|
Aqroparklar Azərbaycana nə verəcək...

Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən tədbirlərin bir istiqamətini də aqroparkların yaradılması təşkil edir. Aqropark kənd təsərrüfatı istehsalının son məhsuladək davamını ehtiva edir. Başqa sözlə desək, aqropark kənd təsərrüfatı məhsulunun istehsalı, emalı, qablaşdırılması, ondan son məhsulun alınması zəncirinin bütün həlqələrinin bir ərazidə qurulmasıdır.

Niyə aqropark?

Aqroparkı aqrar sektorun digər təsərrüfatçılıq formalarından daha üstün edən əsas cəhət elə budur - istehsal-emal-logistika-marketinq qapalı zənciri yaranır, qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında çalışır ki, nəticədə ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə müəssisənin rəqabətə davamlılıq qabiliyyəti təmin olunur. Aqroparklarda müasir texnika və metodların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün şərait yaranır, ortaq xərclər minimuma endirilir. Həmçinin nəqliyyat xərcləri və enerji sərfi azalır, ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin edilir. Bu təsərrüfatçılıq formasının daha bir üstün cəhəti peşəkar kadrlara tələbat yaratmaqla kənd təsərrüfatı və ərzaq sənayesi üzrə kadr hazırlığını stimullaşdırmasıdır.

Aqroparklar müxtəlif formalarda: ixtisaslaşmış və qarışıq aqroparklar formasında fəaliyyət göstərə bilər. İxtisaslaşmış aqropark - hər hansı bir növ kənd təsərrüfatı məhsulunun istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin bir yerdə qruplaşmasıdır. Məsələn, tərəvəzçilik, bağçılıq, üzümçülük və s. üzrə aqroparklar ixtisaslaşdırılımış aqroparklar formasında fəaliyyət göstərə bilirlər.

Image result for Aqroparklar

Qarışıq aqropark bir neçə növ kənd təsərrüfatı məhsulunun istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında qurulmasıdır. Qarışıq aqroparklarda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalı, habelə onların emalı, logistika, marketinq və xidmət sahələri üzrə zəruri olan fəaliyyətlər vahid ərazidə həyata keçirilə bilər.

Ümumiyyətlə, aqroparklar mürəkkəb istehsal vahidləri hesab olunurlar. Ona görə də onların forması, həcmi və əhatə dairəsi dəqiq hesablamalar əsasında elə seçilməlidir ki, yaradılacaq hər bir aqropark həm iqtisadi, həm də praktiki cəhətdən rəqabət qabiliyyətli olsun, davamlı olaraq inkişaf etsin və yüksək səmərəliliyi ilə seçilsin.

İlk aqroparklar

 Azərbaycanda aqroparklar ölkə prezidentinin 2014-cü il aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılıb. İlk aqroparkın təməli 2015-ci ildə Şəmkirdə qoyulub. “Şəmkir Aqropark” üçün 543 hektar ərazi ayrılıb. Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, hotel və müxtəlif infrastruktur müəssisələrinin inşa olunması nəzərdə tutulur.

İkinci aqropark Yalamada yaradılır. Rəsmi məlumata görə, Xaçmaz rayonunda 523 hektar ərazidə yaradılmış Yalama aqroparkında 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə iri fermer təsərrüfatı, gücü saatda 5 ton olan qüvvəli yem zavodu yaradılıb, tutumu 4.5 min ton olan taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb, su və elektrik enerjisi, qaz, eləcə də müasir texnika və avadanlıqla təmin olunub. Bununla yanaşı, aqroparkda qabaqcıl texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodunun və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur.

Image result for Aqroparklar

İqtisadiyyat Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, Şəmkir və Yalamadan əlavə, hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. İndiyədək 13 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 98,6 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumata görə, ümumilikdə aqroparklar ölkənin 19 rayonunda yaradılacaq.

Nə əldə etməyə çalışırıq?

