|
Qarabağa görə 2018-ci il üçün əsas hədəfimiz

Artıq 2017-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafında yenə də çox saylı müzakirələr, danışıqlar aparıldı, fərqli proqnozlar verildi. Ancaq münaqişənin həlli bu il də mümkün olmadı.

Xarici və yerli ekspertlər problemlə bağlı 2018-ci il üçün fərqli proqnozlar verirlər. Onlardan bəziləri hesab edirlər ki, növbəti il cəbhə xəttində gərginlik artacaq. Bunun əksini düşünənlər isə bildirirlər ki, 2018-ci il Rusiyada, Azərbaycanda və Ermənistanda prezident seçkiləri keçiriləcəyinə görə müharibə də gözlənilmir.

2017-ci ildə bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlər keçirildi. Lakin bu təmasların da nəticəsi olmadı. Ancaq ordumuzun hərbi potensialının inkişafı baxımından bu il də xeyli sayda addımlar atılıb, təlimlər keçirildi. Bundan başqa, 2017-ci ildə Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində işlər görüldü, orada sakinlərin yaşaması üçün lazımı şərait quruldu. Hazırda da bu istiqamət üzrə işlər davam etdirilir.

Image result for Elxan Şahinoğlu

Bəs 2018-ci il üçün seçimimiz nə olacaq, hərbi əməliyyatlar başlaya bilərmi? “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, 2017-ci ili Qarabağ münaqişəsi baxımından itirilmiş illərdən biri sayır: “2016-cı ilin aprel döyüşlərindən sonra cəmiyyətin bir hissəsində belə bir gözlənti vardı ki, bu hadisələrdən sonra böyük dövlətlər Ermənistan hakimiyyətinə, nəhayət ki, təzyiqlər edəcəklər. Lakin ardınca prezidentlərin Vyana və Sankt-Peterburqda keçirilən görüşləri nəticəsiz qaldı. Hadisələrin gedişatı da göstərdi ki, Rusiyanın əvvəl olduğu kimi, Ermənistana təzyiq və təsir etmək fikri yoxdur. 2017-ci ildə də heç bir böyük dövlət Ermənistana təzyiq etmədi ki, onlar Qarabağ ətrafındakı rayonları boşaltsınlar. Təzyiq olmadığı təqdirdə isə Ermənistan geriyə heç bir addım atmır. Ermənistanda hazırda iqtidarda olan və torpaqlarımızın işğalında, Xocalı soyqırımında bilavasitə iştirak edən hakimiyyət, heç zaman geri addım atmayacaq. Ona görə də mütləq şəkildə təzyiq olmalıdır. Təzyiqi isə ordumuz etməlidir. Bu il müəyyən toqquşmalar oldu, hərbi gücümüz artırıldı. Görürük ki, sülh danışıqları nəticə vermir. Bu günlərdə Bakıda keçirilən beynəlxalq simpoziumda Qarabağ mövzusu da müzakirə edildi. Orada Rusiyanın məşhur jurnalisti Maksim Şevçenko da iştirak edirdi. Müzakirələr əsnasında Maksim Şevçenko dedi ki, zaman Azərbaycanın lehinə işləyir. Deməsinə görə, bölgədə Rusiya-Türkiyə-İran əməkdaşlığı da var və bir qədər gözləmək lazımdır. Mən ona dedim ki, 25 ildir gözləyirik, ancaq nəticəsi yoxdur. Müharibə də etmək istədik, yenə Rusiya bizə təzyiq etdi və məsələ bitdi. Yəni indi də Rusiyanın mövqeyində Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir dəyişiklik yoxdur. Amerika və Fransanın da mövqeyi dəyişməz olaraq qalıb”.

