|
Manat möhkəmlənməyə doğru “üzür”

Mərkəzi Bank bu il də “üzən məzənnə” siyasətinə davam edəcəyini açıqlasa da, əksər ekspertlər hazırkı məzənnə siyasətinin daha çox inzibati qaydada diqtə edildiyini hesab edirlər. Mərkəzi Bank (AMB) isə bəyan edib ki, milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edilə bilər.

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyanın hər bir ölkəsində mərkəzi banklar valuta bazarlarında iştirak edir və əllərində olan alətlərdən istifadə edərək mümkün qədər valyuta bazarlarındaa makrosabitliyin təmin olunmasına çalışırlar: “Ancaq məsələ ondadır  ki, valyuta maliyyə bazarlarında istənilən formada yaranmış çağırışlara edilən müdaxilələr qısamüddətli dövrdə müəyyən volatilliyin yaranmasına gətirib çıxarır. Maraqlıdır ki, Azərbaycanda son 6-7 ay ərzində mindəbir qəpik dəyişiklikləri belə baş vermir, biz hər hansı volatillik müşahidə etmirik. Normalda əgər manatın dəyəri ”üzən məzənnə"  rejimində formalaşırsa, biz gün ərzində açıqlanan rəqəmlərə, o cümlədən qlobal valyuta bazarlarında, enerji bazarında baş verən proseslərə reaksiyanı hiss etməliyik. Ancaq biz heç bir reaksiya hiss etmirik, çünki heç bir reaksiya yoxdur. Manat tam olaraq sabit məzənnə nümayiş etdirir ki, bu da “üzən məzənnə” rejimində mümkün deyil. Buna əsaslanaraq deyirik ki, bu gün Azərbaycanda üzən məzənnə rejimi yox, diktə məzənnəsi rejimi formalaşıb".

Rəşad Həsənov ile ilgili görsel sonucu

R.Həsənov bu gün manatın möhkəmlənməsini şərtləndirən iqtisadi faktorları  sadaladı: “Nəzərə alsaq ki, dünya bazarında Azərbaycan neftinin qiyməti 70 dollar civarındadır, tədiyyə balansında əhəmiyyətli səviyyədə profisit yaranıb, xarici ticarət saldosu 6 milyard dollardan çoxdur, rezervlər artıb, belə bir şəraitdə manatın məzənnəsinin 10 faiz möhkəmlənməsi qaçılmaz olardı. Ancaq biz bazarlarda bu prosesi müşahidə etmirik. Həmçinin bazarlarda Mərkəzi Bankın iri alışlarını da görmürük. Belə bir şəraitdə gəldiyimiz qənaət o olur ki, əslində məzənnə hər hansı maliyyə alətlərindən çevik istifadə nəticəsində formalaşmır. Sadəcə, gün ərzində konkret olaraq diqtə olunmuş bir rəqəm əsasında formalaşır. Biz maliyyə alətlərindən istifadəni o qədər də çox görmürük. Düzdür, depozit hərracları vaxtaşırı olaraq keçirilir. Ancaq bu hərraclarda da bəzi hallarda tələb təklifi 4-5 dəfə üstələyir, tələbin həcmi təklifdən 600 milyon manat yuxarı idi. Bu 600 milyon manat bazarlara yönələrsə, müəyyən qədər məzənnə dəyişikliklərinə gətirib çıxartmalı idi. Mərkəzi Bank hələ də o fikri müdafiə etməyə çalışır ki, məzənnə ”üzən valyuta" rejiminə uyğun şəkildə tələb və təklifə əsasən formalaşır. Ancaq biz bunu görə bilmirik. Heç kim Mərkəzi Bankın səlahiyyətlərini inkar etmir, səlahiyyətləri var, bazara müdaxilə etməlidir. Hətta bəzi hallarda Mərkəzi Bankın öhdəliyidir ki, makrosabitliyi qorusun. Ancaq makrosabitlik dedikdə söhbət ondan getmir ki, məzənnə 8 ay ərzində mindəbir qəpik dəyişməyəcək. Problem məhz bundan qaynaqlanır".

İqtisadçı ekspert onu da vurğuladı ki, Mərkəzi Bankın manatın məzənnəsini bu şəkildə idarə etməsinin mənfi və müsbət təsirlərini birmənalı qiymətləndirmək çox çətindir: “İndiki halda qeyri-neft subyektləri müəyyən qədər çalışırlar ki, sabit məzənnə olsun. Hökumət də bu məzənnə sabitliyini dəstəkləməklə müəyyən qədər iqtisadi akitivliyi təmin etməyə çalışır. Ancaq məsələyə makroiqtisadi baxımdan yanaşdıqda, manatın real məzənnəsinin tapılmadığı halda Azərbaycana xarici investisiyanın cəlb edilməsi imkanları zəifdir. Çünki bu istiqamətdə davam etdirilən siyasət hər zaman maliyyə bazarları üçün ciddi risk formalaşdırır. Bu isə təbii ki, xarici investorun diqqət mərkəzində olan məsələdir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, bu gün manatın məzənnəsinin formalaşmasında əsas amil neftin qiymətidir. Ölkə ixracatında neftin qiyməti 90 faizdir. Belə olan halda xarici bazarlarda baş verənlərə daxili valyuta bazarlarının reaksiyası da proqnozlaşdırıla bilən deyil. Mərkəzi Bank həm də məsələyə bu baxımdan yanaşır və neftin sabahkı qiymətini müəyyənləşdirməkdə çətinlik çəkir. Ona görə də Mərkəzi Bank müdafiə olunan mövqedə dayanmaq istəyir. Əvvəlki dövrlərdə olduğu kimi qəflətən pis vəziyyətlə qarşılaşmaq istəmir, bu zərərin mümkün qədər az olmasına çalışır”.

Mərkəzi Bankın bu il manatın məzənnəsini hansı səviyyədə saxlayacağına toxunan R.Həsənov bildirdi ki, bununla bağlı bir neçə faktor prosesə təsir göstərə bilər: “Hazırda neftin qiyməti prizmasından məsələyə baxsaq görərik ki, OPEK və digər beynəlxalq  təşkilatlar neftin qiymətinin bahalaşan istiqamətdə olacağını proqnozlaşdırırlar. Bu kontekstdən yanaşdıqda Azərbaycan manatının məzənnəsinin ucuzlaşmasını şərtləndirən hərc hansı bir ciddi təsirlər olmayacaq. Ola bilər ki, müəyyən dalğalar olsun, ancaq bunlar manatın məzənnəsini ucuzlaşdırmayacaq. Manatın bahalaşması istiqamətində təzyiqlər olacaq. Mərkəzi Bank isə sabit məzənnə siyasətini davam etdirir. 2018-ci ildə də AMB bu təzyiqlər qarşısında geri çəkilməyəcək və öz siyasətini davam etdirəcək. Bu bizim ən çox üstünlük verdiyimiz proqnozdur. Ancaq digər bir amil də bu ilin prezident seçkisi ili olmasıdır. Belə bir məqamda ola bilər ki, hökumət prosesin hansısa mərhələsində manatın məzənnəsini bir neçə faiz möhkəmləndirməyə çalışsın. Bu hal baş verərsə, manat müəyyən qədər bahalaşa bilər. Ucuzlaşma ehtimalı isə çox azdır. Bu ehtimal yalnız neftin qiymətinin bundan sonra 40 faizə qədər ucuzlaşması zamanı mümkündür ki, bu da qlobal neft proqnozlarında öz əksini tapmır”.