Azərbaycan aqropark təcrübəsindən istifadə etməklə hansı nəticələr əldə edə bilər? Aqroparkların yaradılması sahəsində dünya təcrübəsi ölkəmiz üçün nə vəd edir? Suallara cavab verən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanda xüsusilə 2014-cü ildən sonra yaranmış iqtisadi vəzityyət qeyri-neft sektorunda əsas prioritet olaraq kənd təsərrüfatının inkişafının seçilməsini məcburi edib: “Aqroparkların yaradılması daha çox intensiv kənd təsərrüfatının inkişafına nail olunması məqsədi daşıyır. Son 15 ildə aqrar sektorun iqtisadiyyatda mövqeyi əhəmiyyətli şəkildə kiçilib. 2000-ci illərin əvvəlində iqtisadiyyatda aqrar sektorun payı 15 faiz idisə, 2010-cu ildən sonra bu göstərici 5-6 faizə düşüb. Burada maliyyə resurslarının məhdudluğu, peşəkarlığın aşağı olması və sairdən ibarət onlarla faktor rol oynayırdı. Bu şəraitdə aqroparkların yaradılmasına prezidentin 2014-cü ildəki sərəncamı əsasında 2015-ci ildən başlanıb”.

Ekspertin sözlərinə görə, aqropark təcrübəsindən dünyanın demək olar ki, bütün aqrar ölkələri geniş istifadə edirlər: Hollandiya, İzrail, Yeni Zelandiya, Malayziya, Avstraliya və sair. Azərbaycanın tətbiq etməyə başladığı aqropark təcrbüəsi ilə beynəlxalq təcrübə arasında isə bəzi fərqlər var: “Bir sıra ölkələrdə aqroparklar özəl təşəbbüslər əsasında yaradılır, Azərbaycanda isə təşəbbüskar dövlətdir. Dövlət fərqli istehsal proseslərinin bir zəncirdə birləşdirilməsi - tarladan süfrəyə prinsipi ilə işlərin qurulması üçün zəruri dəstəyi verir. Burada proseslər dövlət-biznes əməkdaşlığı üzərində qurulub.

Amma məsələn, Hollandiyada aqroparkların yaradılması istehsal proseslərinin əlavə dəyər zənciri ilə birləşdirilməsi yolu ilə aparılır. Bəzi aqroparklarda konkret ərazi məhdudiyyəti tətbiq olunmur.

Azərbaycanda aqroparkların yaradılması strateji yol xəritəsində də əksini tapan öhdəliklərdən biridir. Rəsmi məlumatlara görə, indiyədək aqroparklarda fəaliyyət göstərən investorlar üçün 350 milyona qədər investisiyanın təşviqi sənədi təqdim olunub. Bu sənəd onlara ixrac üçün vergi-gömrük güzəştlərinin edilməsini nəzərdə tutur. Təxminən 13 aqropark üzrə işlər yekunlaşmaq üzrədir. Artıq bir sıra aqroparklar özəl təşəbbüslər əsasında yaradılır".

R.Həsənov deyir ki, aqroparkların yaradılmasında məqsəd bir ərazidə istehsal şəraitinin (kommunikasiya, infrastruktur və sair) yaradılması və potensial istehsalçı-investorların cəlbidir: “Burada istehsalçılar arasında çevik əlaqələr yaradılır ki, istehlakçılara son məhsul təqdim olunsun. Kənd təsərrüfatı məhsullarının intensiv yolla istehsalını stimullaşdıran bir təcrübədir. Hansı ki, son illərdə Azərbaycanda aqrar istehsal sırf ekstensiv - istehsal ərazisinin genişləndirilməsi yolu ilə artırılıb. Aqroparklarda isə yüksək texnologiyaların, metodların tətbiqi ilə intensiv istehsalın genişləndirilməsi sistemi qurulur. Hələlik aqroparkların aqrar istehsalda payı çox cüzidir, lakin düşünürəm ki, yaxın illərdə biz bu payın əhəmiyyətli həcmə çatacağını görəcəyik”.