Ermənistanda iqtisadi problemlərin və prezident seçkilərinin yaxınlaşmasının təsiri ilə baş qaldıran gərginlik dərinləşir. Xalq etirazları açıq şəkildə özünü göstərməkdədir. Belə bir vəziyyətdə Ermənistan Milli Konqresi Partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini bir daha gündəmə gətirərək keçmiş prezidentin 2016-cı ilin dekabr ayının 17-də keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab etdiyini bəyan eləyib.
Ter-Petrosyan ölkəsindəki real vəziyyətdən çıxış edərək problemin mütləq həllini və kompromislərin zəruriliyini bir daha bəyan edib: “Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, bu illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik”.
Levon Ter-Petrosyan daha sonra bildirib ki, Ermənistan hakimiyyətinin bir vəzifəsi var, bu da Qarabağ münaqişəsinin həllində kompromisə getməkdir: “Əslində bir vəzifə var: Qarabağ probleminin həlli, bundan sonra erməni-türk münasibətləri öz-özünə nizamlanacaq. Qarabağ məsələsinin isə mərhələli həlldən başqa yolu mövcud deyil. Bu gün danışıqlar masası üzərində olan təklif faktiki olaraq 1997-ci ildəkinin eynidir: Qarabağa beynəlxalq səviyyədə tanınmış aralıq statusun verilməsi, əvəzində müəyyən ərazilərin qaytarılması, yekun status məsələsinin sonraya saxlanılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi”.
Levon Ter-Petrosyan buna qədər də bir neçə dəfə çıxışlarında Ermənistandakı siyasi, iqtisadi və sosial problemlərin həllinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından keçdiyini bildirib. Lakin müxalifət liderinin budəfəki çağırışı Ermənistanda Qarabağ münaqişəsi ətrafındakı situasiyanın təhlili və vəziyyətdən çıxış yolunun göstərilməsi baxımından ən güclü çağırış hesab olunur. Keçmiş prezident həmçinin elan edib ki, onun partiyası qarşıdakı seçkilərə “Sülh! Barışıq! Mehriban qonşuluq!” şüarı ilə gedir və bu çağırışları dəstəkləyən siyasi qüvvələrlə blok yaratmağa hazırdır.
Erməni Milli Konqresinin gündəmə gətirdiyi bu məsələnin geniş müzakirələr yaratdığı vaxt Ermənistan Statistika Komitəsinin yayımladığı hesabat ölkəni çalxalayıb. Komitənin hesabatında bildirilir ki, son 5 ildə 20 minə yaxın insan Qarabağ probleminə görə Ermənistan vətəndaşlığından imtina edərək xarici ölkələrə üz tutub. Qurum ermənilərin uzun illərdir həllsiz qalan Qarabağ münaqişəsinə görə yersiz ölmək istəmədiklərinə də diqqət çəkir. Başqa sözlə, Ermənistan müxalifəti və dövlət qurumlarının son zamanlarda ictimai rəydə yaratdığı fikir budur ki, Dağlıq Qarabağ Azərbaycana geri qaytarılmalıdır və ölkə hakimiyyətinin bundan başqa çıxış yolu yoxdur.
Ermənistan isə get-gedə qarışmaqdadır. Vəziyyət bu şəkildə davam etsə, qarışıqlıq daha da böyük miqyas alacaq. Bəs Ermənistandakı qarışıqlıqdan Azərbaycanın udacağı nələrsə varmı? İşğalçı ölkədə hansı siyasi qüvvənin iqtidara gəlməsi Dağlıq Qarabağ məsələsinin həllində bu ölkənin mövqeyində müsbət dönüşə səbəb ola bilər?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda narazılıqların artması daha bir neçə ciddi səbəblə bağlıdır. Onlardan birincisi iqtisadi səbəbdir. Ölkədə inflyasiya iki rəqəmlə ölçülür və daha da böyüyür. Buna rəğmən əməkhaqları uzun müddətdir ki, artırılmır. Üstəlik, ərzaq məhsulları da bahalaşır. Artıq erməni əhalisinin aldığı maaş onun güzəranını minimal səviyyədə də təmin etməyə yetmir. Son 10 gündə əhalinin qəzəbinin ilkin işartıları olan lokal etiraz aksiyaları baş verib.
