Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiya sədrlərinin ikinci görüşündə növbəti görüşlərdə müzakirəsi üçün konkret mövzunun əvvəldən təklif və müəyyən edilməsi barədə razılıq əldə olunub. Qeyd edək ki, Əli Həsənovla görüşdə iştirak edən partiyalardan səkkizi eyni blokda- “Azadlıq-2015" seçki blokunda təmsil olunur. Blokun növbəti görüşdə Qarabağ, siyasi məhbuslar, yoxsa seçkilər mövzusundan hansının müzakirəyə çıxarılmasını istədiyini araşdırdıq.
Blokda təmsil olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, hər bir görüşdə prioritet mövzu olacaq. Ancaq digər ictimai-siyasi məsələlərə toxunulması da istisna edilmir: “İstər adını çəkdiyiniz vacib mövzular, istər partiyaları maraqlandıran bütün məsələlər prinsip etibarilə qaldırıla bilər. Amma belə bir razılıq var ki, hər görüşdə konkret aparıcı mövzu qoyulsun.
”Azadlıq-2015" seçki blokunun Siyasi Şurasının 18 fevralda keçirilən toplantısında Prezident Administrasiyasının təmsilçisi ilə siyasi partiyaların görüşü, görüş ətrafında yaranmış vəziyyət müzakirə edilib. Proses ümumən pozitiv dəyərləndirilib. Habelə prosesin ölkədə siyasi qüvvələr arasında dialoq mühitinin yaradılması və reallaşması ilə bağlı tərəfinin dərinləşdirilməsi məqsədəuyğun sayılmışdır. Toplantıda PA və siyasi partiyalarla növbəti görüşün əsas tematikasının seçki islahatına həsr edilməsi təklifinin rəsmiləşdirilməsi və təklifin təşkilatçılara göndərilməsi barədə qərar qəbul edilib. Bu məsələ ilə əlaqədar prosesdə tərəf olan siyasi partiyaların ayrıca görüşünün keçirilməsi də maraqlı sayılıb və bu istiqamətdə məsləhətləşmələr aparılması faydalı hesab edilib".
Blokun digər üzvü Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirdi ki, növbəti dialoqda onun “Azadlıq-2015" seçki bloku adından danışmaq səlahiyyəti yoxdur: ”Bizim partiya mövqeyimizə gəldikdə, onu deyə bilərəm ki, bir neçə gün əvvəl blok təsisçiləri adından prezidentə, birinci xanıma və başqa bir instansiyaya siyasi məhbus problemi ilə bağlı məktub göndərmişik. Siyasi məhbus mövzusunda müzakirəmiz hörmətli Əli Həsənovla artıq baş tutub. Bizim bu mövzu cari gündəliyimizin bir hissəsidir. Digər 2 mövzu isə aktualdır. İstənilən biri ətrafında dialoq qarşılıqlı faydalı ola bilər".
Əli Əliyev Milli Şuranın hakimiyyətlə siyasi partiyaların görüşünü siyasi şou adlandırmasına da münasibət bildirdi: “Milli Şuranın bu mövqeyini bölüşmürəm. Əvvəla, onların mövqe ifadə etmək haqqını tanıdığımı bildirirəm. Hamı, xüsusən də siyasi subyektlər istənilən prosesə münasibət ifadə edə bilər. Hamının eyni cür düşünməsi mümkün deyil. Bəyanata gəldikdə isə, əvvəlki mövqedən bir qədər korrekt fikirlər ifadə edilib. Bundan əvvəl o prosesdə müxalifətin olmadığını deyən tərəf, indi mövqeyinə fərqli baxır. Görüş tərəfləri arasında hamının qeyri-müxalifət olduğunu daha iddia etmirlər. Bu artıq onların pozitiv inkişafıdır. Prosesin özünə verilən qiymətlə qəti razı deyiləm. İctimai etimadın azaldılması üçün göstərilən cəhddir. Öz tərəfimdən deyə bilərəm ki, iqtidar rəsmisi, hörmətli Əli Həsənov ilə əsasən fəal partiyalar arasında keçirilən görüşü yüksək qiymətləndirirəm. Bu son 10-15 ilin ən vacib siyasi təmasıdır. Fikrimcə, tərəflər, ilk növbədə iqtidar siyasi iradə və ardıcıllıq nümayiş etdirsə, demokratiyanın inkişafı baxımından yeni siyasi dövrün iştirakçısı və tərəfi olacağıq.
Kimlərsə hesab edirsə ki, prosesin pərdəarxasını yalnız onlar bilir, dərindən yanılırlar. Bu görüşlər, bütövlükdə proses qarşılıqlı maraqlara xidmət edir, qarşılıqlı münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəltmək şansına malikdir. Kimlərinsə özünütəcrid siyasətini bölüşmürük və inkarçılığı məhsuldar siyasi taktika hesab etmirik. Xarici müdaxilənin aləti olmaqdansa, öz vətəndaşlarımızın apardığı prosesdə yer almaq o quruma da, cəmiyyətə də fayda vermiş olardı".//Musavat.com
