Rusiyanın Azərbaycana təyin etdiyi yeni səfirə rəsmi Bakının aqreman verməməsi artıq iki dövlət arasındakı münasibətlərin sərhədlərini aşaraq daha geniş miqyasda müzakirə olunmaqdadır.
Adətən ayrı-ayrı dairələr Rusiya-Azərbaycan münasibətləri barədə danışarkən Kremli birmənalı olaraq söz sahibi kimi təqdim edirdilər. Belə bir rəy tərəfdarları var ki, guya Azərbaycan Moskvanın bir sözünü iki edə bilməz. Fəqət sonuncu səfir məsələsində və Avrasiya İttifaqı prosesində Azərbaycan hakimiyyətinin necə bir prinsipial mövqedən çıxış etdiyi ortaya çıxdı.
Rəsmi Bakı bu ilin yayında səlahiyyət müddəti bitdiyi üçün geri çağırılan səfir Vladimir Doroxinin əvəzinə, Rusiya Dövlət Duması tərəfindən namizədliyi təsdiqlənən Georgi Zuyevə “qırmızı işıq” yandırmaqla prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirmiş oldu.
Ancaq görünən budur ki, rəsmi Bakının prinsipiallığı Rusiyadakı bəzi dairələri ciddi şəkildə qıcıqlandırıb və onlar Azərbaycana qarşı hərəkətə keçiblər. Məsələn, son illərdə dəfələrlə Azərbaycan-Rusiya əlaqələrini korlamağa çalışan Rusiya Dumasının MDB məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə də hərəkətə keçib. Belə ki, “Gxo Moskvı” radiosunda münasibətlərə xələl gətirilməsinə yönəlik mövqe sərgiləyib. Açıq görünür ki, bununla Zatulin gərginliyi artırmağa cəhd edib.
Deputat Elman Nəsirov aznews.az-a açıqlamasında qeyd edib ki, K. Zatulin həmişəki kimi, yenə də öz ermənipərəst mövqeyini nümayiş etdirib və Rusiya-Azərbaycan strateji əməkdaşlığına kölgə salmağa cəhd göstərib. Deputat qeyd edib ki, indi Rusiyanın XİN-dəki həmin dairələri öz səhvlərini düzəltmək əvəzinə lazım olmayan informasiyaları mətbuata sızdıraraq Azərbaycanla münasibətlərdə süni gərginlik yaratmaq istəyirlər.

Deputat Zahid Oruc “Yeni Müsavat”a deyib ki, Azərbaycan müstəqillik qazanandan Rusiyanı ölkəmizdə 5 səfir təmsil edib: “Onların içərisində, məsələn, Bloxin hətta Ermənistandakı Rusiya səfirini açıq-aşkar millətçilikdə, Azərbaycan əleyhinə fəaliyyətdə və digər bu xarakterli cinayətlərdə suçlayıb. Ümumən götürdükdə ölkəmizə özünü canişin kimi apararaq, diktat dilində fəaliyyət göstərən, həmçinin Rusiyanın Azərbaycanı idarə etmək məramı kimi burada hakimiyyətdaxili proseslərə, ölkənin ictimai-siyasi həyatına kəskin müdaxilə edənlər demək olar ki, olmayıb. O cümlədən sonuncu səfir Doroxin özünü kifayət qədər sabit, soyuqqanlı, Azərbaycanın dövlət mənafelərinə hörmət və ehtiramla yanaşan, onun xarici siyasət kursunu qiymətləndirərkən həddindən artıq ehtiyatlı diplomatik maneralardan istifadə edən şəxs kimi mövqeyini ortaya qoyub. O ki qaldı Zuyev məsələsi ətrafında yaşananlara, görünən budur ki, Azərbaycan həmin məsələdə real milli mənafe qoyub və yeri gəlmişkən, bu addımlar əslində Rusiyanın da xeyrinədir. Çünki əks halda, burada kobud bir siyasət və yalnız Ermənistanın mənafeyi üçün kiminsə XİN-dən, indiyəcən sırf texniki sahədə çalışmış, diplomatik tərcümeyi-halı da çox az olan şəxsin göndərilməsi də daha çox Kremlin mənafelərinə zərbə olardı”.
Z.Oruc Rusiyadakı qüvvələri iki qismə ayırmağı vacib sayır: “Rusiyanın içərisində xüsusən də son illərdə Azərbaycanın regional mövqeyini düzgün qiymətləndirən, hazırkı beynəlxalq reallıqları dərk edən, müstəqil dövlətlərin mövcudluğunu normal qarşılayan, xüsusilə də Duqin kimi şəxslərin dayandığı platforma üzərində olan dövlət adamları da mövcuddur. Lakin onların içərisində Zatulinin də daxil olduğu qruplar var ki, belələri Azərbaycan prezidenti və Rusiya rəhbəri arasında formalaşan normal münasibətlərin inkişafında maraqlı deyillər. Əksinə, istəyirlər, Rusiya Azərbaycanı əzən, onu hər hansı bir şəkildə mühakimə edən xəttə qayıtsın. Zuyev üzərində dayananlar da həmin qüvvələrdir. Ancaq mən əminəm ki, Kalaşnikovun söylədiyi kimi, sonda tamam başqa bir şəxs səfir kimi təyinat alacaq, bu məsələ ilə bağlı iki dövlət arasında soyuq münasibətlər və diplomatik qalmaqal baş verməyəcək”.
