Dünya təcrübəsi sübut edir ki, hərbi əməliyyatların taleyini bir sıra hallarda hətta savaş başlamazdan öncə təbliğat müharibəsi həll edir. Bu mənada biz günün birində başlanacaq Azərbaycan ərazilərinin azad olunması uğrunda ordumuzun həyata keçirəcəyi genişmiqyaslı hərbi əməliyyatlara beynəlxalq aləmin sərt təpki verməməsi üçün ədalətli mövqeyimizin yayılmasına, dəstəklənməsinə nail olmalıyıq.
Prezident İlham Əliyev jurnalistlərlə görüşündə dediyi kimi, erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan “siyasətçilər” ictimai fikrə Azərbaycanla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər. Dövlət başçısı əvvəlki dövrlə müqayisədə təbliğat savaşında üstünlük qazandığımızı qeyd etməklə yanaşı, növbəti hədəflər barədə də danışıb. “Bizim yeganə zəif yerimiz media məkanı idi. Bu zəifliyin təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar, dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər”, - prezident deyib.
Əslində bu, adıçəkilən qurumlara, həmçinin media təmsilçilərinə təqdim olunan Yol Xəritəsidir. Hazırkı “nə sülh, nə müharibə” şəraitində qarşımızda duran əsas vəzifə təkcə düşmən təbliğatına cavab vermək deyil, həm də hücum taktikasından yararlanmaqdır.
Erməni lobbisinin anti-Azərbaycan kampaniyasını, Qarabağla bağlı saxta təbliğatını alt-üst etmək üçün, təbii ki, mediamızın, diasporumuzun və diplomatik korpusumuzun koordinasiyalı şəkildə fəaliyyət göstərməsi yalnız milli maraqlarımızın xeyrinə olar. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev də yanaşmanı bölüşərək qeyd edir ki, vətənpərvər media həmişə milli maraqlarımızın keşiyində dayanıb, ölkəmizin informasiya məkanının immunitetini və xarici dezinformasiya xarakterli məlumatlardan qorunmasını təmin edib: “Müasir dövrdə saxta xəbər, dezinformasiya və təbliğat kimi meyllərin gücləndiyi bir şəraitdə vətənpərvər medianın üzərinə çox ciddi öhdəliklər və məsuliyyət düşür. Xüsusilə aprel döyüşlərində Azərbaycan dövləti və xalqı, o cümlədən vətənpərvər mediamız birgə fəaliyyət göstərdi və bunun nəticələri göz qabağındadır. Ermənistanın dövlət və erməni lobbi təşkilatları səviyyəsində apardığı təbliğat və dezinformasiya tamamilə alt-üst edildi, Azərbaycanın haqq səsi dünya media məkanına da çıxarıldı. Bu istiqamətdə də pozitiv işlərimiz davam edir. Amma bir obyektiv reallığı da təəssüf hissi ilə qeyd etməliyik ki, beynəlxalq səviyyədə və bir sıra beynəlxalq media orqanlarının iştirakı ilə ölkəmizə qarşı məqsədyönlü dezinformasiya və saxta xəbər köklü kampaniyalar aparılır. Belə bir şəraitdə Azərbaycan mediasının, bizim xaricdəki diplomatik nümayəndəliklərimizin və diaspora təşkilatlarımızın səylərinin daha da birləşdirilməsini vacib edir. Xüsusilə xarici dilli medianın dünya media məkanına ölkəmizin haqq səsinin çatdırılması və saxta təbliğat materialların qarşısının alınması baxımından önəmi böyükdür. Bu sahədə də əlaqələndirilmiş şəkildə işimizi aparırıq. Təbii ki, səylərimizin daha da artırılmasına ehtiyac var”. H.Hacıyev bir sıra hallarda “sədd”in yarıldığını deyir. Amma qeyd edir ki, Qərb ölkələrində fəaliyyət göstərən media orqanları var ki, onlar jurnalist obyektivliyinui özlərinə bir prinsip kimi seçsələr də, obyektivliyə riayət etmirlər: “Məsələn, ”Guardian" qəzeti ölkəmiz haqqında yalan dolu materialları dərc edir, Azərbaycan tərəfinin fikrinə yer ayırmır, hətta biz cavab hüququndan istifadə edib öz mövqeyimizi bildirməyə çalışsaq da, buna şərait yaratmır. Bu, qərəzli təbliğatdır. Hətta “Vaşinqton Post” qəzeti ilə bağlı Vaşinqtondakı diplomatik dairələrdə belə bir zarafat meydana gəlib ki, bu qəzet ancaq havadan, idmandan və Azərbaycandan yazır. Biz cavab hüququndan istifadə etmək istədikdə isə çox məhdud və nadir hallarda buna imkan verilir".

