|
Müxalif partiya sədrinin hakimiyyətə təklifinə cavab gəldi

Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyev hakimiyyət qarşısında maraqlı təkliflə çıxış edib. Onun təklifi geniş müzakirələrə səbəb olub. Partiya sədrinin təklifinin əsasını İspaniya və Avropa Birliyinin Kataloniya problemindən Qarabağ müşkülümüzün aktuallaşdırılması üçün düzgün istifadə edilməsindən ibarətdir.

Ötən təklifində Azərbaycanın dövlət rəsmilərinin birinin ən yüksək səviyyədə İspaniya siyasi rəhbərliyinə Madridlə Barselona arasında vasitəçiliyə təşəbbüs etməsi ilə çıxış edən Əli bəy artıq bu dəfə səfərin gerçəkləşdirilməsinin vacibliyindən söz açır.

Sitat: “Təklif edirəm ki, Azərbaycan dövlətinin müvafiq qurumu (XİN) Azərbaycan siyasi rəhbərliyinin İspaniya krallığına rəsmi, yaxud işgüzar səfərini hazırlasın. Ya prezident, lap yaxşı olar ki, I vitse-prezident səfər edib, baş nazir Rahoya digər protokol tədbirləri görməklə yanaşı, vasitəçilik təklifi versin. Vasitəçilik məkanı Brüssel də ola bilər. Bizə lazımdır ki, separatizmdən əziyyət çəkən dövlət kimi, təcrübə mübadiləsi imkanımızın varlığını ispanların boynuna qoyaq. Belə təklifin yalnız rəsmi səviyyədə səsləndirilməsinin özü hadisə olacaq. Əgər bu vasitəçiliyə nail ola bilsək, dünya Qarabağ probleminin analogiyada nədən ibarət olduğunu görə biləcək”.

VİP sədri I vitse-prezident Mehriban Əliyevanın vasitəçilik etməsinin vacibliyi barədə fikirlərini bir neçə arqumentlə əsaslandırır: “Rahoyun ölkəsindəki statusu ikincidir. Bizim də konstitusion ikincimiz vəziyyəti bərabərləşdirər. Bizim ikinci şəxsimiz qadındır. Bu, gender məsələsi olsa da, yumşaqlıq, sülhpərvərlik, Analıq missiyası kimi təqdim edilə bilər. Mehriban Əliyevanın müharibə sahəsində heç bir kəskin bəyanatı, sərt mövqeyi olmayıb. Danışıqlar və vasitəçilik üçün, Qarabağ probleminin həlli yolunda mühüm keyfiyyət, siyasi-bioqrafik statusdur. Bu səfər həm də ilk rəsmi səfər statusunda Azərbaycan cəmiyyəti üçün lazımdır ki, Qarabağ məsələsi həm iqtidar, həm də müxalifət üçün birinci dərəcəli məsələ olduğu nümayiş etdirilsin”.

Ə.Əliyev Qarabağ və digər milli məsələlərdə iqtidar və müxalifətin bir cəbhədə olmasının önəmini də qeyd edib.

