|
İnsanları hədələyərək telefon və pullarını alan gənclərə hökm oxundu - 12 il cəza

Bakıda özünü "kriminal aləmin adamı" kimi təqdim edərək ayrı-ayrı şəxslərin telefonunu hədə-qorxu ilə ələ keçirən şəxsin məhkəməsi keçirilib.

O, aldığı telefonu sataraq pulunu həbsxanada olan kriminal aləmin üzvlərinə göndərəcəyini deyirmiş. Bu cinayəti törədərkən o, tək olmayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Onlar 1996-cı il təvəllüdlü Nəbiyev Yusif Mehman oğlu və 1992-ci il təvəllüdlü Həsənov Murad Çingiz oğludur. Hər iki şəxs bir neçə cinayət əməli törətməkdə ittiham edilirlər.

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında təqsirləndirilən şəxslər son söz deyib.

Y.Nəbiyev oğurluq və soyğunçuluq törətdiyini etiraf etsə də quldurluqla özünü təqsirli bilmədiyini deyib və ədalətli qərar çıxarılmasını istəyib.

Murad Həsənov isə ona qarşı irəli sürülən ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini söyləyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmdə qeyd edilir ki, Yusif Nəbiyev 6 cinayət əməli törədib. Bu əməllərin ikisində Murad Həsənov də iştirak edib.

Məhkəməmin hökmünə əsasən Yusif Nəbiyev 9 il, Murad Həsənov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yusif Nəbiyevin atası Mehman Nəbiyev qətl törətdiyinə görə həbsdədir.