Azərbaycandakı informasiya agentlikləri və xəbər portallarında xəbərlər müxtəlif dillərdə yayılır ki, bu da kifayət qədər əhəmiyyətlidir. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ölkəyə əcnəbi jurnalistlərin dəvət olunmasını vacib sayır. Hesab edir ki, həmin jurnalistləri Qarabağ müharibəsindən əziyyətlər çəkmiş insanlarla görüşdürməliyik, hətta təmas xəttinə qədər aparıb real vəziyyətlə tanış etməliyik. Şura sədri təsdiqləyir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) də milli savaşımızda mühüm rola malikdir: “Əlbəttə, KİV DF büdcəsinə uyğun fəaliyyət göstərir.

Əgər qurumun büdcəsi indikindən böyük olarsa, o halda əcnəbi jurnalistlərin ölkəmizin səfərlərinin təşkili, ölkə jurnalistlərinin ingilis dilini təkmilləşdirməsi ilə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi kimi işləri həyata keçirmək mümkün olar. Eyni zamanda biz geniş imkanlardan istifadə edib Azərbaycanda ingilis dili korpusunu gücləndirə bilərik. Bu da tədrislə bağlı məsələdir. Dərsin keyfiyyətinin yaxşı olunması üçün xaricdən jurnalistlərin dəvət olunması, eyni zamanda Azərbaycan jurnalistlərinin müəyyən müddətdə xarici KİV-lərdə təcrübə keçməsi, yaxud tanınmış əcnəbi jurnalistlərin Azərbaycana dəvət olunması, hansısa qəzetdə bir neçə ay işləyib öz məktəbini yaratması, peşəkarlığını yerli jurnalistlərə aşılaması istiqamətində ciddi işlər görmək mümkündür. Lakin bütün bunlar istək və güclü maliyyənin başındadır. Əlbəttə, belə məsələlər dövlət yardımı sayəsində həyata keçirilməlidir”.
Real vəziyyət belədir ki, Azərbaycan dövlətinin bu məsələləri həll etmək üçün iradəsi var. Azərbaycana xaricdən yönələn hücumları demək olar ki, əsasən media vasitələri ala bilir və əks-hücuma keçib həqiqətlərimizi yayır. Qarabağ məsələsi isə bizim həqiqətlərimizin ana xəttini təşkil edir. İnternet mediasına maliyyə yardımının göstərilməsi də bu istiqamətdə ciddi addım olardı. Qeyd edək ki, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli demişdi ki, onlayn mediaya dövlət dəstəyi olacaqsa, ilk növbədə xarici dillərdə yayımlanan media orqanlarına önəm veriləcək. Ə.Amaşov da o fikirdədir ki, Azərbaycanın imicini xaricdə formalaşdıran media orqanlarına önəm verilməsi ümumi işimizin xeyrinə olar: “Dövlətimizin apardığı haqq işində qalib gəlməyimiz üçün ilkin mərhələdə onlayn mediaya yardımı təşkil etməliyik. Mən parlamentdə də vaxtaşırı çıxış edərək bildirirəm ki, mediaya dövlət dəstəyi artırılmalıdır. İndiki vəsait geniş, əhatəli fəaliyyət göstərməyə hələlik imkan vermir”.
Azərbaycan ərazilərinin işğalı barədə beynəlxalq tribunalarda vaxtaşırı çıxışlar olur. Lakin əcnəbi jurnalistlərin ölkəmizə dəvət olunması, baş verənlərə onların özlərinin şahidlik etməsi və bu barədə onların reportajları ictimai rəyin formalaşması istiqamətində daha effektli üsullardandır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu da bizimlə razılaşır. Təşkilat rəhbəri deyir ki, ölkəmizin ağrılı probleminin olduğu şəraitdə biz beynəlxalq media ilə əməkdaşlıq etmək zorundayıq: “İstər Qərb, istərsə də Şərq ölkələrində bu istiqamətdə atılan bütün addımların az da olsa, təsiri olur. Məsələn, biz son bir ildə Özbəkistan jurnalistlərinin, Avropadakı beynəlxalq ekspertlərin, Qətərdən olan media mənsublarının, ”Əl-Cəzirə"nin əməkdaşlarının, son olaraq Misirin 6 böyük media qrupunun rəhbərinin ölkəmizə səfər etməsinə nail olduq. Artıq Misir mətbuatında ölkəmizlə bağlı yazılar dərc olunmağa başlayıb. Bura gələn media qurumlarında eləsi var idi ki, orada 12 mindən artıq insan çalışır, 1,5 milyona yaxın tirajlı olan qəzet var idi. Xüsusilə iki qəzetin, birinin 1 milyon 250 min, digərinin 1 milyon 350 min tirajı var idi. Onların içərisində televiziyası olan qurum var idi. Misir ərəb dünyasının ən böyük ölkələrindən biridir. 23 ərəb dövlətində 30 milyondan çox ərəb yaşayır. Həmin media qurumları bu ölkələrdə yayımlanır. Bizim bu istiqamətdə görə biləcəyimiz işlər var. Sonuncu dəvəti İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovla birgə həyata keçirmişdik və bu istiqamətdə birgə yeni layihələr düşünürük, əməkdaşlıq edəcəyik. Biz ötən illərdə hansı qapını döymüşüksə, o qapının arxasından cavab gəlib".

