|
Azərbaycan-ABŞ münasibətləri-gözlənilən olmadı

Son bir ildə Amerika-Azərbaycan münasibətlərində gözlənilən dəyişiklik baş vermədi. Yeni prezident Donald Trampın gəlişindən sonra buna ümidlər böyük idi. Onun qalib gəlməsinin bir sıra ölkələr kimi, Azərbaycan üçün də sərfəli olacağı deyilirdi. Hətta Trampın qələbəsi rəsmi Bakı tərəfindən sevinclə qarşılanmışdı.

Lakin görünən odur ki, D.Trampın əvəzlədiyi Barak Obama dövründə Azərbaycanla ABŞ arasında soyuqlaşan münasibətlər hələ də davam edir. Doğrudur, ABŞ Azərbaycanın daxili işlərinə əvvəlki kimi qarışmır, amma münasibətlər də soyuq olaraq qalır ki, bu hər iki tərəf üçün sərfəli deyil.

Müstəqil ekspertlər yaranan mövcud durumun çox da uzun sürməyəcəyini bildirirlər. Xüsusilə bu ilin oktyabrında ölkəmizdə keçiriləcək prezident seçkiləri önə çəkilərək, seçkilər ərəfəsində Ağ Evin proseslərə təsir etmək üçün hərəkətə keçəcəyi deyilir. Bunun üçün Amerikanın rəsmi Bakı ilə münasibətləri düzəltməyə çalışacağı bildirilir. Çünki rəsmi Vaşinqton heç bir halda əsas Cənubi Qafqaz ölkəsi kimi Azərbaycanı itirmək istəmir.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Sabiq dövlət müşaviri Qabil Hüseynli Trampın gəlişi ilə Amerika siyasətinin tamamən alt-üst olduğunu söylədi: “Bu siyasətdə ABŞ-ın maraqları, yeni dünya düzəninin formalaşdırılması arxa plana keçib, yaxud unudulub. Dövlət Departamentində bir çox vəzifəli şəxslərin yeri boşdur, yəni vakansiya var. Bu səbəbdən də xarici siyasətdə ciddi axsamalar hiss edilməkdədir. Bunu təkcə Azərbaycana aid etmək olmaz. Trampın gəlişi ilə Amerika dünyadakı qüdrətini itirməkdə, bir sıra yerlərdə boşluqlar buraxmaqdadır. Bu boşluqları da Rusiya, Çin kimi dövlətlər doldurmaqdadır. Cənubi Qafqaza qarşı münasibətdə ciddi yanaşmalar nəzərə çarpmır. Burada Gürcüstan istisna ilə ön plandadır. Azərbaycan və Ermənistana qarşı münasibətdə köklü dəyişikliklərin şahidi olmuruq. Güman etmirəm ki, Tramp dövründə Obama dövrü ilə müqayisədə Azərbaycan-ABŞ münasibətləri pisləşib. Yalnız Konqresdə, Senatda Dağlıq Qarabağ və digər məsələlərlə bağlı müəyyən mənfi halları qeyd edə bilərik. Bunu da bütövlükdə Amerikanın rəsmi dövlət siyasəti kimi qəbul etmək çətindir. Pozitiv cəhətlər də var ki, bunları qeyd etməmək mümkün deyil. Məsələn, Amerika Azərbaycanın TANAP, TAP, Cənub Qaz Dəhlizi layihələrini qızğın sürətdə dəstəkləyir. Trampın özü bu barədə dəfələrlə danışıb. Dövlət Departamentinin rəhbəri Azərbaycanın geosiyasi önəmindən, Əfqanıstandakı NATO qoşunlarına Azərbaycanın yardımından danışıb.

Amerika yaxşı bilir ki, Azərbaycan regionun lider dövlətidir. Lider dövlət kimi Amerika və onun müttəfiqləri üçün önəmli olan bir sıra irimiqyaslı iqtisadi layihələri Azərbaycan gerçəkləşdirir. Belə bir şəraitdə münasibətlərin kəskinləşəcəyini proqnozlaşdırmaq çətindir. Doğrudur, aradabir konqresmenlər, senatorlar səviyyəsində Azərbaycanda insan haqları, siyasi məhbuslarla bağlı müəyyən fikirlər səsləndirilir. Düşünürəm ki, bu məsələ də öz müsbət həllini tapmaq üzrədir. Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə bağlı ”Qızıl amnistiya" hazırlanır ki, bu amnistiya bir çox məhbuslarla yanaşı siyasi məhbusları da əhatə edə bilər. Bununla Azərbaycanla Qərb ölkələri arasında yaranan bəzi fikir ayrılıqları aradan çıxa bilər. Eyni zamanda Azərbaycanın Avropa Birliyinə meyllənməsi müşahidə olunur. Bundan əlavə, ötən ilin sonlarında Avropa Birliyi Parlamentinin iclasında ölkə başçısının iştirakı və orada yekun sənədə ölkəmizin imza atması təqdirlə qarşılanır. Hazırda Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində danışıqlar gedir. Ölkəmiz Avropa Birliyinin Yaxın Tərəfdaşlıq Proqramına qoşulmaq üçün sürətli addımlar atır. Bu addımlar Azərbaycanın qərbyönümlü siyasətini xeyli gücləndirəcək. Bu da hazırda Azərbaycan-ABŞ münasibətlərində hansı problemlər varsa, onları aradan qaldıra biləcək".

Politoloq Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxundu: “Bu seçkilər Azərbaycan üçün çox ciddi sınaqlardan biridir. Seçkilər ərəfəsində həm Qərb ölkələrinin, həm də Amerikanın Azərbaycan üzərində diqqəti artacaq. Bu baxımdan Azərbaycan bu seçkiləri qayda-qanunlara uyğun keçirmək üçün lazım olan nə varsa, hamısını həyata keçirəcək. Ölkədə demokratik seçki mühitinin yaradılması, demokratik seçkilər üçün lazım olan bütün şərtlərin həyata keçirilməsi prosesi, zənnimcə, uğurla aparılacaq. Qərb ölkələrindən gələn müşahidəçilərin də seçki proseslərini izləmələri üçün lazımi şərait yaradılacaq. Bu nöqteyi-nəzərdən güman etmirəm ki, bundan sonrakı hadisələr Qərb-Azərbaycan münasibətlərini pisləşdirsin. Əksinə, bu, münasibətlərin daha da yaxşılaşmasına və Azərbaycanın Qərbə inteqrasiyasına gətirib çıxara bilər”.