Əməkdar Artist, tanınmış müğənni Yaqub Zurufçu Kanadanın bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək. Sənətkar qastrol səfərinə gələn il yanvarın 1-də start verəcək.
Bu barədə AZƏRTAC-a Y.Zurufçu özü məlumat verib.
“Çalışırıq ki, hər il Avropanın və Şimali Amerikanın böyük şəhərlərində konsert verək. Məqsədimizə müəyyən qədər nail ola bilmişik. Bu ənənəmiz uğurla davam edir. Ötən il də Kanadada konsert proqramı ilə çıxış etdik. Konsertimiz çərçivəsində bu ölkənin Ontario ştatının Təhsil Nazirliyi tərəfindən fəxri diploma da layiq görüldüm. Gələn il üçün silsilə konsert proqramlarımız var. Torontodan sonra Vaşinqtonda, Los-Ancelesdə, Hyustonda, Londonda və Avropanın digər böyük şəhərlərində də konsert verməyi planlaşdırırıq”, - deyə Y.Zurufçu söyləyib
