Son bir həftədə sosial şəbəkələrdə haqqında ən çox danışılan mövzulardan biri “Bozun 50 çaları” filmidir.
Axşam.az xarici KIV-ə istinadən xəbər verir ki, sevgililər günündə bütün dünyada, eləcə də Azərbaycanda nümayişi başlayan erotik məzmunlu filmin eyniadlı romanı satış rekordları qırsa da, kinodan gözlənilən nəticə əldə edilməyib.
Büdcəsi 40 milyon dollar olan “Bozu 50 çaları” ABŞ və Kanadada ilk üç gündə 85 milyon dollar gəlir gətirərək həmin gün ekranlara çıxan filmlər arasında rekorda imza atsa da, “bütün dövrlərin ən qazanclı debütü” siyahısında çox geridə qalıb. Sözügedən siyahıda film 50-ci yerdə dayanıb. Rekord isə 207 milyon dollar qazancla “Məğlubedilməzlər” (The Avengers) filminindir.
İngiltərə yazıçısı Erika Ceymsin eyniadlı romanı əsasında çəkilən film tənqidçilər tərəfindən də “darmadağın” edilib.
Xatırladaq ki, filmdə baş qəhrəman Anasteyşa Stil xəstələnən rəfiqəsinin xahişi ilə cazibədar milyarder Kristian Qreydən müsahibə almağa gedir. Çox da uğurlu alınmayan müsahibədən sonra Anasteyşa cavan milyarderlə bir daha görüşəcəklərini ağlına belə gətirmir. Gözlənilmədən Qrey gənc qızın işlədiyi mağazada peyda olur və bu gəliş onların tanışlıqlarını davam etdirir. Müddət keçdikcə Anasteyşa varlı Qreyin gizli seksual hissləri haqda öyrənir...
Filmdəki obrazları aktyorlar Ceymi Dornan, Dakota Conson, Lyuk Qrayms, Viktor Rasuk, Eloiza Mamford, Marşa Qey Harden, Rita Ora, Maks Martini, Kallum Kit Renni, Cennifer İli və başqaları canlandırıb.
