|
Bakıda moda gecələri başlayır

Azərbaycanda növbəti dəfə 13-15 mart tarixlərində "Bakı Fashion Night 2015" layihəsi keçiriləcək. 

ANS PRESS-in məlumatına görə, ötən il yerli və xarici dizaynerlərin iştirakı ilə "Bakı Fashion Night 2014"-ün böyük uğur, həm də diqqət cəlb etməsi təşkilatçıları yenidən layihəni reallaşdırmağa sövq edib. Mövsümlə əlaqədar ildə iki dəfə həyata keçiriləcək layihədə modelyerlərin bahar - yay, payız - qış kolleksiyası nümayiş olunacaq. 

Qeyd edək ki "Bakı Fashion Night 2015" "FMS Models" model agentliyinin prezidenti və layihənin rəhbəri Lyubov Qutorova Poryazın rəhbərliyi, "Excelsior & Hotel Spa" və beynəlxalq " HD Fashion Channel"in dəstəyi ilə reallaşır. 

Layihə çərçivəsində Azərbaycanlı modellərlə bərabər Türkiyə moda aləminin yaradıcılarından biri məhşur modaçı Yıldırım Mayrukun 50 illik vida defiləsi də nümayiş olunacaq. Layihədə gənc modelyerlərlə yanaşı Azərbaycanın moda industriyasının qurucularının da nümayişləri də baş tutacaq. 

Beləki tədbirin ilk günündə əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın kolleksiya nümayişi ilə açılış baş tutacaq. Daha sonra ardıcıl olaraq “Fashion Couture by Ulker Huseynova”, “Beauttech” by Elnara Naxmedova moda evlərinin və modelyer Günay Mirzənin kolleksiyasının nümayişləri olacaq. Tədbirin ikinci günündə ilk olaraq modelyer Gülnarə Xəlilova, daha sonra Xavər Məmmədovanın rəhbərlik etdiyi “La Couture Baku”,“Hokuma by Hokuma Hajıyeva”,“Magura by Gulshan Ibrahimova” moda evlərinin nümayişləri gerçəkləşəcək. 

Ən sonuncu türk modaçısı Yildirim Mayrukun 70 geyimdən ibarət "vida kolleksiyası"nın nümayişi gerçəkləşəcək. Modelyerin istəyinə görə kolleksiyanın ən maraqlı geyimlərini Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva nümayiş etdirəcək.