|
Avropa Məhkəməsinin köçkünlərlə bağlı qərarına deputatlardan sərt etiraz

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə çıxardığı yeni qərar birmənalı qarşılanmayıb. Qərarda Laçın şəhərinin işğalına görə Ermənistanın vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməsi göstərilib ki, bu da dəymiş maddi-mənəvi zərərə adekvat hesab olunmur.

 

Qeyd edək ki, Ermənistan hökumətinə təzminatın ödənilməsi üçün 3 ay vaxt verilib.

İddia ərizəsi 2005-ci il aprelin 6-da AİHM-ə daxil olsa da, son qərar bu günlərdə verilib. Ancaq bu qədər müddət keçməsinə rəğmən məhkəmənin ədalətsizliyə yol verməsi iddiaçıları da narazı salıb. Onlar bildiriblər ki, hər biri 2 milyon avroluq iddia qaldırdığı halda, AİHM Ermənistanın cüzi cərimələnməsi barədə qərar çıxarıb.

Avropa Məhkəməsinin ədalətsiz münasibətini aprel döyüşləri ilə bağlı da gördük. Belə ki, 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib. Həmin işlər icraata götürülsə də, ortada qərar yoxdur. Amma məhkəmə dörd günlük aprel müharibəsinə görə Ermənistanın Azərbaycana qarşı qaldırdığı 23 iddianı da qəbul edib. İddia ərizəsində həyasızcasına bildirilib ki, 2016-cı ilin 2-5 aprel döyüşləri zamanı Azərbaycan Qarabağdakı hərbçilərin və mülki vətəndaşların insan hüquqlarını pozub. Təsəvvür edin, Avropanın ali qurumu işğalçının qaldırdığı iddianı qəbul edib, Azərbaycana qarşı dava açıb. Sabah paralel qətnamələrin çıxarılması da istisna deyil. Bu, nonsensdir. Bu məntiqlə AİHM İŞİD-in, PKK və ya PYD-çilərin iddiasını da qəbul edə bilər.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov da deyib ki, hər bir şikayətçiyə 5 min avro həm maddi, həm mənəvi ziyana görə kompensasiya müəyyən edilməsi gülüncdür. Üstəlik, Avropa Məhkəməsi “balansı” qoruyub.  2006-cı ildə Azərbaycana qarşı iddia qaldıran Minas Sarqsyan adlı Ermənistan vətəndaşının da iddiası təmin edilib. Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndinə qayıtmaq və öz mülkiyyətindən istifadə etmək barədə iddia qaldıran Sarkisyana Azərbaycana 5 min avro kompensasiya və 30 min avro məhkəmə xərclərini ödəmək tövsiyəsini edib. AİHM-in qərarının iqtisadi, siyasi və hüquqi tərəflərinə ekspertlərimizin rəyini öyrəndik.

Image result for Deputat Vahid Əhmədov

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında qərardan narazılığını ifadə etdi: “Avropa təşkilatları hər zaman belə məsələlərdə ikili standartlardan çıxış edib, indi də eyni siyasəti yürüdür. Əvvəla, 5 min avroluq təzminat nə təzminatdır ki? Bu insanlar işğal nəticəsində ailəsini, ev-eşiyini, torpağını, yurdunu itirib. Bu insanlar üçün 5 min avro faktiki olaraq heç nədir. Ümumiyyətlə, Ermənistanın Azərbaycana ödəməli olduğu təzminatlar milyardlarla ölçülür. Bununla bağlı xüsusi qurum yaradılıb və qiymətləndirmə aparılıb, məlum olub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana 800 milyarddan artıq zərər vurulub. Üstəlik, ikili standartların nəticəsidir ki,  həm bizimkilərə, həm də ermənilərə 5 min avro kompensasiya verilməsi barədə qərar çıxarılıb. Hansı ki, onlar işğal edən tərəfdir, biz işğala məruz qalan tərəf. Göründüyü kimi, ədalət yoxdur. Mən heç vaxt Avropa Məhkəməsindən ədalət gözləməmişəm. 5 minlik təzminat qərarı insanları yola verməkdir. Hələ Ermənistanın bu təzminatı ödəyib-ödəməyəcəyi məlum deyil, sual altındadır”. Bununla belə, V.Əhmədov Avropa Məhkəməsinin qərarının Azərbaycan üçün siyasi əhəmiyyətini də qeyd etdi: “5 min avroluq təzminat qərarı ciddi məbləğ olmasa da, insanlarımızın müraciətinə baxılıb, hüquqları tanınıb. Yəni siyasi cəhətdən əhəmiyyətli qərardır”. 

