Son zamanlar NATO ilə Rusiyanın münasibətlərinin gərginləşməsi yeni savaş riskləri yaradıb. Hesab olunur ki, SSRİ varisini durdurmaq üçün Alyansın onu mühasirəyə almaq istiqamətində fəaliyyəti hərbi əməliyyatlarla yekunlaşa bilər.
NATO baş katibi Yens Stoltenberq alyansın çevik reaksiya qüvvələrini son üç il ərzində üç dəfə artırdıqlarını bəyan edib.
“Bu isə o deməkdir ki, ciddi kiberhücum NATO-nun kollektiv müdafiə barədə 5-ci bəndinin işə düşməsinə gətirib çıxara bilər” - baş katib deyib. Stoltenberq bütün bu tədbirləri, o cümlədən NATO-nun iki komanda məntəqəsinin yaradılmasını Rusiyanın aqressiv hərəkətləri ilə izah edib.
Lakin NATO-nun baş katibi Yens Stoltenberq Rusiya nümayəndələrinin iştirakı ilə Brüsseldə keçiriləcək toplantı zamanı Moskvaya Alyansın “soyuq müharibə”yə qayıtmaq niyyətində olmadığına dair mesaj verəcəyini bildirib. Bu barədə “Bild” nəşri məlumat yayıb. “Dekabrın 19-na planlaşdırılan iclasa mesajımız belədir: NATO gərginlik istəmir, Alyans ”soyuq müharibə" arzusunda deyil", - deyə o bildirib. Qeyd edək ki, dekabrın 19-da Brüsseldə səfirlər səviyyəsində Rusiya-NATO Şurasının iclasının keçirilməsi planlaşdırılıb.
“Hazırda NATO və onun lideri Amerika Birləşmiş Ştatları ilə Rusiya arasındakı münasibətlərin durumunu ”soyuq müharibə" dövründəkinə bənzətmək olar. Sadəcə olaraq, əvvəlki “soyuq müharibə”dən fərqli olaraq, indi iki fərqli ideoloji qütbün mübarizəsi getmir".
Bu fikirləri isə politoloq Şahin Cəfərli NATO-Rusiya münasibətlərindəki gərginliyi “Yeni Müsavat”a şərh edərkən söylədi. Ekspertimizin fikrincə, problemin mahiyyəti Rusiyanın ABŞ və Qərb hegemonluğundakı mövcud liberal dünya düzənini son illər təftiş etməyə və SSRİ-nin çöküşündən sonra razılaşdırılmış oyun qaydalarını pozmağa çalışmasından qaynaqlanır: “Bu cəhd əvvəlcə Gürcüstanda (2008-ci il) və daha sonra Ukraynada (2014-cü il) özünü göstərdi. Gürcüstan Avropa coğrafiyasından bir az uzaq olduğu üçün Qərb oradakı hadisəni öz geosiyasi və təhlükəsizlik maraqları baxımından ciddi təhdid saymadı və buna lazımi reaksiya göstərmədi. Lakin Ukrayna hadisələri - Krımın ilhaqı, Donbasda separatizmin alovlandırılması və Rusiyanın bu ölkədə hibrid müharibə üsulunu sınaqdan keçirməsinə Qərbin reaksiyası fərqli və sərt oldu. Çünki Ukrayna Avropa ölkəsidir və Avropa Birliyinin, eləcə də NATO-nun 4 üzvü ilə həmsərhəddir. Ukraynaya müdaxilə artıq Rusiyanın Avropaya doğru ekspansiyası demək idi, əgər Putin dayandırılmasaydı, bütövlükdə 2-ci Dünya müharibəsi sonrası formalaşmış və SSRİ-nin dağılmasından sonra müəyyən ştrixlər əlavə olunaraq razılaşdırılmış Avropa təhlükəsizlik sistemi real təhdid altında qalacaqdı. Məhz bu səbəblə NATO 2014-cü il Nyuport (Uels) zirvəsindən başlayaraq öz strategiyasını dəyişməyə və yeniləməyə başladı. Nyuport sammitində NATO-nun çevik reaksiya qüvvələrinin (Response Firce) tərkibində yüksək hazırlıqlı qüvvələrin (Very High Readiness Joint Task Force) formalaşdırılması, Şərqi Avropa ölkələrinin ərazisində hərbi infrastrukturun yaradılması, hərbi təlimlərin sayının artırılması, üzv ölkələrin öz hərbi xərclərini ÜDM-in 2%-i həcminə çatdırması qərara alındı. 2016-cı il Varşava zirvəsi isə yeni strategiyanın konkretləşdirildiyi tarixi əhəmiyyətli toplantılardan biri oldu. Orada Rusiya ilə həmsərhəd NATO dövlətləri - Baltik ölkələri və Polşa ərazisində NATO taborlarının yerləşdirilməsi, Qara dənizdə Rusiya təsirinin genişlənməsinin qarşısını almaq üçün hövzə ölkəsi Rumıniyada xüsusi briqadanın yaradılması barədə qərar qəbul edildi. Ötən ay - noyabrda isə NATO 2 yeni komandanlığın yaradılması barədə qərar qəbul etdi: bir komandanlıq transatlantik dəniz yollarının, hərbi logistikanın təhlükəsizliyinin təmin edilməsinə, digəri isə ABŞ-dan Avropaya hərbi qüvvə və texnikanın göndərilməsinin koordinasiyasına məsul olacaq. Avropadakı NATO ölkələrinin infrastrukturu (yollar, körpülər, limanlar, dəmir yolları) qısa müddətdə ABŞ-dan lazımi miqdarda canlı qüvvə və hərbi texnikanın qəbuluna və nəzərdə tutulan məntəqəyə çatdırılmasına uyğun hala gətiriləcək. Bu, artıq ”soyuq savaş" dövrünün geri qayıtması mənasına gəlir və ingiliscə “containment” deyilən, Rusiyanı dayandırmağa, çəkindirməyə yönəlmiş strategiyanın praktik müstəvidə həyata keçirilməyə başlandığını göstərir".
