Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 88 yaşı tamam oldu. Azərbaycanın ən yaşlı məmuru olan Xoşbəxt müəllim 1930-cu ildə yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.
1947-ci ildə orta məktəbi bitirəndən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib. Geologiya-mineralogiya elmləri doktoru olan X.Yusifzadə ömrünün 68 ilini Azərbaycan neft sənayesinə həsr edib.
Xoşbəxt Yusifzadəni Azərbaycan neft sənayesinin canlı ensiklopediyası da adlandırırlar. Qocaman neft mütəxəssisi həm bir milyardıncı (1971-ci il, martın 28-də), həm də iki milyardıncı (2017-ci il, noyabrın 8-i) ton Azərbaycan neftinin çıxarılması prosesində iştirak edib. X.Yusifzadə geologiya-mineralogiya elmləri doktoru, professor və AMEA-nın həqiqi üzvüdür. “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Azərbaycanda zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında bu neft mühəndisinin böyük xidmətləri var. Xəzər dənizinin Azərbaycan Dünyanın ən stajlı neft mütəxəssisi hesab edilən Xoşbəxt Yusifzadənin haqqında “Fədakar” adlı ikihissəli bədii-sənədli film çəkilib. Yubilyarın “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında, Eldar İskəndərzadənin ssenarisi ilə səkkiz ay ərzində çəkilən filmdə xalq artisti Rasim Balayev başda olmaqla, bir sıra tanınmış sənətkarlar çəkilib.
Azərbaycan neftinin çıxarılmasında iştirak etdiyinə görə özünü çox xoşbəxt sayan Xoşbəxt Yusifzadə bu gün də iş başındadır, yeni yaqatqların kəşf olunması işinə rəhbərliyini davm etdirir, proqnozlarını verir. Elə biz doğum günü münasibətilə onunla həmsöhbət olmaq istəsək də, işlərinin çoxluğundan bu, mümkün olmadı. Təbriklərimizi çatdırdıq, doğum günündə hansı hissləri keçirdiyini öyrənmək istədik. Heyrət doğuran budur ki, yaşının bu çağında da Xoşbəxt müəllim işindən ayrılmır, hətta şənbə günləri də iş başında olur. Dediyinə görə, bir müddət əvvəl səhhətində problem yarandığı üçün işdən getmək istəyib. Amma ölkə prezidenti ona böyük dəyər verdiyi üçün “işini yüngülləşdirin, qalsın, işləsin” deyib və beləcə işi yüngülləşdiyi üçün fəaliyyətinə davam edib.
Neft Daşlarından ilk neftin 1949-cu ilin 7 noyabrında çıxarılması, 1954-cü ildən 1960-cı ilə qədər gəmidə yaşaması, Sov.İKP MK-nın baş katibi Nikita Xruşşovun Neft Daşlarına gəlişini indi də yaxşı xatırlayan bu fenomen neftçi Neft Şirkətinin köhnə binasında işinə davam etməsindən zövq alır. “1954-cü ilin martında buradan Neft Daşlarına getmişəm. 10 il işləmişəm, 1963-cü ilin oktyabrında yenə bu binaya gəlmişəm. Bu günə qədər də bu binadayam. Yəqin elə o dünyaya da bu binadan gedərəm” - deyir X.Yusifzadə.
Neftin qiymətinin enib-qalxması onun nəzərində adi məsələdir. Deyir ki, 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalayanda neftin 1 bareli 16 dollar idi: “Neftin qiyməti dalğavaridir, gah düşür, gah qalxır”. Onu da deyir ki, əgər biz insanlar bir-birimizi qırıb-çatmasaq, 40-50 ildən sonra ola bilsin neft ancaq dərman üçün lazım olacaq. Deyir onu bu yaşda da gümrah saxlayan nikbinliyi, xoş ovqatı, insanlara münasibətdə yalnız xeyirxahlıq etmək istəyidir. Olduqca zarafatcıl insan olan qocaman neftçi həm də Molla Nəsrəddin lətifələrini danışmağı çox sevir. Ən sevimli məşğuliyyəti isə fotolar çəkməkdir. On illərdir bu məşğuliyyətindən ayrılmır.
İşlərinin çoxluğuna baxmayaraq, telefonla bəzi fikirlərini qəzetimizə bölüşən X.Yusifzadə bu yaşda ürəyindəki arzuları da dilə gətirdi: “Arzum odur ki, dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatsın, gün-gündən həyatımız yaxşılaşsın, bütün camaatımız sevinsin, ildən-ilə gözəl nəticələr əldə edək. Bu il Cümhuriyyətin 100 illiyidir. 2018-ci il İlham Əliyev cənabları tərəfindən ”Cümhuriyyət ili" elan olunub. Prezidentin bu qərarının mühüm əhəmiyyəti var. Yəni hər kəs bilsin ki, biz dünən müstəqil olmamışıq, 100 il bundan qabaq müstəqil dövlətimizi qurmuşuq. Özü də yaxşı ölkəmiz olub, demokratik dövlət qurmuşuq. İndi nə edək ki, tale belə gətirib, müstəqilliyimizi davam etdirə bilməmişik. Ona görə bu tarixi həqiqətləri dünyaya yaymağımız baxımından Cümhuriyyətimizin 100 illiyinin qeyd olunması müstəsna əhəmiyyətə malikdir. Qoy dünya görsün ki, biz hələ 100 il bundan qabaq müstəqilliyimizi qazanmışıq, dövlətimizi qurmuşuq. Cümhuriyyət qurucuları zamanında çox böyük işlər görüblər, Allah onların hamısına rəhmət eləsin!"
Tanınmış neft mühəndisi Azərbaycan dövlətini qorumaq, müstəqilliyimizin əbədiyaşar olması üçün qarşıda duran vəzifələrdən də bəhs etdi: “Hamımızın borcu odur ki, İlham Əliyev cənablarının rəhbərliyi altında elə edək ki, respublikamız günü-gündən inkişaf eləsin və bu müstəqilliyimiz daimi olsun, həmişə də biz görülən işlərə baxaq, fəxr edək”.
Bəs, Azərbaycanın neft ehtiyatları 3 milyardıncı tonun hasilatına imkan verəcəkmi? X.Yusifzadə nikbin olduğunu söylədi: “Əlbəttə, buna nail olacağıq. Mən bu barədə tədbirdəki çıxışımda da dedim. Hesablanıb, Allah qoysa, 60-cı illərdə 3 milyardıncı barel neft olacaq”.
Xoşbəxt Yusifzadə “Yeni Müsavat”a açıqlamasında doğum gününü məxsusi qeyd etmədiyini də bildirdi: “Yubiley deyil ki. 90 yaşadək yaşasam, onda qeyd edərik”.