Image result for Çingiz Qənizadə

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə “Yeni Müsavat”a dedi ki, bu məsələyə iki aspektdən yanaşmaq lazımdır: “İlk qərar 2015-ci ilin 16 iyununda çıxarılmışdı və o qərarda Ermənistan işğalçı kimi göstərilirdi. Amma indi təzminatla bağlı AİHM-in Böyük Palatası tərəfindən qərar qəbul olunub. 12 il müddətində Avropa Məhkəməsi bu məsələni istədiyi şəkildə uzatmağa çalışırdı. Amma istənilən halda, bu, bizim qələbəmizdir. Bundan əvvəlki siyasi qərar Ermənistanın işğalçı kimi tanınması demək idi və siyasi cəhətdən bunun çox böyük əhəmiyyəti var idi. Yəni Avropa Məhkəməsinin qərarında Ermənistanın işğal faktı təsbit olunur və məhkəmə qərarında əksini tapır. Bu, presedentdir və bu qərardan bizim rəsmilərimiz istənilən vaxt istifadə edə bilərlər. Elmar Məmmədyarov da görüşlərin birində bu qərara istinadən fikrini bildirib”. Təzminatın məbləğinə gəldikdə, Ç.Qənizadə məsələyə tənqidi yanaşdı: “Avropa Məhkəməsinin bu məsələdə münasibəti başadüşülən deyil. Çünki öz ev-eşiklərindən, ata-baba yurdlarından zorla çıxarılmış, özü də işğalçı ölkə tərəfindən çıxarılması təsdiqləndiyi halda, onlara dəymiş zərərin cəmisi 5 min avro dəyərində qiymətləndirilməsi olduqca gülüncdür və başadüşülən deyil. Belə hesab edirəm ki, Avropa Məhkəməsi bu cür qərar qəbul etməklə çox yanlış addım atıb. Yumşaq formada desək, mən bunu iddiaçıların təhqir olunması kimi başa düşürəm. Çünki bu 5 min avro hazırkı dövrdə heç bir şey deyil. Amma bir məsələ var ki, bunu AİHM-in Böyük Palatası qəbul edib və artıq ondan şikayət etmək mümkün deyil. Yəni biz faktla razılaşmalıyıq. Düzdür, hər iki halda qələbə bizim tərəfdədir, amma təzminatın miqdarı ilə bağlı təbii ki, narazılığımız var”.

Hüquqşünas bir məqama da diqqət çəkdi: “Çox maraqlıdır ki, AİHM-in birinci protokolunun 1-ci, 8-ci və 13-cü maddələri burada əksini tapıb: mülkiyyət, şəxsi toxunulmazlıq və ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı problemlər. Bunlar hamısı bir daha göstərir ki, Ermənistan işğalçıdır. Ata-baba yurdundan zorla çıxarılmış insanlarımızın mülkiyyəti zorla əlindən alınıb, şəxsi toxunulmazlıq hüquqları pozulub və bununla bağlı da ədalətli məhkəmənin keçirilməsi üçün imkanları məhduddur, çünki torpaqlar işğal altındadır. Sual oluna bilər ki, niyə 1992-ci ilin məsələsinə indi baxıldı? Məhkəmə qərarında da təsbit olunur ki, həmin işğal əraziləri bu gün də Ermənistan tərəfindən effektiv işğal altındadır. Yəni işğal davam edir. Biz AİHM-in yurisdiksiyası altına 2002-ci ildən düşmüşük. Effektli işğal bu gün də davam etdiyinə görə bu məsələ icraata götürülüb və qərar qəbul olunub”. Ç.Qənizadə Ermənistanın bu kompensasiyanı mütləq ödəyəcəyini vurğuladı: “Azərbaycanda yaşamış erməninin mülkiyyəti ilə bağlı da iddia təmin olunub.  Yəni bu qərarın heç bir siyasi tərəfi yoxdur. Amma məhkəmə daha dərinə getmiş olsaydı, aydınlaşdırardı ki, o erməninin evini qoyub getməsinin səbəbkarı Ermənistanın işğal faktıdır və bununla bağlı qərar qəbul etməyə bilərdi”.