Politoloq 2018-ci ilin seçki ili olmasını vurğulayaraq, aşağıdakıları söylədi: “Prezident seçkiləri ərəfəsində danışıqlarda irəliləyiş gözləmək əbəsdir. Toqquşma ola bilərmi? Məntiqlə bu da olmamalıdır ki, seçkiləri yola verə bilsinlər. Ancaq bəzən hadisələr məntiqdən kənarda istiqamət götürə bilər. 2016-cı ildə də Azərbaycanda böyük yarışlar keçiriləcəkdi və kimsə də toqquşmanın olacağını düşünmürdü. Lakin gördük ki, toqquşma baş verdi. Bu baxımdan yanaşsaq, seçki ili olsa belə, toqquşma ehtimalının olmayacağını söyləmək çətindir. Hər halda, genişmiqyaslı hərbi əməliyyatlar da gözləmirəm. 2016-cı ilin aprelində Azərbaycana güclü təzyiqlər oldu. Bunun nəticəsində savaş 2 həftə deyil, 4 gün çəkdi. İndi bəzi politoloqlar deyirlər ki, 2018-ci ildə Rusiyanın başı qarışıq olacaq. Guya belə olmayanda Rusiya münaqişənin həllini sürətləndirəcəkmi? Medvedyev prezident olan zaman tərəflər arasında 10 görüş təşkil etdi, ancaq nəticə olmadı. Fakt bundan ibarətdir ki, Rusiyanın siyasi və hərbi mərkəzləri Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə, ədalətli formada həll etmək istəmir. Qorxurlar ki, bu halda Azərbaycan və Ermənistana təsir imkanlarını itirərlər. Ona görə də münaqişəni olduğu kimi saxlayırlar. Maksim Şevçenko da açıq şəkildə söylədi ki, Moskvanın Ermənistan hakimiyyətinə təsir etmək kimi bir planı yoxdur. 2018-ci ildən də əsaslı nə isə gözləmirəm. Hərbi gücümüzü artırırıq və təzyiqləri də artırmalıyıq. Cəbhə bölgəsində gərginliyi daim gücləndirməliyik ki, ermənilər anlasınlar ki, müharibə şəraiti davam etdikcə onları rahat həyat gözləmir. Görürük ki, sosial vəziyyətləri də ağırlaşır və erməni gənci döyüşüb, ölmək istəmir. Ona görə də növbəti il də təzyiq siyasətimizi davam etdirməliyik”.

Hərbi ekspert Tərlan Eyvazov isə “Yeni Müsavat”a bildirdi ki, bu il də Azərbaycanın hərbi büdcəsi ötən illə müqayisədə artırılıb: “Azərbaycan ordusu daima dünyanın müasir silahları ilə təchiz edilir. Eyni zamanda ordumuzun hərbi təlimləri də çox yüksək səviyyədə davam etdirilir. Bütün bunlar da bizim uğurumuzudur. 2016-cı ildə Türkiyədə baş verən məlum hadisələrə görə qardaş ölkə ilə birgə təlimlərimiz keçirilmədi. Bu il isə istər xüsusi təyinatlıların, quru qoşunlarının, istərsə də hərbi hava qüvvələrinin birgə təlimlərinin şahidi olduq. Bu təlimlər NATO standartlarına uyğun səviyyədə aparılır. Həmçinin Gürcüstan, Pakistan ordusu ilə də bizim yaxın əlaqələrimiz var. Düşünürəm ki, rusiyalı ekspertlərin söylədiyi kimi 2018-ci il prezident seçkiləri ilində geniş formada hərbi əməliyyatlar olmayacaq. Ancaq bütün bunların fonunda sülh yönümündə danışıqlar intensivləşəcək. Bu, mütləqdir. Çünki hər üç dövlət rəhbərinin bu və ya digər şəkildə danışıqlarda marağı var. Azərbaycana istər Qərb, istərsə də Rusiya tərəfindən basqılar olunur. Bütün dünya institutları bəyanat verirlər ki, Azərbaycan gücə əl atmamalıdır. Ermənistan aldığını alıb və oturub torpaqlarımızda, dünyaya da özünü sülhpərvər kimi göstərir. Təbii ki, gücə əl atan tərəf biz olmalıyıq. Azərbaycan xarici siyasətində də redaktələr etməli və prosesi intensivləşdirməlidir. Bu günə qədər aparılan danışıqlar nəticəsiz qalıb və irəliləyiş əldə olunmayıb. Ermənistan tərəfinin isə mövqeləri möhkəmlənib. Ona görə də hesab edirəm ki, 2018-ci ildə xarici siyasətimizdə mütləq şəkildə dəyişiklik etməliyik. Bunlardan biri torpaqlarından qovulan insanlarımızın önə çıxarılmasıdır. Çünki dünyada belə bir inam formalaşıb ki, müharibə bitib, atəşkəs var və bunun fonunda  sülh danışıqları mütləqdir. Dünyanın böyük bir hissəsi Azərbaycan torpaqlarının 20 faizinin işğalda olduğundan, 1 milyon qaçqınımızın mövcudluğundan xəbərsizdir. Ona görə də biz mütləq bu faktoru önə çəkməliyik. Hər şeyi dövlətin üzərinə yıxmaq olmaz. Bu məsələdə Azərbaycan ictimaiyyəti, məcburi köçkünlər, fəal təşkilatlar öndə olmalıdırlar. Avropa, Rusiya mətbuatında da proseslər geniş şəkildə işıqlandırılmalıdır. Hazırda yayılan informasiyaların əksəriyyəti birtərəfli gedir. Bu isə işimizin zəif qurulmasından irəli gəlir. 2018-ci ildə bu istiqamətdə də ciddi işlər aparmalıyıq”.