|
Azərbaycan qeyri-neft sektorunun inkişafından geri çəkilməyib

Xəbər verdiyimiz kimi, yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans  keçirilib. Konfransda çıxış edən prezident İlham Əliyev bu il ölkənin dəmiryol infrastrukturunun Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ilə gələcək yükləri daşımaq üçün modernləşdirilməsinə böyük həcmdə vəsaitlərin ayrılavağını qeyd edib.

Prezident eyni zamanda bildirib ki, keçən il Azərbaycanın valyuta ehtiyatlarının artırılması istiqamətində çox ciddi addımlar atılıb: "Baxmayaraq ki, keçən il büdcəmiz də builki kimi deyildi, bundan az idi, eyni zamanda neftin qiyməti də hələ aşağı səviyyədə idi, biz düzgün siyasət, maliyyə sahəsində nizam-intizamı gücləndirmək nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq".

Daha sonra dövlət başçısı qeyri-neft sektorunun inkişafı istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edib.

Prezidentin konfransdakı çıxışını “Yeni Müsavat”a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, dövlət başçısının çıxışında regionların inkişafının gələcəkdə də diqqət mərkəzində olacağı vurğulanıb: “Nəqliyyat dəhlizlərinin modernləşməsi üçün görülən və görüləcək işlərin, Azərbaycan hökumətinin bu layihələrə belə böyük diqqət ayırmasının əsas səbəblərindən biri də onların regionların inkişafında oynayacağı böyük rolu nəzərə almalarıdır. Bildiyiniz kimi, prezident Qəbələdəki aeroporta da diqqət çəkib. Qəbələ bu gün Bakı şəhərindən sonra Azərbaycanda ən çox turist cəlb edən ikinci bölgədir. Bu da onun nəticəsidir ki, bir neçə il öncə orada beynəlxalq hava limanı tikildi. Həmin vaxt bəzi iqtisadçılar həmin limanın rentabelli olmayacağını, onun Qəbələdə tikilməsinin iqtisadi əsaslanmasının olmadığını deyirdilər. Amma son 2 ildə Qəbələyə turistlərin axını göstərdi ki, bu fikirlər əsaslı deyildi. Prezident Nazirlər Kabinetinin iclasında dedi ki, o rayona dəmir yolu xətti də çəkiləcək. Beləliklə də turistlərin bölgəyə rahat gediş-gəlişi üçün əlverişli infrastruktur formalaşdırılacaq”.

Ekspert deyir ki, 2004-cü ildən bəri Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair 3 proqram qəbul olunub:“Birinci proqram qəbul olunanda Azərbaycanın valyuta ehtiyatlarının həcmi 1,8 milyard dollara güclə çatırdı. Heç bir dövlət bu qədər valyuta ehtiyatı ilə belə böyük yükün altına girməzdi. Lakin Azərbaycan hökuməti bu yükün altına girdi və proqramları da uğurla icra etdi. İndi bizim valyuta ehtiyatlarımızın həcmi 42 milyard dollardır - o vaxtdan bəri 23 dəfə artıb. Həm böyük regional əhəmiyyətli neft-qaz layihələrinin icrasına, həm irihəcmli sosial, infrastruktur layihələrinə pul qoyulub, həm də valyuta ehtiyatlarımızın həcmi artırılıb. Düzdür, burada neft-qaz sektorundan əldə edilən gəlirlərin də rolu olub, lakin gəlirlərin toplanaraq ehtiyat bazasının yaradılması böyük işdir və Azərbaycan bunu bacarıb. Valyuta ehtiyatlarımızın 42 milyard dollar olması onun ümumi daxili məhsulumuza bərabər olması deməkdir. Bu ehtiyatlar bir gün beynəlxalq miqyasda yarana biləcək problemlərdən, yaxud hansısa bu və ya digər daxili problemlərdən irəli gələ biləcək böhrandan sığortalanmağımızda mühüm rol oynayır. Dövlət başçısı da qeyd etdi ki, 2014-cü ildən neftin qiymətinin düşməsindən yaranan vəziyyətə baxmayaraq, biz öz ehtiyatlarımızı artıra bilmişik. Valyuta ehtiyatlarının artması ölkənin iqtisadi təhlükəsizliyi üçün ən başlıca şərtlərdən biridir”.

P.Heydərovun sözlərinə görə, İ.Əliyevin Davosdakı, ardınca konfransdakı çıxışı göstərir ki, hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsi planlarından geri çəkilmək niyyətində deyil: “Bu çıxışlardan aydın olur ki, artıq Azərbaycan hökuməti neftdən ”əlini üzüb". Yəni neft gəlirlərinə bel bağlanmır daha. Bu isə o deməkdir ki, Azərbaycan çox qısa müddətdə öz ixrac potensialını qeyri-neft sektoruna kökləməlidir. Əgər biz heç olmasa 2020-ci ilədək buna nail olmasaq, ölkə iqtisadiyyatı hər an 2014-cü ildən sonrakı vəziyyətə düşə bilər. Düzdür, qeyri-neft sektorunda ciddi nəticələr əldə etmək üçün uzun müddət tələb olunur. Lakin bizə sürətlə işləmək, bu istiqamətdə görülən işləri bir qədər də sürətləndirmək lazımdır".