109 il əvvəl, onda sadəcə Soso Cuqaşvili adı ilə tanınan İosif Stalin həyatının yəqin ki, ən xoşbəxt gününü qeyd edib: Yekaterina Svanidze ilə kəbin kəsdirib. Nikah mərasimi 1906-ci ildə iyulun 16-na keçən gecə Tiflisdə yerləşən Müqəddəs David monastırında keçirilib. Tiflisin kəndli qızı Qoridən olan çəkməçi oğlunun qanuni arvadı olub. Uzun sürməsə də, bu nikahda keçirdiyi günlər gələcək liderin ən xoşbəxt günləri olub. Çünki ailə sevgi üzərində qurulmuşdu. Gələcək əri ilə Yekaterinanı qardaşı Aleksandr tanış etmişdi. Aleksandr İosif ilə ruhani məktəbində oxuyurdular və hər ikisinin maraq dünyası da eyni idi: din və siyasət.
İlk olaraq İosif sevgilisini anası ilə tanış edib. Кекe (Yekaterina Cuqaşvili) oğlunun gəlinini görən kimi bəyənib və nikah üçün xeyir-dua verib. Qəribə də olsa, o zamanlar belə şeylər gələcək sovet diktatoru üçün daha vacib və önəmli imiş...Qəribədir, Stalin və onun şəxsi həyatı haqqında onlarlarla kitablar yazılıb. Lakin onun ömrünün bu dönəmi haqda , əsas da həyatının ilk qadını haqqında, demək olar ki, çox az şey məlumdur.
İosif və onun Katosu - Ötən əsrin əvvəlində dünyanın gələcək tiranı və onun ən böyük məhəbbətini məhz belə adlandırırdılar. Analitik.az Yekaterina Svanidzenin qısa həyatı və ölümü haqda məlumatı təqdim edir.
Yekaterina Svanidze
Onu tanıyanların sözlərinə görə o, qeyri-adi qadın olub. Elə buna görə də onun xatirinə keçmiş seminariya tələbəsi Cuqaşvili kilsədə nikaha razı olub. İosif bolşeviklərin partiyasına onda təzə-təzə qoşulmuşdu və ailə həyatının sevincini yaşayırdı. Yeri gəlmişkən, o zaman, onun fəaliyyəti artıq qeyri-leqal olub. Buna görə də nikah gizli və gecə keçirilir. Nikahı kəsməyə razılıq verən yeganə keşiş isə İosiflə birlikdə ruhani seminariyasında oxuyan tələbə yoldaşı olub. Gənc bolşevik özgə soyadı altında nikaha girməli olur. Pasportda o, Qaliaşvili kimi qeyd olunur. Yalnız dörd aydan sonra Yekaterina Svanidze tam şəkildə başa düşə biləcək ki, inqilabçı arvadı olmaq nə deməkdir...
Noyabrın 13-də onların Freylinski küçəsində yerləşən evinə polis gəlir, o, İosifi axtarırdı. Bu zaman isə İosif Bakıda idi. Ona görə də jandarmlar, əliboş getməmək üçün Katonu həbs ediblər. Onun tutulması üçün formal səbəb isə bu olub ki, Svanidze öz qızlıq pasportunu polisə təqdim edib, halbuki, onun kimin arvadı olması artıq heç kimə sirr deyildi. Yeni il ərəfəsində Svanidzeni azad edirlər. Bu barədə vəsadəti onun qohumları yazıblar. Qadın hamiləliyin beşinci ayında idi və Tiflis polisinin, bəlkə də, sadəcə İosif Cuqaşvilinin bədbəxt həyat yoldaşına yazıqları gəlib... Bu yeni il həm də onun son ili olacaqdı.
