|
Xalq Cümhuriyyətin mətbuata yadigarı ilə bağlı çağırış

 Milli Məclisin bugünkü iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin plenar iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı fikirlərini bildirib və maraqlı bir tarixi fakta diqqət çəkib.

Şura sədri öncə deyib ki, bu il cənab prezidentin sərəncamı ilə ölkəmizdə “Cümhuriyyət ili”nin elan olunması əlamətdar haldır: “Bununla bağlı çoxsaylı tədbirlərin təşkili gözlənilir. Azərbaycan Xalq Cümhuriyyəti 2 il müddətində bir çox sahələrə olduğu kimi, mediaya da böyük diqqət ayırdı. Xalq Cümhuriyyətinin mövcud istiqamətdə qarşıya qoyduğu məqsədlərdən biri də nəşriyyat evinin tikilməsi idi. Lakin bu işin həyata keçirilməsi mümkün olmadı. Həmin ideya ötən əsrin 30-cu illərində reallaşdı. 1933-cü ildə Bakıda Mətbuat Sarayı deyilən bina istifadəyə verildi. Həmin bina indiki Azərbaycan prospektində yerləşir”.

Ə.Amaşov bildirdi ki, həmin bina Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alınıb: “Uzun müddət “Azərnəşr”in fəaliyyət göstərdiyi bu bina 1995-ci ildə “Bank Standart”a baş ofis kimi verilib”. MŞ sədri qeyd etdi ki, bina kifayət qədər özəlliklərə malikdir: “Diqqət yetirmisinizsə, kitab şəklindədir. Daxili strukturunda isə hər detal sırf nəşriyyat-çap işinin həyata keçirilməsinə hesablanıb. İnşaat materiallarının seçilməsindən tutmuş otaqların havalandırılmasınadək, hətta işçilər üçün şəraitə qədər ən kiçik detal nəzərə alınıb. Bununla əlaqədar sənədlərlə tanış olmuşam. Təklifim bundan ibarətdir ki, Mətbuat Sarayı adı ilə inşa edilmiş həmin bina keçmiş sahiblərinə qaytarılsın və çox yaxşı olardı ki, orada mətbuat muzeyi yaradılsın”.