu cür adamların hamısı ilə bağlı məsələyə son qoyaq. Bəzən heç 3 adamın tanımadığı adam haqqında deyirlər ki, bu adam prezidentliyə ən ciddi namizəd olduğu üçün həbsdə saxlanılır”.
Göründüyü kimi, deputat bütövlükdə Avropa tərəfindən siyasi məhbus kimi qəbul edilən şəxslərlə bağlı ölkəmizə edilən təzyiqləri tamamən aradan qaldırmaq üçün onların azad edilməsinin vacibliyinə işarə vurur. Çıxışının son cümlələrində isə S.Novruzov ad çəkməsə də, REAL sədri İlqar Məmmədovu nəzərdə tutaraq, o fikirləri səsləndirib və əslində onun da azad edilməsinin vacibliyini üstüörtülü qeyd edib.
Hakimiyyətin sözçüsü sayılan bir deputatın bu tipli çıxışı amnistiyanın veriləcəyinə olan ümidləri daha da artırıb. Artıq çoxları gələn ay imzalanacağına böyük ümidlər olan əfv sərəncamı və may ayında veriləcək əfvlə ictimaiyyətin və Avropanın diqqət mərkəzində olan siyasilərin azad ediləcəyindən söz açır.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı S.Novruzovun çıxışını yüksək dəyərləndirdi: “Siyavuş müəllimin fikirlərini böyük məmnuniyyətlə oxudum. O, YAP-ın rəhbər vəzifəsində olan şəxslərdən biridir. Belə bir çıxış, təklif onun dili ilə cəmiyyətə çatdırılır. Bu fikirləri alqışlayıram. Nəhayət ki, parlamentdə də bu məsələnin ölkəmiz üçün nə qədər ciddi bir başağrısı olduğunu anladılar. Buna nəhayət son qoymaq lazımdır. Fikirlərinə görə insanları uzun illərlə həbsdə saxlamaq, həbsə atmaq demokratiyanı öndə tutduğunu bəyan edən bir ölkə üçün düzgün deyil. Bu il Azərbaycan üçün çox mühümdür. Qarşıdan prezident seçkiləri gəlir, cənab prezident bu ili ”Cümhuriyyət ili" elan edib. Bunların fonunda siyasi məhbus probleminin həlli çox vacibdir. Bu qərar insanlar arasına sevgi, barışıq gətirir. Belə problemləri ölkəmiz daxilində həll etməyimiz çox vacibdir. Biz özümüz buna qadirik. Bununla bağlı işçi qrupu olaraq fəaliyyət göstəririk. Mən demirəm ki, biz tam heyətdə yığışırıq. Təəssüflər olsun ki, son zamanlar tam heyətdə toplana bilmirik. Amma ora daxil olan 11 hüquq müdafiəçisi ayda mütəmadi olaraq ən azı iki dəfə toplanırıq. Amnistiya elan olunarsa, bizi narahat edən şəxslərin maddələrinin bura düşməsi çox vacibdir. Düşünürəm ki, Siyavuş müəllim bu yöndə işini davam etdirəcək. Hər halda onun fikirlərinə Milli Məclisdə qulaq asılır. Bizim də bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq. Bu bataqlıdan mütləq çıxmalıyıq".
![]()
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, Siyavuş Novruzovun təklifi alqışlanan təklifdir: “Belə bir təklif səsləndirməsi alqışalayiqdir. Cümhuriyyətimizin yüz illiyi kimi bir mühüm hadisə ərəfəsində bu və ya digər qərarların qəbulu yalnız alqış alacaqdır. Azərbaycana qarşı beynəlxalq qurumlar, bəzi şəxslər insan hüquqları adı altında daim təzyiq göstərməyə çalışırlar. Bu cür cəhdləri hər zaman görmüşük. Hətta son illərdə bu cəhdlərin sürətləndiyinin şahidi oluruq. Belə hallara rəvac verməmək üçün Siyavuş müəllimin dedikləri tam doğrudur. Düşünürəm ki, amnistiya aktı qəbul olunarsa, konkret olan bir sıra həbsdə olan və Avropanın əllərində bayraq etdikləri bəzi şəxslərin maddələrinin də akta salınması çox yaxşı olardı. Bununla bizə qarşı olan təzyiq mexanizmdən azad ola bilərik. Azərbaycan öz milli maraqlarını qoruyur və bu istiqamətdə siyasət yürüdür. Bu da bəzi dairələrin maraqlarına uyğun deyil. Ölkəmizin başqa ölkələrə qarşı aparılan kampaniyalara qoşulmasını istəyirlər. Niyə qoşulmalıyıq? Bizə təzyiq, təsir etmək üçün əllərində olan alətləri aradan qaldırmalıyıq. Bu baxımdan Siyavuş müəllimin dedikləri mütləq nəzərə alınmalıdır. Düşünürəm ki, veriləcək əfv və amnistiya qərarlarında bunlar mütləq nəzərə alınacaq”.