Image result for Fəzail Ağamalı

İqtidaryönlü deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında Ə.Əliyevin təklifinin həyata keçirilməsinin mümkünsüzlüyündən söz açdı: “Düşüncəmə görə, bu təklif reallaşması mümkün olmayan, reallıqdan uzaq bir təklifdir. Çünki artıq İspaniya Kataloniya məsələsini, demək olar ki, həll edib, Avropa Birliyi İspaniyanın yanında oldu, bütün dövlətlər Kataloniyanın müstəqilliyini tanımadılar, onların atmış olduqları addımı pisləyən bəyanatlarla çıxış etdilər. Əminəm ki, bu məsələ İspaniyada bitdi. Ola bilər ki, muxtariyyətin hüquqları bir az genişləndirilsin. Lakin Kataloniya məsələsində Azərbaycanın vasitəçilik etmək məsələsi real deyil. Ölkəmizin bu təkliflə çıxış etməsinə bu gün ehtiyac da duymuram. Amma keçirilən referenduma Avropanın sərt mövqeyi kifayət qədər düşündürücüdür. Xatırlayırsınızsa, prezident İlham Əliyev və ölkə başçısının İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son Brüssel sammitində bu fikirlər dövlət adından səsləndirdilər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həllini tapmalıdır. Kataloniya problemi də İspaniya Konstitusiyası ilə həll olunmağa başladı. Biz, sadəcə, olaraq bundan istifadə etməliyik. İspaniya da, Azərbaycan da Avropa ölkəsidir. Necə olur ki, İspaniyanın ərazi bütövlüyünün təmin olunmasında, Kataloniya müstəqilliyinin tanınmamasında Avropa Birliyi ispan konstitusiyasını əsas götürür, amma Azərbaycanın 20% torpağı işğal olunub, lakin sonuncu Brüssel sammiti istisna olunmaqla, Avropa ölkəmizin ərazi bütövlüyünü ifadə etməyib. Kürdüstan məsələsinə diqqət edək, dünya demək olar ona qarışmadı. Ermənistana təzyiq olunmur, əksinə, təcavüzkar ölkə Avropa İttifaqı ilə münasibətlərini möhkəmləndirir”.

Deputat Mehriban Əliyevanın vasitəçi olmaq təşəbbüsünün irəli sürülməsinə də toxundu: “Mehriban xanım Azərbaycanın siyasi həyatında kifayət qədər ciddi nüfuz qazanan, ölkə başçısından sonra böyük reytinqi olan bir siyasətçi, dövlət xadimidir. Müharibə, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı ölkə prezidentinin bəyanatları var. Onun bəyanatları əslində dövlətin mövqeyini ifadə edir, bu mövqe də şübhəsiz ki, Mehriban xanımın mövqeyidir. Mehriban xanımın da mövqeyi ölkə başçısı qədər sərt və birmənalıdır. Nəzərə alaq ki, bu gün İspaniyada müharibə getmir, radikal xarakter daşıyan qarşıdurmalar yoxdur. Bütün məsələlərin həlli İspaniya qanunları ilə həyata keçirilir. Belə olan halda söhbət hansı sülhdən gedir? Problemlər qarşıdurma həddinə çatmayıb ki, Mehriban xanım rəhbəri olduğu sülh missiyası Azərbaycan tərəfdən ora göndərilsin. Mehriban xanımın fəaliyyətində humanizm, insanlara göstərdiyi qayğı, xüsusilə, kimsəsiz uşaqlara göstərdiyi qayğı daim öndə olub. Mehriban xanım I vitse-prezident olandan sonra statusu daha da genişlənib. Zamanı gələndə təbii ki, o, statusun ona verdiyi imkanlara uyğun olaraq dövlətçiliyimizin bu və ya digər məsələlərində öz töhfəsini verəcək, münasibətini ifadə edəcək. Vaxtı gələndə o, sülh çağırışları ilə də çıxış edəcək, ehtiyac olanda silahlı qüvvələrimiz vasitəsilə ərazi bütövlüyümüzün təmin olunması mövqeyini də ortaya qoyacaq. Əli müəllimin Mehriban xanıma xoş münasibətini, ona rəğbətini təqdir edirəm. Yüksək qiymətləndirirəm ki, bu gün müxalifətin içərisində də belə obyektiv düşünən insanlar var. Bu çox müsbət haldır. Lakin Mehriban xanım haqqında müsbət fikirlərlə bərabər, onun İspaniyada sülh təşəbbüsü ilə çıxış etməsinin əsaslarını görmürəm. Əgər bu əsaslı olsaydı, İspaniya və başqa ölkədə, ola bilsin ki, bu məsələnin üzərində müəyyən fikir mübadiləsi aparmaq olardı. Amma indiki vaxtda İspaniyada bu cür problemlər yoxdur ki, biz bu məsələni gündəmə gətirib, onun geniş müzakirəsinə rəvac verək. İspaniyadakı durum buna əsas vermir”.