|
Düşmənin qorxulu röyası - Azərbaycanın silah istehsalı

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun son açıqlamaları şübhəsiz ki, Ermənistandakı narahatlığı daha da artıracaq. Nazir ölkəmizin yeni silahlar istehsal etdiyini açıqlayıb. “İsrailin ”Aeronautika" şirkəti ilə birgə müəssisə yaratmışıq və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edirik"-nazir bildirib.

Y.Camalov həmçinin deyib ki, Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır:“Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin başqa şirkətləri və digər ölkələrin müvafiq qurumları ilə bir sıra layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələrə əsasən 23 mm-lik snayper tüfəngini yaradıb, silahlanmaya daxil etməliyik. Snayper tüfənginin atış məsafəsi 3000 metr olacaq".

Y.Camalov qeyd edib ki, düşmənin PUA-larını endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir: “Eyni zamanda idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək. Habelə kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq. Digər tərəfdən, elektro-impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir və bu işlərin icrasına başlamışıq”.

Nazir onu da deyib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin İsrailin “Aeronautics Defence Systems” şirkəti ilə birlikdə istehsal etdiyi “Zərbə” kamikadze pilotsuz uçuş aparatının (PUA) kumulyativ döyüş başlığı ilə dəstləşdirilmiş konfiqurasiyasının testləri başlayıb. (“AzeriDefence”) Nazir qeyd edib ki, kumilyativ başlıqlı PUA uzaq məsafədən düşmənin zirehli texnikalarının aşkarlanması və məhv edilməsi üçün nəzərdə tutulub.

Image result for “Zərbə-KH” PUA

Qeyd edək ki, “Zərbə-KH” PUA üçün kumulyativ döyüş başlığı MSN-in Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Güclü zirehdəlmə qabiliyyətinə malik bu döyüş başlığının tanklara qarşı da tətbiq oluna biləcəyi söylənilir. Kumulyativ başlığa malik “Zərbə-KH” kamikadze PUA 100 km qədər məsafədə düşmənə zərbə vurmağa imkan verəcək.

Aprel döyüşlərində düşmən PUA-ların nəyə qadir olduğunu görüb. Hətta bundan sonra Azərbaycan-İsrail hərbi əməkdaşlığını pozmaq üçün xeyli cəhdlər göstərildi. İndi Azərbaycan bu silahların istehsalı ilə özü məşğul olursa, deməli, düşmən ölkəni daha acınacaqlı tale gözləyir. Beləcə, düşmənin qorxulu röyası çin olur, Azərbaycan öz müttəfiqləri ilə birgə silah istehsalına başlayır ki, bu da kreditlə silah-sursat alan Ermənistan üçün fəlakətli perspektivlər vəd edir.

Image result for Tərlan Eyvazov

Hərbi ekspert Tərlan Eyvazov bildirdi ki, Azərbaycan qısa müddət ərzində silah istehsalında böyük uğurlar əldə edib:“Dünya gücləri buna uzun illər sərf edib, yeni müstəqillik qazanan Azərbaycan isə artıq xeyli irəli gedib. İlk növbədə istehsal etdiyimiz silahları daxili tələbata yönəltdik. Qarabağ savaşında sovetdənqalma silah və mərmilərin tükəndiyi zaman Ermənistanı müdafiə edən Rusiya bizə mərmi satmağa qadağa qoymuşdu. Ancaq artıq mərmini özümüz istehsal etməyə qadirik. Hətta mərmi və atıcı silahların xaricə, Türkiyə, Pakistan kimi ölkələrə ixracını da təmin edirik. Ukraynanın özü də bizdən bütün kalibrli mərmiləri almaqda maraqlıdır. Təbii ki, vaxt keçdikcə, daha qabaqcıl sənaye müəssisələri qurduq və müasir silahların istehsalına başladıq. Bu müəssisələr müharibə şəraitində bizim ordunun təchiz olunması üçün olduqca gərəklidir. Torpaqlarımız azad edildikdən, müharibə bitdikdən sonra isə həmin müəssisələrdə sülh  şəraiti üçün lazım olan ləvazimatları istehsal edə biləcəyik”.

T.Eyvazov ölkəmizin silah sərgiləri təşkil etməsini də xarici şirkətlərin cəlb olunması baxımından önəmli sayır:“Azərbaycan iki dəfə silah sənayesində iştirak edib, mən şəxsən iştirak etmişəm və böyük marağın olduğunu görmüşəm. Orada bütün dünyanın silah istehsalçıları öz şirkətləri ilə iştirak edirlər. Təbii ki, biz ABŞ, Rusiya, Çin kimi nəhəng silah istehsalçıları ilə yarışa bilmərik. Amma Azərbaycanın bu sahədə önə çıxması üçün böyük imkanları var”.

Ekspert işğalçı ölkənin durumu barədə də danışdı: “Ermənistan öz havadarlarının gücündən istifadə edir. KTMT-nin son bəyanatı da oldu ki, Qarabağ məsələsinin yalnız dinc yolla həlli zəruri sayılır. Yəni bütün dünya çalışır ki, Azərbaycanın hərbi əməliyyatlara başlamasına imkan verməsin. Ancaq Azərbaycan xalqı heç vaxt Qarabağın itirilməsi ilə razılaşa bilməz. O halda savaş qaçılmazdır. Döyüşlər başlasa, heç bir qüvvə Azərbaycanın qarşısında dayana bilməz. Üstəlik, ordumuz atıcı silahların mərmiləri, silahlar və texnika ilə daxili istehsal hesabına təmin olunacaq. Ermənistanda da atıcı silah, pilotsuz aparatlar istehsal edirlər, amma onlar çox zəifdir”.