|
Bu gündən havalar kəskin pisləşir - dövlət qurumları qara hazırdırmı...

Sinoptiklər hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 11-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək...

Məlumdur ki, Azərbaycanda qış fəsli elə də sərt keçmir. Qar yağanda isə bunun ömrü maksimum 5-10 gün çəkir. Ancaq bu müddət ərzində bir sıra kommunal xidmətlərdə ciddi problemlər yaşanır. Məsələn, hələ qar yağmayıb, amma Bakı və Abşeronun bir çox hissələrində ötən bir həftə ərzində qaz problemi olub.

Dövlət qurumlarının kəskin hava şəraitinə necə hazırlaşdıqları ilə maraqlandıq.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev ile ilgili görsel sonucu

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev havalar soyuduqca təbii qazın həcminin və təzyiqinin artırıldığını, qarlı, soyuq havalarda əhalinin qazla bağlı heç bir problem yaşamayacağını bildirdi: “Qaz təsərrüfatında bütün işlər görülüb. Artıq yaz aylarından başlayaraq qış aylarında, havaların soyuq şaxtalı keçdiyi dönəmdə istehlakçıların qaz təchizatını fasiləsiz təmin etmək məqsədilə qaz təsərrüfatında xeyli işlər görülüb. Bu işlər artıq yekunlaşdırılıb. Gündəlik olaraq da işlərimiz davam etdirilir, təhlükə yaradan hissələr aradan qaldırılır və istehlakçılara qaz nəql etmə sisteminin yaxşılaşdırılması məqsədilə işlər aparılır. Havalar soyuduqca təbii qazın həcmi də artırılıb. Bundan sonra da şaxtalı, soyuq hava olduqda istehlakçılara verilən təbii qazın həcmi artırılacaq və tələbata uyğun təmin ediləcək. ”Azəriqaz" İstehsalat Birliyinin təmir və tikinti idarəsinin işçi heyəti avadanlıq və maşın mexanizmi ilə tam təmin edilib. Əgər qəza halları baş verərsə, işçi heyəti dərhal aradan qaldıracaq".

İlgili resim

“Azəristiliktəchizat” ASC-nin  Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev mövcud qazanxanaların iş prinsipinin üç parametrdən - təbii qaz, su və elektrik enerjisindən asılı olduğunu dedi: “Artıq noyabrın 15-dən bizim istilik mövsümümüz başlayıb. Qazanxanalarımız tam rejimdə işləyir. Heç bir problem yoxdur. Mövcud parametrlərə uyğun 2017-2018-ci il payız qış mövsümü üçün nəzərdə tutulan bütün yaşayış binaları, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və digər sosial obyektlər bu gün normal rejimlə istiliklə təmin olunublar. Havaların necə keçməsindən asılı olmayaraq heç bir fasiləyə yol vermədən istilik rejimi davam etdiriləcək. Sadəcə, hava soyuq keçəndə ətraf mühitin temperaturundan asılı olaraq qazanxanalardan binalara ötürülən istiliyin temperaturu müəyyən qədər artırılır. Bu, təsdiq olunmuş temperatur qrafikinə uyğun olaraq həyata keçirilir. Eyni zamanda mövcud qazanxanaların iş prinsipi qaz, su və elektrik enerjisindən asılıdır. Yəni bunların verilməsində hər hansısa bir fasilə olmasa, bütün qazanxanalarımız fasiləsiz normal rejimdə işləyəcək”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ile ilgili görsel sonucu

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, soyuq havalarda problem yalnız Bakıətrafı qəsəbələrdə yarana bilər: “Biz soyuq və qarlı havaya tam hazırıq. Anbarlarımızı, xətlərimizi, şəbəkələrimizi hazır vəziyyətə gətirmişik.  Hava şaxtalı olsa belə su təchizatında heç bir problem olmayacaq. Problem Bakıətrafı qəsəbələrdə ola bilər. Xüsusilə də bu ərazilərdə yerləşən həyət evlərində su xətləri yerin üstü ilə çəkilib. Onlar dona bilər. Biz orada yaşayan insanlara hər il tövsiyə edirik ki, o xətlərin donmaması üçün ya yerin altına basdırsınlar, ya da ki, onun üzərinə izolet çəksinlər ki, donmaya qarşı davamlı olsun. Amma bizim ”Azərsu" ASC-nin xətlərinin, şəbəkələrinin hamısının xətləri yerin altı ilə çəkilib. Ona görə də bu xətlərin donma ehtimalı yoxdur".

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəhbəri Anar Nəcəfli ile ilgili görsel sonucu

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəhbəri Anar Nəcəfli qarlı havaya 100 faiz hazır olduqlarını, amma buna baxmayaraq, yollardakı problemlərin qaçılmaz olduğunu bildirdi: “Ümumiyyətlə, qarlı və şaxtalı havalarda hər hansı problemlərin olması qaçılmazdır. Hər hansı bir qurum desə ki, 100 faiz biz hazırıq, bu o demək deyil ki, yolda hansısa bir problem yaşanmayacaq. Çünki qış fəslidir və xəbərlərdən də görürük ki, dünyanın hər yerində problem yaranır. Biz qurum olaraq 100 faiz hazırıq. Texnikalarımız hazır vəziyyətdədir, istənilən qədər qum, duz ehtiyatımız var. Bütün enişli-yoxuşlu yollar nəzarətə götürülüb. Ora da qum-duz qarışığından ibarət topalar yığılıb. Qış fəsli hələlik Bakı şəhərində elə də hiss olunmasa da, xeyli müddətdir ki, dağlıq ərazilərdə özünü göstərir. Orada da mütəmadi olaraq bizim əməkdaşlarımız, texnikalarımız tərəfindən qarın təmizlənməsi və yollara  nəzarət aparılır. İstənilən halda müəyyən yollarda bizdən asılı olmayan səbəblərdən problem olacaq. Sürücülərimizdən də çox şey asılıdır. Avtomobil əgər hələ də yay şinləri ilə idarə olunursa, istənilən halda yollardakı qar təmizlənsə də, təmizlənməsə də, həmin avtomobillərin hərəkətində problem yaranacaq. Bizim sürücülərimiz bəzən bu nüansa bir az laqeyd yanaşırlar. Əgər havanın temperaturu artıq 7 dərəcədən aşağı düşürsə,  mütləq şəkildə qış şinlərinə keçilməlidir. Hazırda havanın temperaturu 7 dərəcədən aşağı düşdüyünə görə qar yağdı, yağmadı, qış şinlərindən istifadə olunmalıdır ki, gələcəkdə problemlər yaşanmasın”.