|
Azərbaycandan gedən əmək miqrantları ən çox hansı ölkəni seçir?

Son illərdə ölkədə sosial-iqtisadi durumun ağırlaşması üzündən ölkədən gedən əmək miqrantlarının sayı artmağa başlayıb. Bəs onlar daha çox hansı ölkəni seçirlər?

Ekspertlər qeyd edirlər ki, Azərbaycandan gedən əmək miqrantları daha çox Rusiya və Türkiyəyə üz tuturlar. Onların hər ay ərzində öz ailələrinə göndərdiyi vəsaitin həcminə gəldikdə isə, Beynəlxalq Aqrar İnkişafı Fondunun apardığı araşdırmalara görə, dünyanın inkişaf etmiş ölkələrində yaşayan əmək miqrantları orta hesabla ay ərzində ailəsinə təxminən 200 dollar vəsait göndərir ki, bu da ailə büdcəsinin təxminən 60 faizini təşkil edir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışdı: “Təbii ki, Azərbaycanda Rusiyaya köç edənlərin sayı daha çoxdur. Ümumiyyətlə, müstəqillikdən üzü bəri  Rusiya əmək miqrantlarının axın etdiyi ölkə olub. Oradan gələn vəsaitin həcminə gəldikdə isə, qeyd edim ki, son zamanlar bu məsələdə xeyli azalmalar müşahidə edilir. Göndərilən pulun həcminin pik hədləri təxminən 2010-14-cü illər olub. Hər il təxminən orta hesabla 4 milyard dollara yaxın vəsait ölkəyə daxil olub. Belə ki, Azərbaycanda tikin sektorunda olan bahaçılıq, bumun yaşanması,  avtomobil bazarında satışların artması, regionlarda müəyyən tikintilərin aparılması, fiziki şəxslərin evlərinin dəyişdirilməsi və sairə, həmin dövrə təsadüf edir. Çünki Rusiyadan gələn pulun həcmi böyük idi və bu da iqtisadiyyata təsir göstərirdi. Son 2-3 ildə isə qeyd etdiyim kimi, oradan gələn pulun həcmində xeyli azalmalar var. Rusiya tərəfindən göstərilən rəsmi rəqəmlərdə həcmin 600-700 milyon dollar olduğu bildirilir. Təəssüf ki, Azərbaycan tərəfi bu barədə rəsmi araşdırma aparılmır. Bununla belə Rusiyadan hələ də kifayət qədər vəsaitin gəldiyini demək mümkündür”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Ekspertə görə, Azərbaycandan gedən əmək miqrantlarının seçdiyi ikinci ölkə Türkiyədir: “Çünki bu ölkə həm dil baxımından, həm də iş yerlərinin asan tapılması ilə bağlı miqrantları özünə cəlb edir və hər il onların sayı getdikcə daha da artır. Qeyd edim ki, Türkiyəyə daha çox mütəxəssis miqrantlar üz tutur. Rusiyaya gedənlərin arasında isə ali təhsili olmayanlar daha çox üstünlük təşkil edir. Bundan başqa son iki ildə Azərbaycan vətəndaşları çalışır ki, daha çox Avropa ölkələrinə, ABŞ-a üz tutsunlar. Xüsusən də Almaniyanı seçənlərin sayı artır. Almaniya tərəfindən açıqlanan rəsmi statistika da bunu təsdiqləyir. Həmin istiqamətə gedən insanların isə böyük əksəriyyəti yüksək təhsilli, bir neçə dil bilən mütəxəssislərdir və bu da Azərbaycanın işçi, kadr potensialını kifayət qədər zəiflədən və heç də xoş olmayan bir amildir. Lakin o insanları da qınamaq mümkün deyil, onlar daha yaxşı həyat, şərait, iş və pul qazanma istəyir ki, bu da normal insani hissidir”.