Məlumat verdiyimiz kimi, ABŞ Federal Ehtiyatlar Sistemi dekabrın 13-dəki iclasında uçot dərəcəsini cari il ərzində 3-cü dəfə olmaqla, 1,25 faizdən 1,50 faizə qaldırmaq barədə qərar qəbul edib.
Gələn il isə daha 3 dəfə analoji qərarın alınması, uçot dərəcəsinin 2,25 faizədək artırılması planlaşdırılır.
Dünya valyuta birjalarında bu addımdan sonrakı vəziyyət göstərir ki, investorlar FED-in qərarına hazır olublar. Bunu “Yeni Müsavat”a iqtisadçı-ekspert Rəşad Həsənov deyir. Onun sözlərinə görə, artıq bu kimi qərarlar valyuta birjaları və investorları qəfil yaxalamır: “Dünya bazarları, investorlar FED-in qərarlarını vaxtında qiymətləndirərək öz mövqelərini ona uyğunlaşdırdılar. Bu, əslində yeni deyil, son bir neçə ildə müşahidə olunan trenddir. İnformasiya təminatının güclənməsi, informasiyaların qiymətləndirmə peşəkarlığının artması nəticəsində uzun müddətdir ki, investorlar faktiki olaraq qərarların qəbul olunmasından əvvəl öz mövqelərini daha düzgün müəyyənləşdirirlər. Bu da sonradan qərarın qəbulunun bazarlarda volatil yaratmasının qarşısını alır, sabitliyi qoruyur. Bu tendensiya FED-in son qərarı ilə bağlı da birjalarda açıq hiss olundu. Faktiki olaraq, uçot dərəcəsinin artırılmasına, gələn ilin əvvəlində aktivlərin həcminin azaldılması tempinin daha da sürətləndiriləcəyi mesajının verilməsinə baxmayaraq, əslində dünya bazarlarında ABŞ dollarının həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrin valyutalarına qarşı mövqeyi zəiflədi. Dolların məzənnəsindəki geriləmə qızılın qiymətində müəyyən bahalaşmaya gətirib çıxartdı. Bütün bunlar onu deməyə əsas verir ki, FED-in qərarı dünyada dolların əhəmiyyətli şəkildə möhkəmlənməsini şərtləndirə bilməyəcək”.

Ekspertin sözlərinə görə, iqtisadi parametrlərin açıqlanması, ABŞ-da gözlənilən vergi islahatları, rəsmi qurumların mövqe açıqlamaları kimi hadisələr dolların mövqeyini müvəqqəti olaraq gücləndirə bilər. Lakin bu güclənmə uzunmüddətli olmayacaq: “Nəzərə alsaq ki, ABŞ hökumətinin mövqeyi daha zəif ABŞ dolları siyasəti həyata keçirməklə xarici ticarəti, xüsusilə də ixracı dəstəkləməkdir, bu halda hesab edirəm ki, növbəti mərhələlərdə də dolların bahalaşmasını müşahidə etməyəcəyik. Lakin buna baxmayaraq, bəzi ölkələrin valyutasının ABŞ dolları da daxil olmaqla, dünya valyutalarına qarşı mövqeyini itirəcəyi gözlənilir. Belə valyutalardan biri də Türkiyə lirəsidir. Son həftələrdə müəyyən qədər möhkəmlənsə də, lirənin gələn ilin əvvəlində 8 faizədək ucuzlaşacağı gözlənilir ki, bu da müəyyən qədər Azərbaycanla qarşılıqlı ticarət əlaqələrində hiss oluna bilər”.
Mütəxəssis digər həmkarları kimi, bu fikirdədir ki, FED-in qərarının Azərbaycanın milli valyutasına hansısa təsiri gözlənilən deyil: “Bu gün Azərbaycan valyuta bazarında FD-in qərarının təsiri hiss olunmur. Bu ilin aprel-mayından etibarən Azərbaycanda hökumət faktiki olaraq, sabit məzənnə siyasəti həyata keçirməyə başlayıb. Məzənnə bazarlarda müəyyənləşmir. Digər tərəfdən, dolların bu gün dünya bazarlarındakı mövqe dinamikası əslində manatın möhkəmlənməsini şərtləndirməlidir. Ölkədəki mövcud iqtisadi şərtlər də bunu diktə edir: tədiyyə balansının, xarici ticarət saldosunun müsbət olması, neftin dünya bazar qiymətinin nisbətən yüksəkliyi, valyuta ehtiyatlarının artması, eyni zamanda dollarlaşmanın yekunlaşması və cüzi də olsa əks proseslə əvəz olunması. Lakin bu faktorlara baxmayaraq, Mərkəzi Bankın həyata keçirdiyi məzənnə siyasəti manatın möhkəmlənməsinin qarşısını alır. Biz 2017-ci il ərzində manatın məzənnəsinə təsir göstərə biləcək daha böyük hadisələrin, faktorların şahidi olmuşuq. Məsələn, apreldən avqustadək ABŞ dolları dünyada öz mövqeyini 11 faizədək itirmişdi. Lakin biz bunun manata hər hansı təsirini görmədik. Yaxud neftin qiyməti 55 dollardan iyun-avqustda 46 dollara qədər ucuzlaşmışdı. Nəzərə alsaq ki, neftin qiymətinin manatın məzənnəsinə təsirləri daha böyükdür, bu halda manatın məzənnəsi ciddi şəkildə azalmalıydı. Amma əvəzində çox cüzi bir azalma gördük. Çünki bizdə məzənnə faktiki olaraq, üzən məzənnə rejimində müəyyənləşmir. Əgər belə olsaydı, indiki faktorların təsiri ilə manatın möhkəmləndiyini görməli idik”...