Xarici media ilə məlumat mübadiləsi Qarabağ həqiqətlərinin yayılmasında olduqca önəmlidir. Bu sahədə xeyli irəli getmiş “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev bildirir ki, burada əsas rolu dil üstünlüklərinə malik olan kadr potensialı oynayır. Eyni zamanda, materiallar o qədər faktlarla zəngin və oxunaqlı olmalıdır ki, xaricdə ona istinad edilsin. “Müharibə tək səngərlərdə getmir, diplomatik sahədə, qeyri-hökumət təşkilatları, diaspor qurumları səviyyəsində də müharibə aparmaq gərəkdir”. Son dörd ayda Agentliyin beynəlxalq media marketə çıxartdığı məhsulların 400-dən çoxu dünyanın iki böyük informasiya yayıcısı olan Bloomberg tərəfindən satın alınıb. Bundan başqa, erməni yalanlarını ifşa edən yazılar dünyanın bir sıra aparıcı informasiya resurslarında yayılıb. “Trend”dəki beş xidmət öz materiallarını altı dildə yayır. Demək olar ki, hər bir xidmət aidiyyəti dövlətlərin media və digər qurumları ilə gündəlik əlaqə saxlayır, mühüm xəbərləri yayımlayırlar və əksinə, onlara da öz materiallarını verirlər. Demək olar ki, “Trend” bu gün dünyanın bütün aparıcı KİV-ləri ilə əlaqə qurub və ya bu istiqamətdə işlər aparır. Əsasən də ABŞ, Avropanın aparıcı dövlətləri və MDB məkanı ilə...
Ayrı-ayrı həmkarlarımızın təcrübəsi göstərir ki, hətta fərdi qaydada çalışıb, həqiqətlərimizin yayılmasına nail olmaq mümkündür. Jurnalist Əli Zülfüqaroğlu deyir ki, bunun üçün ilk növbədə istək lazımdır. Həmkarımız son zamanlar bir neçə ölkənin mediasında çap olunub. “Biz Azərbaycanda 4 jurnalist qərar verdik ki, bu istiqamətdə çalışaq və hərəmiz 2-3 ölkəni seçdik və nəticə də oldu. 1 qəpik belə xərc çəkmədən yazılarımızı çap etdirə bildik. Bu ölkələrə İtaliya, Rusiya, Litva, Avstraliya və digər ölkələri aid etmək olar. Şərt o deyil ki, dünyaca məşhur media orqanında yazasan. Avropa ölkələrində əyalət qəzeti belə 150-200 min tirajla nəşr olunur və böyük oxucu kütləsi var. Burada Azərbaycanla bağlı 10 adamın belə, yazı oxuması çox önəmlidir. Bundan başqa, Almaniya mediası üçün Qarabağ problemi və ermənilərin Azərbaycanla yanaşı Gürcüstana qarşı da separatçı təhdidlərin olması ilə bağlı Gürcüstan mediası, həmçinin müxtəlif ölkələrin mediasında yayınlanmasını nəzərdə tutduğumuz müəyyən mövzuları əhatə edən yazılar hazırlamışıq”- Zülfüqaroğlu əlavə edir.

2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Lələ təpə yüksəkliyinə, həmçinin prezident sərəncamı ilə bərpa edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təkcə ölkə vətəndaşlarının deyil, həm də xarici media mənsublarının, diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin axını oldu. Bu ünvanları ziyarət edən hər kəs Azərbaycan xalqının Qarabağa qayıdış üçün canından keçməyə hazır olduğunu, bu ərazilərdən heç zaman vaz keçməyəcəyini gördü. 4 iyul 2017-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olmasından sonra isə dünya ictimaiyyəti məhz dövlət qurumları, QHT və medianın birgə fəaliyyəti nəticəsində Xocalı qatili Serj Sərkisyanın rəhbərlik etdiyi Ermənistan ordusunun növbəti cinayətlərinə şahid oldu. Bir zamanlar erməni diasporu ilə bağlı mif yaradılmışdı, artıq o mif dağılmaq üzrədir. Bənzər rəy təmas xəttində “Ohanyan səddi” ilə əlaqədar da yaradılmışdı. Ancaq 4 günlük aprel döyüşlərində ordumuz ermənilərin “keçilməz” saydığı səddi yarım min hektarlarla torpağı azad etdi. Deməli, çalışanda nail olmaq mümkün olur. Bunun konkret iki nümunədə şahidi olduq. Daha böyük qələbələr naminə isə daha böyük əzmlə, istəklə, peşəkarlıqla çalışmaq lazımdır. Zamanı çatanda Azərbaycan əsgəri düşmənin təmas xəttindəki səddini yarıb bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaq. Hələliksə davam edən təbliğat müharibəsində sədləri qeyri-hərbçilərin, o cümlədən biz jurnalistlərin yarması zamanıdır. Ölkə sərhədlərində yarılan hər sədd ordumuzun da mövqelərinin möhkəmləndirilməsi deməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.
