Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017-İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfransın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib, nitq söyləyib.
“İslam Həmrəyliyi ili”nin yekunlaşması ilə əlaqədar keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Beynəlxalq konfransda 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir”.
İlham Əliyev bildirib ki, Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında, İslam həmrəyliyinin əldə olunmasında öz rolunu davam etdirəcək. O qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurur, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib.
Azərbaycan son illərdə multikulturalizm, İslam həmrəyliyi, dini tolerantlıq mövzularına geniş dəstək verir. Məsələ ondadır ki, Azərbaycanın bunun üçün müəyyən mənada tarixi əsası var. Çünki ölkəmizdə tarix boyu müxtəlif xalqların və eləcə də dinlərin, məzhəblərin təmsilçiləri yaşayıb. Səmavi dinlərin hər üçünün Azərbaycanda qədim dövrlərə dayanan tarixi var.

Hazırda dünyada ildən-ilə dini və etnik dözümsüzlüyün artdığı, ekstremizm meyllərinin gücləndiyi bir zamanda, xüsusən də müsəlman aləmində dini və etnik münaqişələrin qızışdığı bir dövrdə Azərbaycan bir növ “sabitlik və dözümlülük adasına” çevrilib. Müəyyən kiçik radikal qruplar, terrorçu fəaliyyətlər olsa da, ümumilikdə xalq dözümsüzlüyə meylli olmadı. Bu da hökumətə imkan verdi ki, Yaxın Şərqdə məzhəb müharibəsinin qızışdığı bir zamanda Bakıda sünni və şiələrin bir sırada dayanıb namaz qılmasını təmin etsin, dini ekstremizmin ölkədə ayaq açmasının qarşısını alsın. Bunun üçün son illərdə Azərbaycan hökuməti bir sıra qlobal miqyaslı layihələr həyata keçirib.

2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunub. Hər iki il ərzində geniş miqyaslı tədbirlər həyata keçirilib. 2017-ci il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib və Bakıya 40-dan çox ölkədən 3 mindən çox idmançı və minlərlə azarkeş gəlib. Hazırda müsəlman dünyasında ölkələr, xüsusən də ənənəvi dini mərkəzlər hesab olunan ölkələr İslam üzərindən həddən ziyadə sayıla biləcək siyasi fəaliyyətlər apardığından nəticə etibarı ilə indi müsəlman ölkələri arasında dərin uçurum yaranıb. Bütün müsəlman icmalarına xitab edəcək ölkə demək olar ki, qalmayıb. Səudiyyə Ərəbistanı, Misir, İran, Türkiyə kimi ölkələr son illərdə davam edən münaqişələrin fonunda kəskinləşən qütbləşmədə tərəflərə çevrilib. İstənilən halda bu ölkələrin ümumislam həmrəyliyi iddiası ilə çıxış etməsi ən azından, rəqibləri tərəfindən qəbul olunmur.

Bu mənada Azərbaycan daha şanslıdır. Çünki birincisi, Azərbaycan münaqişələrdən nisbətən kənardadır, müsəlman ölkələri klubuna yeni qoşulub. Üstəlik, ölkəmizdə müxtəlif məzhəb və dinlərin təmsilçiləri yaşadığı üçün Azərbaycan İslamın fərqli dini cərəyanları ilə hansısa bağlara sahibdir. İndi isə Bakı bu “təbii üstünlüyü” daha da gücləndirərək həm ölkə daxilində sabitliyi qorumaq üçün istifadə etməyə çalışır, həm də bu “milli sərvət”dən xaricə çıxışda yararlanmaq istəyir. Hazırkı dünyanın ən çox ehtiyac duyduğu məhz birgəyaşayışdır.
Bundan başqa, İslam həmrəyliyi yönündə fəaliyyət Azərbaycanı 57 ölkədən ibarət müsəlman ölkələri klubunda söz sahibi edə bilər. Çünki sirr deyil ki, müsəlman ölkələri bu faktorlara diqqət yetirirlər. Yəni Azərbaycanın şərtləri onun bütün müsəlman ölkələrini qucaqlamasına imkan verir. Bu mənada indi Azərbaycan müsəlman aləminin yeni birlik və bərabərlik mərkəzinə çevrilmək üçün ən uyğun ölkədir.