![]()
Ş.Cəfərli bildirdi ki, NATO daxilində müttəfiqləri ilə bərabər bu strategiyanı reallaşdıran ABŞ həm də özü ayrıca öz siyasətini yeridir: “ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya Çin, İran və Şimali Koreya ilə birlikdə əsas təhdid mənbələrindən biri hesab olunur. ABŞ-ın 2018-ci il hərbi büdcəsi də məhz yeni milli təhlükəsizlik strategiyasında nəzərdə tutulan hədəflərə uyğun hazırlanıb: orada əsgərlərin sayının artırılması, yeni hərbi gəmi və təyyarələrin istehsalı, Avropada Rusiya ilə mübarizə üçün 4,6 milyard $ ayrılması, Ukraynaya 350 milyon $ hərbi yardım və s. məsələlər nəzərdə tutulub. Pentaqon gələn il Avropadakı mövcud hərbi bazalarının modernləşdirilməsi və yeni bazaların tikintisinə 214 milyon dollar ayırıb. Söhbət Rumıniya, Macarıstan, Slovakiya, Estoniya, Litva, Norveç və İslandiyadan gedir. ABŞ 2006-cı ildə İslandiya ərazisindəki bazasını tərk etmiş və əsgərlərini oradan çıxarmışdı. İndi yenidən həmin bazaya qayıdır və orada ”P-8 Poseidon" kəşfiyyat təyyarələr yerləşdirməyi planlaşdırır. Həmin təyyarələr sualtı qayıqlarla mübarizə üçün nəzərdə tutulub. Avropadakı digər hərbi bazalarda isə “F-22 Raptor” hücum təyyarələri və 5-ci nəsil ən yeni “F-35 Strike Fighter” hücumçu-bombardmançı təyyarələri yerləşdiriləcək. Diqqəti cəlb edən başqa bir məqam ABŞ-ın Krım məsələsini qəflətən aktuallaşdırmasıdır. Adətən Ukrayna ilə bağlı problem müzakirə olunarkən Krım məsələsi gündəmə gəlmir və prioritet mövzu Donbasdakı situasiya olur. Lakin ABŞ-ın Rusiyadakı səfiri Hantsmanın “Krım kimindir?” sualına “Krım Ukraynanındır” cavabını verdiyi video yayması, dövlət katibi Reks Tillersonun “baxmayaraq ki, Putin Krımın müzakirə mövzusu olmayacağını çox aydın bildirib, amma bu məsələ müzakirə olunacaq” şəklində açıqlama yaymasına da məhz yeni strategiya çərçivəsində yanaşmaq lazımdır".
Politoloq bildirdi ki, bunların hamısı, o cümlədən Rusiyaya qarşı ABŞ-da yeni sanksiya hazırlığı bir-biri ilə zəncirvari əlaqəsi olan addımlardır və böyük ümumi strategiyanın tərkib hissəsidir: “ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını Vladimir Putinin prezidentliyə namizədliyini elan etməsindən sonra açıqlamağa qərar verməsi də mühüm məqamdır. Strategiyanın layihəsi bir neçə aydır hazırlanır, lakin gözlənti var idi ki, ola bilsin Putin prezidentlik iddiasından vaz keçsin. Bu halda düşünürəm ki, ABŞ yeni Rusiya prezidentinin seçilməsini gözləyəcəkdi və onun mövqeyinə əsasən yeni strategiya müəyyənləşdirəcəkdi. Lakin Putinin daha 6 il Rusiyanın başında qalacağı aydınlaşdıqdan sonra ABŞ öz strategiyasını elan etməyə qərar verdi. Bu, o deməkdir ki, gərginlik və geosiyasi rəqabət davam edəcək. Aydındır ki, tərəflərdən biri geri çəkilmədən gərginliyin aradan qalxması mümkün deyil. Hələ gərginliyi artıracaq yeni hadisələrin də baş verəcəyi gözlənilir. Məsələn, 1987-ci ildə Qorbaçov və Reyqan tərəfindən imzalanmış kiçik və orta mənzilli raketlərin ixtisarı və istehsalına dair müqavilə təhlükə qarşısındadır. Bundan başqa, 2010-cu ildə Obama və Medvedev tərəfindən imzalanmış Strateji Hücum Silahlarının İxtisarına dair Müqavilənin (SNV-3) uzadılıb-uzadılmayacağı məsələsi də var. 2021-ci ildə bu müqavilənin müddəti başa çatır. Lakin ABŞ tərəfi, konkret olaraq hazırkı prezident Donald Tramp bu sənədin müddətinin uzadılmasına isti baxmır. Tərk-silah sahəsində bu 2 sənəd qlobal strateji sabitliyi təmin edən çox mühüm sənədlərdir. Əgər bunlar ortadan qalxsa, bu sabitlik ciddi təhlükə altına düşəcək və qarşıdurma öz kulminasiyasına çatacaq”. Lakin Ş.Cəfərli hesab edir ki, “soyuq müharibə”nin isti mərhələyə keçməsi ehtimalı azdır: “Böyük nüvə arsenalına sahib olan tərəflərin bu dərəcədə ağılsız və məsuliyyətsiz davranacaqlarına inanmıram. Silahlanma, güc nümayişi və sanksiyalar kompleks şəkildə qarşı tərəfi öz mövqeyindən çəkindirməyə yönəlib”.
