Rusiya prezidenti Valdimir Putin ABŞ prezidenti Donald Trampa təşəkkür edib. Təşəkkürün səbəbi isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Sankt-Peterburqda terror aktının qarşısının alınmasında rusiyalı həmkarlarına kömək etməsi olub. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Putin Trampdan MKİ rəhbərliyinə və operativ məlumatı əldə etmiş kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib.
Xatırladaq ki, dekabrın 11-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yeni il şənlikləri və prezident seçkiləri zamanı törədilməsi planlaşdırılan terror aktlarının qarşısını alıb. Məlumatlarda qeyd olunur ki, dekabrın 16-da Sankt-Peterburqda terror törədilməsi planlanıb. Bu barədə verilən məlumatda terror hazırlayan 7 nəfərin həbs olunduğu bildirilir. FTX İŞİD-lə əlaqələri olan 7 şübhəli şəxsin həbs olunduğunu, onlardan çoxlu sayda partlayıcı maddələr, silah və radikal ekstremizmi təbliğ edən ədəbiyyat götürüldüyünü açıqlayıb. Eyni zamanda şübhəlilərin dini bir qurumu hədəfə aldığı ehtimal olunur. Açıqlamada terrorçuların Sankt-Peterburqda əhalinin gur olduğu açıq meydanlarda terror törətməyi hazırlaşdığı qeyd olunurdu.
Putin ABŞ prezidenti ilə telefon danışığında məlumat paylaşan amerikalı kəşfiyyatçılara təşəkkür etməyi xahiş edib, eyni zamanda Rusiya təhlükəsizlik qüvvələrinin də ABŞ-a qarşı terror təhdidi ilə bağlı məlumat mübadiləsi edəcəyini bildirib.

Qeyd edək ki, bu ilin aprelində Sankt-Peterburqda baş verən terror aktı nəticəsində 13 nəfər öldürülüb. İŞİD tərkibində döyüşən əcnəbilər arasında Rusiya vətəndaşları böyük üstünlük təşkil edir. Rusiya kəşfiyyatı geri qayıdan terrorçuları ölkə üçün ciddi təhdid olaraq qeyd edir. FTX sədri Aleksandr Bortnikov 2017-ci ildə FTX-nin 18 terror aktının qarşısını aldığını bildirib. Gələn il isə Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək. Artıq bununla bağlı İŞİD hədə mesajları göndərərək çempionatda terror törədəcəyi ilə təhdid edib. Bundan başqa, İŞİD-in ən güclü “əyalətlərindən” biri də Şimali Qafqaz hesab olunur. Terror qruplaşması bir neçə dəfə Şimali Qafqazda fəallaşmağa cəhd eləsə də, Rusiya təhlükəsizlik qüvvələri bu hərəkətlərə operativ reaksiya verib. Ötən həftə də Dağıstanda daha bir yaşayış məntəqəsində antiterror vəziyyəti elan edilib. Rusiya xüsusi-xidmətləri həm yeni il (Rusiyada yeni il şənlikləri kütləvi keçirildiyi üçün - K.R.), həm də qarşıdan gələn dünya miqyaslı futbol turniri ilə bağlı təhlükəsizlik tədbirlərini artırıblar. Suriyada İŞİD-ə qarşı amansız müharibə aparan Rusiyanın terror təşkilatının hədəfində olması qaçılmazdır. Bu, həm də bir növ qisas məsələsinə çevrilib.
Son hadisələr göstərir ki, İŞİD təkcə Şimali Qafqazda deyil, Rusiyanın mərkəzi şəhərlərində də terror törətmək planlarından əl çəkməyib. Üstəlik, terror təhdidi gələn il daha da artacaq. Qarşıdakı martda Rusiyadakı prezident seçkiləri, iyunda isə futbol çempionatı var. Bu mənada qarşıdakı aylar Rusiya xüsusi xidmətləri üçün hər mənada gərgin bir dövr olacaq.