18 mart 1907-ci ildə Yekaterina və İosifin oğlu Yakov anadan olur. Üç aydan sonra ailə Tiflisdən qaçmalı olub. Qaçmanın səbəbi isə gənc İosifin Tiflisin İrəvan meydanında poçt karetasına hücum təşkil etməsi idi. Hücum nəticəsində o dövr üçün çox böyük məbləğ - 250 min rubl
oğurlanmışdı. Amma, sonra məlum olacaq ki, məşhur qarətin əsl təşkilatçısı elə çar polisi olub. Bütün oğurlanmış pul əskinaslarının nömrələri qeyd edilib götürülmüşdü və onların mübadiləsi zamanı xaricdə bir çox axtarılan inqilabçıları həbs etmək mümkün olur. Bu axtarışdan yalnız Soso yayına bilib, həmin vaxt yenə də Bakıda gizlənə bilib. Sonradan belə bəxti gətirən Soso haqda söhbətlər gəzəcək ki, o, guya gizli polis əməkdaşı olub. Amma belə söhbətlər sonra yaranacaq. Hələlik isə ər-arvadın həyatı adi axarıyla gedirdi, əgərgizlənmək məsələsini nəzərə almasaq. Bu arada gəlin və qaynanana arasında münasibətlərdə də münaqişələr yaranırdı. Səbəbsə hər bir gənc ailəyə tanış olan bir hadisə: Gəlini və oğlu Bakıda olan zaman Yakova Kеке baxmalı olurdu. Bu narazıçılığa son qoymaq üçün Kato qohumlarına yardım üçün müraciət etməyə məcbur olub, elə bu qohum evləri də Yakov üçün sonralar çox doğma olacaq.
Stalinin anası Yekaterina Cuqaşvili
Yekaterina oğluna yalnız pulla kömək edə bilərdi. Qadın Tiflisdə populyar dərzi olub, deyilənlərə görə polis rəisinin arvadı onun müstərisi idi. Bakıda da peşəsi onun əlindən çox tutub. Bəlkə, ona görə də nəticədə Кеке və Kato münasibətləri alınmadı? Stalinin anası sadə paltaryuyan qadın idi. Oğlunun arvadı isə bütün şəhərin tanıdığı məşhur dərzi ... Bəlkə də qadın rəqabəti İosifin həyatının iki əsas qadınının münasibətlərini puç etdi?
“Onu niyə məzardan çıxardın?.. ”
Yekaterina Svanidze Bakıda olduğu müddətdə vərəmlə xəstələnir. Əri onu Tiflisə gətirib və özü yenidən Bakıda qayıdıb. O, Gürcüstan paytaxtına yalnız arvadının ölümündən bir gün əvvəl, 1907-ci il
noyabrın 21-də gəlir. Ertəsi gün, gələcək diktatorun bəlkə də yeganə sevgisi artıq həyatda olmayacaq. Yekaterinanın ölümü barədə "Tskaro" qəzetində dərc olunan məlumatda, İosif Cuqaşvilinin adı vəfat etmişin əri kimi çəkilir ...
Dostlarının Soso və Kato kimi adlandırdıqları bu iki gəncin nikahı bir ildən bir az artıq davam edib. Müasirlərinin dediklərinə görə, İosif həqiqətən Yekaterinanı sevirdi. Hərçənd, əlbəttə, bunun əksini sübut edən adamlar da olub. Belə ki, hansısa Pyotr Mojnov Bakıda kirayə qalan bu ailəni belə xatırlayırdı: "Evə sərxoş qayıdan İosif, arvadını təhqir edir və döyürdü ". Yekaterina Svanidzenin Tiflisin Kukiyski qəbiristanlığında keçirilən dəfn mərasimində, İosif Cuqaşvili dostuna deyib: "Bu varlıq mənim daş qəlbimi yumşaldan yeganə insan idi. O öldü, mənim insanlara qarşı son isti hisslərim də onunla birlikdə söndü ". Yekaterinanın cənazəsi torpağa endiriləndə, emosiyalarını saxlaya bilməyən İosif özünü qəbrə atır. Dəfn mərasimində iştirak edən dostlarından biri, Qerontiya Kikodze, çarəsiz yoldaşını oradan zorla çıxarır. İosif bunu unutmayacaq. İllər keçəndən sonra bu hərəkəti Qerontiya Kikodzeni həbsdən qoruyacaq və onun həyatını xilas edəcək. Amma bu, artıq tamam başqa məsələdir.
Yeri gəlmişkən,Qerontiya Kikodzenin qızı Manana xatirələrində yazır ki, ailədə sonralar atasına zarafatla belə deyirmişlər: "Niyə o zaman Stalini məzardan çıxardın? Axı bu, ondan hamının canını qurtarmaq üçün gözəl imkan idi."
İosif Cuqaşvili sevdiyi qadının ölümündən bir il sonra özünə təxəllüs götürür və elə bu təxəllüslə də tarixdə qalır. Cuqaşvilinin bu təxəllüsü niyə götürməsi barədə bir çox ehtimallar mövcuddur. Yekaterina Svanidze ilə bu qısa məhəbbət hekayəsinə nəzər salsaq, ölümü ilə bağlı versiya daha inandırıcı gəlir. İosifin "Daş ürəyi" indi polad insanda çırpınırdı. O , artıq təkcə hakimiyyət haqqında düşünürdü.
