|
2018-də həllini gözləyən iqtisadi məsələlər...

Daha bir ili arxada qoymaq üzrəyik. Ağır böhran ilinin ardından gələn 2017-ci il bir çox hadisələrlə yadda qaldı. Ötən sayımızda 2017-ni bizim üçün əlamətdar edən, insanların sosial durumunu sabitləşdirəm iqtisadi proseslər barədə tanınmış iqtisadçıların rəyini təqdim etdik. Bu dəfə isə il ərzində hamımızı narahat edən, 2018-dən həllini gözlədiyimiz problemlər barədə dəyərli ekspertlərimizin mövqeyini diqqətinizə çatdırırıq.

Milli Məclisin üzvü,  İqtisadi və Sosial innovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli: “Ümumiyyətlə götürdükdə Azərbaycanda 2017-ci il özündən əvvəlki 2015 və 2016-cı illərlə müqayisədə bir sıra cəhətdən iqtisadiyyat üçün nisbi sabit il kimi səciyyələndirilə bilər. Bununla belə, 2017-ci ilin iqtisadi və sosial nəticələri qlobal iqtisadiyyatda və ölkə iqtisadiyyatında gedən proseslərin məntiqindən doğan reallıqları özündə əks etdirməklə, Azərbaycan iqtisadiyyatında həm mənfi, həm də müsbət sayıla bilən meyllər özünü göstərmiş oldu. Ona görə də hökumət öz proqnozlarında əvvəlcə 2017-ci il üçün 1 faizlik artım proqnozlaşdırsa da, bir sıra amillərin təsiri nəzərə alınaraq sonradan bu göstəricini 0,3 faizə endirdi. Bu ilin yekun göstəricisi hələ məlum olmasa da, bu günə fakt budur ki, ötən illə müqayisədə 2017-ci ilin 11ayında ÜDM 0,2 faiz aşağı düşüb. Bu baxımdan, fikrimizcə, 2017-ci ilin mənfi yüklü tendensiyalar arasında aşağıdakı məqamlar daha ciddi xarakter daşıyır:

- İqtisadiyyatın qeyri-neft sektorunda 2,6 faizlik rəsmi hökumət proqnozuna uyğun real artım müşahidə olunsa da, neftdən asılılıq iqtisadi və sosial duruma hələ yetərincə təsir gücünə malik olduğundan, ümumilikdə götürdükdə 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də Azərbaycan iqtisadiyyatında staqnasiya elementləri özünü göstərdi və ölkə iqtisadiyyatının vəziyyətini səciyyələndirən inteqral göstərici kimi adambaşına ÜDM istehsalında geriləmə davam etdi.

- 2017-ci il üçün hökumətin birrəqəmli inflyasiyaya hədəflənmiş 7 faizlik proqnozuna qarşı, onun 13 faizi, ərzaq məhsulları üzrə isə 17 faizi ötməsi, gəlirlərin isə cəmi 7 faiz artımı şəraitində əhalinin, xüsusən də aztəminatlı təbəqənin güzəranına ciddi, orta təbəqənin güzəranına qismən mənfi təsir göstərdi.

- Əhalinin və biznes strukturlarının xarici valyutada olan kreditləri ilə bağlı problemin həll edilməmış qalması, problemli kreditlərin həcminin təhlükəli həddə çatmasında, eləcə də 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də maliyyə-bank sisteminin durumunun pisləşməsində xüsusi rol oynadı. Əhali 2017-ci ildə də düşdüyü borc tələsindən qurtula bilmədi".

İqtisadçı-ekspert Pərviz Heydərov: “2017-ci ilin iqtisadi yekunları barədə heç bir fikir qeyd etmədən öncə, keçən ilin sonuna yaxın bu il üçün irəli sürülən gözləntiləri yada salmaq kifayətdir. Belə ki, həmin gözləntilərin məğzi ondan ibarət idi ki, 2017-ci il iqtisadiyyatda bərpa ili olacaq. Yəni iqtisadiyyatda ardıcıl 2 ildir davam edən geriləmə prosesi dayanacaq və stabilləşmə müşahidə ediləcəkdir. Lakin il ərzində bütün problemlər tam həllini tapdı desək, düzgün olmaz. Belə ki, birincisi, ÜDM istehsalı üzrə artım hələ bərpa olunmayıb. Yəni tənəzzülün qarşısı alınıb, lakin cari ilin yanvar-noyabr aylarının yekun göstəricisinə görə, ÜDM istehsalı keçən ilin eyni dövrüylə müqayisədə yenə aşağı təşkil edir: 0,2 faiz...

Doğrudur, bu göstərici keçən il müvafiq olaraq 2015-ci ilin 11 ayının göstəricisi ilə müqayisədə 3,9 faiz təşkil edirdi. Bu il sözügedən rəqəm 100 faizə yaxınlaşsa da (99,8 faiz) onu keçməyib. Bu isə bir daha onu deməyə əsas verir ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunması üçün istehsalın bərpası və artması prosesi hələ bir az da dərinə işləmələdir. Və bundan ötrü ilk növbədə valyuta gəlirlərimizin neftdənkənar ixrac potensialımızdan asılı olması tələb edilir.

