|
Oqtay Əsədovun mobil telefon iradı, yoxsa yasağı...

Milli Məclisin plenar iclaslarında spiker Oqtay Əsədovbəzi hallarda deputatlara müxtəlif məsələlərlə bağlı açıq şəkildə irad bildirir. Bu hal isə bəzən mübahisələrə səbəb olub, bir neçə gün mətbuatın gündəminə çevrilir. Parlamentin dekabrın 1-də keçirilən iclasında isə Oqtay Əsədov deputatlara mobil telefonlarını söndürməyi tövsiyə etmişdi.

Xatırladaq ki, 2014-cü ildə mətbuatda yayılan xəbərlərdə qeyd olunurdu ki, Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla girişə qadağa qoyulub. Daha dəqiq desək, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu açıqlama vermişdi və söyləmişdi ki, Milli Məclisin binasına daxil olan bütün şəxslərin bu tipli mobil telefonları əlindən alınacaq. O, təhlükəsizlik məqsədilə belə bir qərar qəbul olunduğunu söyləmişdi: “Bu qərar Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş, Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq”.

Bütün dünyada belə bir təcrübənin olduğunu deyən Akif Təvəkküloğlu onu da bildirmişdi ki, prosesə nəzarət də olunacaq. Lakin bu açıqlamanın ardınca deputatlar açıqlama verərək bildirdilər ki, onlar içəri telefonları üzərilərində keçirlər və belə bir qadağa yoxdur.

Maraqlıdır ki, Milli Məclisdə tətbiq olunan bu qadağa parlamentin payız sessiyası zamanı plenar iclasda deputatların bir-birinin əvəzinə səs verməsi ilə bağlı fotoların mediada və sosial şəbəkələrdə yayılmasından sonraya təsadüf edirdi. Fotolarda bir sıra deputatların digərlərinin əvəzinə də səs verməsi əksini tapmışdı və bu, geniş diskussiyalara, tənqidlərə səbəb olmuşdu.

Image result for Aydın Mirzəzadə

Həmin ərəfədə deputat Aydın Mirzəzadə sosial şəbəkədə yazdığı statusunda qeyd etmişdi ki, Milli Məclisə telefonla daxil olmaq qadağası xəbəri düz deyil: “Xəbər düz deyil. 2014-cü ilin yanvarın 1-dən Milli Məclis binasına brauzeri və fotoaparat funksiyası olan telefon aparatı ilə daxil olmaq yasaq edildi. Bu parlament binasının xüsusi rejimli bir obyekt olması ilə bağlıdır və bütün dünyada belə bir praktika vardır. Parlament binasına sadaladığım funksiyaları olmayan telefon aparatı ilə daxil olmağa heç bir qadağa yoxdur. Mən belə bir telefon aparatı (qiyməti 32 manatdır) almışam və binaya daxil olmamışdan əvvəl, nömrə kartımı o aparata yerləşdirərək daxil oluram.

Ona görə də binada olarkən də öz mobil telefonumdan istifadə edə bilirəm. Binaya sadalanan funksiyalı telefonla gələnlər o aparatı girişdə təhvil verməlidirlər. Sadə telefon aparatı olanlar isə problemsiz binaya daxil olurlar və aparatlarını təhvil verməyə ehtiyac olmur".

Parlament jurnalistləri bildirirlər ki, hazırda deputatlar iclas zalına belə smartfonları ilə daxil olurlar və buna heç bir qadağa qoyulmayıb. Ancaq jurnalistlər və digər şəxslər Milli Məclisin binasına daxil olan zaman, giriş qapısının ağzında onların mobil telefonunu alıb, yalnız binanı tərk etdiyi zaman qaytarırlar.

Bəs deputatlara qoyulan telefon qadağası götürülübmü?

Image result for Tahir Kərimli

“Yeni Müsavat”a danışan deputat Tahir Kərimli bildirdi ki, hazırda parlamentin iclasına mobil telefonla gələn də var, gəlməyən də: “Hər halda bu qadağa ilə bağlı xəbərlər Milli Məclisin əvvəlki tərkibi ərəfəsində yayılmışdı. O zaman isə mən deputat deyildim. İndi də telefondan istifadə edən də olur, etməyən də. Ancaq onu deyim ki, ABŞ Konqresində olduğum zaman müşahidə etdim ki, orada Konqres hətta vətəndaşlar üçün də açıq idi. Yəni kim istəsə gəlib reportaj edə bilərdi və s. Texnologiyanın bu cür inkişaf etdiyi zamanda belə qadağaların olması da doğru deyil. Hər-halda bu barədə mənə heç nə deyilməyib və ona görə də məlumatlı deyiləm”.

Deputat Fazil Mustafa  isə bildirdi ki, android sistemli telefonlardan istifadə olunmur: “Oqtay Əsədovun iradına gəlincə isə bu, telefon işlətməklə bağlı deyildi. Onunla bağlı idi ki, telefon zəngləri iclasın gedişinə mane olur. Spiker də bunu nəzərdə tuturdu”.