“Sən heç intihar etməyi də bacarmırsan”
Oğlu Yakov isə əvvəlki kimi arvadının qohumlarının himayəsində qalır. Onun taleyi anasının taleyindən də dəhşətli oldu. Yakov sevilməyən uşaq idi. Bəlkə, ona görə ki, Stalinə Yekaterina barədə xatırladırdı? Bəlkə də, ona görə ki, Stalinin sevimli uşağı sadəcə, ola da bilməzdi.
Yakov 1921-ci ilədək Tiflisdə xalası Aleksandra Svanidzenin yanında tərbiyə alıb. Yalnız oğlanın 14 yaşı olanda, o, Moskvaya gəlib. O, atasına hədiyyə olaraq, qoz ləpəsi mürəbbəsi gətirirmiş. Bunu ona nənəsi Кеке vermişdi. Amma yolda dözməyib, onu yeyir. O, çox həyəcan keçirirdi ki, atası buna görə dilxor olacaq. Amma Stalin, deyəsən, evində daha bir uşağın olmasını heç hiss etmədi...
Yakov Cuqaşvili müharibə ərəfəsində Artilleriya akademiyasını bitirmişdi. 1941-ci il elə müharibənin ilk günlərindən cəbhəyə yollanır. Lakin artıq iyul ayında, müharibənin başlanmasından cəmi bir ay sonra baş leytenant Yakov Cuqaşvili əsir düşüb. Ali baş komandanın əmrinə əsasən, bütün təslim olan zabitlər, hərbi andı pozmuş fərari sayılırdılar, onların ailə üzvləri isə həbs olunurdu.
Sovet başçının oğlunun ailəsi də istisna olmadı...
Yakovun əsirlikdə olduğu xəbəri çıxan kimi, onun həyat yoldaşı Yuliya həbs olunub, balaca qızı Qalina isə uşaq evinə verilib. Qadını yalnız 1943-ci ildə azad ediblər. Stalinə məruzə edilir ki, oğlu əsir düşərgəsindən qaçmaq istəyəkən həlak olub, onun davranışını isə yüksək dərəcədə vətənpərvər kimi qiymətləndirmək olar: Yakov nəinki faşistlər ilə əməkdaşlıqdan imtina edib, həm də onlarla sadəcə danışmaq belə istəməyib. Dindirmələrin birində Stalinin oğlu bildirib ki, yalnız bir şeyə təəssüf edir ki, əsir düşməzdən əvvəl özü həyatına son qoymağa macal tapmayıb. Yeri gəlmişkən, Yakov iki dəfə ailə qurub. İlk uğursuz məhəbbəti üzündən intihara cəhd edib. Atası bunu eşidəndə oğluna deyib: "Sən hətta intihar da edə bilmirsən". İkinci ailəsindən isə Qalina adlı qızı dünyaya gəlmişdi. Bütün bu təfərrüatlar yalnız 1968-ci ildə məlum olacaq: "Е-176 nömrəli iş"
Trümenin Çörçillin şəxsi göstərişi ilə gizlilik qrifindən çıxarılaraq, açıldıqdan sonra. 1977-ci ildə, 70 illiyi ərəfəsində Yakov Cuqaşvili ölümündən sonra I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilib.
Ömrünün son günlərində xatırlanan məhəbbət
Yekaterina Svanidzenin qardaşı, alovlu inqilabçı və Stalinin birinci arvadı ilə görüşməsinə səbəbkar olan Aleksandr, Sovet Gürcüstanın maliyyə naziri olub, sonra bir neçə il Cenevrədə işləyib, qayıtdıqdan sonra Moskvada SSRİ Xarici Ticarət Bankına başçılıq edir. O, və onun arvadı evdə Stalinin ən etibarlı adamlardan biri idi. Bununla belə, onlar da artıq daşlaşmış ürək sahibinin qəzəbindən yayına bilməyiblər. 1937-ci ildə Svanidze həbs olunur və tezliklə güllələnir. Arvadı ərinin ölümü haqqında xəbəri alanda, ürəyi partlayır və ölür. Bundan sonra keçmiş ilə bütün əlaqələri kəsilib. Stalinin evində Svanidzelərin adlarını heç kim çəkməyə cürət etmirdi. Yekaterinanın adı isə yalnız həyatının son illərində Stalinin dilində səslənməli oldu. Deyirlər ki, ömrünün sonuna yaxın o, tez-tez gəncliyini, Gürcüstanı və ilk məhəbbətini yada salırmış…//Analitik.az