Ölkədə müxalifət bu prosesi ciddi surətdə izləyir. Əhalinin artan sosial etirazlarını vahid bir məcraya yönəltməyə çalışır: “Müxalifət qüvvələrinin bir hissəsi əhaliyə müraciət edərək onları ölkədəki dözülməz iqtisadi vəziyyətə etiraz etməyə çağırdı. Əhali də bir sözə bənd imiş kimi İrəvanda bu çağırışa qoşulmağa başladı. Proseslərə sanki bir təkan verilib və proses yavaş-yavaş İrəvan hüdudlarından çıxaraq digər şəhərlərə də yayılmaqdadır. Yəni Ermənistanda bir milli etiraz kampaniyasının formalaşması gedir. Zənnimcə, bu proseslərin belə qızışmasına təsir göstərən aparıcı element iqtisadi amillər olsa da həm də siyasi amillər də təsirini göstərir. Son dövrlərdə siyasi elitada hakimiyyət uğrunda mübarizənin kəskinləşdiyinin şahidi olmaqdayıq. Bu, xüsusilə Serj Sərkisyanla baş nazir Karen Karapetyan arasında özünü aydın göstərir. Sərkisyan açıq büruzə verir ki, o baş nazir olmaq niyyətindədir. Hətta o, özünə uyğun gələn prezident axtarışına da çıxıb. Mart ayında keçiriləcək prezident seçkilərində məhz özünə uyğun olan adamı prezident kürsüsünə əyləşdirmək fikrindədir. 20 ilə yaxındır Qarabağ klanının təzyiqi altında yaşayan yerli ermənilər Serj Sərkisyanın bu addımına dözmək niyyətində deyillər. Müxalifətin müəyyən hissələri də bu situasiyadan istifadə edərək Qarabağ klanına qarşı Ermənistan xalqını mübarizəyə qaldırmağa çalışırlar. Bütün bu amillər ölkədə vəziyyəti gərginləşdirməkdədir. Ermənistanda qarışıqlığın fonunda əlbəttə ki, bu ölkə Qarabağ məsələsində müəyyən güzəştlərə gedə bilər. Amma yenə də çalışacaqlar ki, bunu siyasi manevr olaraq etsinlər”.
Politoloq Ermənistanda getdikcə güclənən xalq etirazlarını hakimiyyətin bu dəfə Qarabağ məsələsini ortaya atmaqla səngidə biləcəyinə inanmır: “Xalqın əsas məqsədi Sərkisyanın indiyədək yeritdiyi siyasətə yox demək və onun ölkə hakimiyyətindən uzaqlaşdırılmasına nail olmaqdır. Belə görünür ki, Sərkisyanın partiyası hökuməti təkbaşına formalaşdıra bilməyəcək. Ölkə partlayış ərəfəsindədir. Buradan belə qənaət hasil olur ki, Ermənistanda hakimiyyət dəyişikliyi, yeni siyasi simaların hakimiyyətə gəlməsi kifayət qədər real görünür. Güman edirəm ki, Ermənistan daha da qarışarsa və Sərkisyan başda olmaqla, komandası hakimiyyətdən gedərsə, bu, Ermənistan əhalisi üçün, həm də Qarabağ danışıqları üçün nisbətən pozitiv zəmin hazırlaya bilər. Status-kvonun bu cür davam etməsindən Ermənistan əhalisi bezib. Onlar, nəhayət, Dağlıq Qarabağ probleminin hər hansı formada həllini gözləyirlər və bundan sonra bölgədəki böyük iqtisadi layihələrə qoşulub iqtisadi inkişaf yoluna çıxmaq istəyirlər”.
Politoloq hesab edir ki, keçmiş prezident Levon Ter-Petrosyan Ermənistanda hakimiyyətə gəlsə, Dağlıq Qarabağ probleminin həllində Ermənistanın konstruktiv mövqeyə gəlməsi istisna deyil: “Ter-Petrosyanın hazırda liderlik etdiyi Milli Konqres Partiyasının ölkədə kifayət qədər nüfuzu var. Amma Milli Konqres Partiyasının və Ter-Petrosyanın təkbaşına seçkiləri udmaq şansı o qədər də mümkün görünmür. Keçmiş prezident və partiyası digər müxalif qüvvələrdən biri ilə, məsələn, keçmiş spiker Manukyanla ittifaq qurub seçkiyə qoşularsa, bu, onların hakimiyyətə gəlməsinə gətirib çıxarar. Hazırda Dağlıq Qarabağ məsələsi və Ermənistanın iqtisadi fəlakətdən çıxması məsələsində Levon Ter-Petrosyan qədər realist düşünən, vəziyyəti realist dəyərləndirən ikinci qüvvəyə rast gəlmək çox çətindir. Onun dünən verdiyi açıqlamadan da bir daha görünür ki, vəziyyəti düzgün qiymətləndirir və Ermənistanın xilas yolunun Dağlıq Qarabağ məsələsində güzəştə getməkdən və problemin həllinə nail olmaqdan ibarət olduğunu görür”.
MUSAVAT