İkincisi, cari ildə inflyasiya amili ikirəqəmli səviyyəsini qoruyub saxladı. Başqa sözlə desəm, ölkədə inflyasiyanın səviyyəsi ümumən sabit qalsa da, rəqəmlər hələ ki tempin azalmaq istəyində olmadığını nümayiş etdirdi. Belə ki, 2017-ci ilin yanvar-oktyabr aylarının nəticəsinə əsasən, istehlak məhsulları ilə xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz təşkil etmişdir ki, keçən il bu rəqəm müvafiq olaraq, 12,1 faiz idi.

Üçüncüsü isə bank sektorundakı vəziyyətdir. Ölkə iqtisadiyyatında ən ağrılı vəziyyət buradadır. Burada problemlər qalmaqda davam edır. Belə ki, xarici valyuta riskləri və zəif əməliyyat mühiti ölkənin bank sektorunda əsas maneə yaradan amil sayılır. ÜDM istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın yüksəlməsi cari ildə banklar tərəfindən kreditləşdirməyə mane olmaqda davam etmişdir. Kreditləşdirmə olmadan isə bankların sağlamlığından söhbət gedə bilməz. Vaxtilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca şişməkdə davam edir.... Kredit portfelinin az qala 20 faizə yaxın hissəsi problemli sayılır".

Image result for İqtisadçı-ekspert Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyev: “Yola saldığımız ilin əsas tendensiyası inflyasiyanın yüksək olması oldu. İl ərzində ikirəqəmli həddə olan inflyasiya  14 faizə qədər artmağa müvəffəq olub. Bu, son 10 ildə ən yüksək nəticə idi.

İkinci əsas tendensiya bank sektorunda problemlərin getdikcə pisləşməsi və buna görə iqtisadiyyatın pulsuzlaşması oldu. Bankların aktivləri 10 ay ərzində 16 faiz azalaraq  31,4 milyarddan 26,3 milyard manata düşüb. Bank sektorunda ixtisarlar davam etdi. İşçilərin sayı 17 mindən 16,5 minə, filialların sayı isə 569-dan 556-ya düşüb. 2016-cı ilin sonu ilə müqayisədə kredit qoyuluşu 16,4 milyarddan 12,2 milyard manata düşüb. Problemli kreditlərin həcmi 1,5 milyarddan 1,9 milyard manata yüksələrək tarixi rekord həddə çatıb.

Fiskal qaydaların hələ də qəbul edilməməsi fonunda Neft Fondundan dövlət büdcəsinə transfertin artırılmasını və bununla da büdcənin neft glirlərindən asılılığının artırılmasını da arzuolunmaz tendensiya kimi qəbul edirəm".

Image result for Azər Mehtiyev

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev: “Yola saldığımız il bir sıra iqtisadi hadisələrlə yadda qaldı. 2016-cı il ağır böhran ili olmuşdu. 2017-ci il əvvəlki ildən qalan hadisələrin təsiri altında baş verən proseslərlə zəngin oldu.

Ən ciddi hadisə bank sektorunda baş verən proseslərdir. Xüsusilə də Beynəlxalq Bankın sağlamlaşdırılması üçün görülən işlər çərçivəsində onun 3 milyard dollar həcmində təminatsız kreditini, həmçinin 10 milyard manata yaxın həcmdə toksik aktivini dövlətin üzərinə götürməsini qeyd etmək olar. Bunlar azmış kimi, Dövlət Neft Fondunun 1,3 milyard dolları Beynəlxalq Bankda yerləşdirildi.

Bank sektorunda böhran davam edir, burada inhisarçılıq qalır.

Digər mühüm hadisə mülkiyyət hüququ ilə bağlıdır - məhkəmə təminatının pisləşməsi baxımından. Bu, nümayəndəlik institutunun ləğvi, vəkillərin sayının az olmasıdır. Banklarda problemli kreditlərin artması yaxın illərdə bu problem üzrə məhkəmə çəkişmələrinin də sürətlə çoxalacağından xəbər verir. Nümayəndəlik institutunun ləğvi isə vətəndaşları keyfiyyətli hüquqi yardımdan məhrum edir.

Üçüncü hadisə SOCAR-ın durumu ilə bağlıdır. Neftin qiymətinin düşməsi şirkətin borclarını artırdı, bu isə beynəlxalq reytinq agentliklərinin onun reytinqlərini aşağı salması ilə nəticələndi".

Image result for Qubad İbadoğlu

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu: “Əvvəla, çox təəssüf ki, ötən ilin sonlarında kifayət qədər böyük gözləntilərlə qəbul edilən yol xəritələri ya pis icra olundu, ya da icra olunmadı. Bu, bütövlükdə götürəndə həm də islahatlarla bağlı gözləntiləri azaltmış oldu. Yol xəritələri islahat paketinə çevrilə bilmədi.

İkinci tendensiya neftdən asılılığın yenidən güclənməsidir. Gələn ilin büdcəsində neftin payı xeyli artmış oldu. Təəssüflər olsun ki, hökumət yenidən bir neçə il əvvəlki siyasətinə qayıtdı.

Üçüncü tendensiya kimi inflyasiyanın yüksək olması və işsizliyin artmasını qeyd etmək olar. İllik 14 faizə yaxın olan inflyasiya insanların azalan gəlirlərinin həm də dəyərdən düşməsinə səbəb oldu. İl ərzində rəsmi statistik məlumatlara görə, 50 minə yaxın iş yeri bağlandı, işsizlərin sayı artdı".