|
Xətaidəki yanğınla bağlı axtarışda olan şəxsə HÖKM OXUNDU

Xətaidə 9 mərtəbəli yaşayış binasında baş verən yanğına görə axtarışda olan və daha sonra həbs edilən Məmməd Vəliyevin məhkəməsi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən Məmməd Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Xatırladaq ki, prokuror çıxışında Məmməd Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

 

Qeyd edək ki, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib.

 

Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Hadisə nəticəsində insan itkisi baş verməyib. Xeyli sayda mənzil yararsız vəziyyətə düşüb.

 

Bu iş üzrə şirkətin rəhbəri kimi təqdim edilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs edilib.

 

Bu şəxslərin məhkəməsi davam edərkən Nüsrət Muxtarov həbsxanada ürək tutmasından dünyasını dəyişib.

 

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Fərid Sadıqov və Zaur Əşrəfov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

 

Fərid Sadıqov həbsdə olarkən TNH şirkətinin gerçək rəhbərinin Məmməd Vəliyev olduğunu deyib.

 

Həmin ərəfədə Məmməd Vəliyev ölkəni tərk edib. Məhkəmə onun prosesə məcburi gətirilməsi ilə bağlı qərar da çıxarıb.