|
Məhkəmə dələduzluqda suçlanan 2 şəxsə bəraət verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılov Kifayət Dostumalıyeva və Kənan Yusifova bəraət verib.

İttihama görə ana-oğul Bakı şəhərində “Sədərək” ticarət mərkəzində mağaza açmaq adı ilə Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçiriblər. K.Dostumalıyevaya və K.Yusifova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. K.Dostumalıyeva ibtidai istintaq zamanı həbs olunub, K.Yusifov barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Zərərçəkən Rəna Verdiyeva hakim Eldar İsmayılovun çıxardığı hökmü qanunsuz hesab edir. Deyir ki, hakimin çıxardığı qərar 4 il ərzində aparılan ibtidai istintaqın gəldiyi nəticəyə ziddir, dəlil və sübutlar nəzərə alınmadan çıxarılıb. O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hökmdən apelyasiya şikayəti hazırlayırlar.

K.Dostumalıyeva ilə münasibətlərinə toxunan  R.Verdiyeva bildirib ki, Tovuz rayonundan Tamara adlı rəfiqəsi vasitəsi ilə tanış olub: “Tamara mənə zəng edərək görüşmək istədi. Mən rayonda olduğumdan görüşmək qərarına gəldim. Qayınatamı götürüb onunla görüşə getdim. Görüşdə Tamara bildirdi ki, bir qohum var, o Tovuzda elektrik mallarının alverini edir. Amma o qədər pul vəsaiti yoxdur. Məni Kifayət və oğlu Kənanla tanış etdi. Sonra Kifayət Dostumalıyeva əri və oglu Kənanla bizə gələrək birgə işləmək üçün razılıq istədilər. Razılıqdan sonra ilk dəfə 2012-ci ilin sentyabrında Kifayət Dostunalıyevaya notarial qaydada 20 min manat verdik. Bir müddətdən sonra Kifayət və oğlu Kənan mənə bildirdilər ki, Tovuzda camaat mallari nisyə alır və pulları yığa bilmirik. Bizim ”Sədərək" ticarət mərkəzində 2 mağazamız var. Orada alver daha yaxşı gedəcək. Mən razılaşdım və Bakıda işləmək qərarına gəldik.

2012-ci ilin noyabrında 120 min manat pul verdim. Təxminən üstündən 10 gün keçmişdi ki, Kənan mənə zəng edərək bildirdi ki, mallar gəlib gömrükdə qalıb. 10 min manat lazımdır ki, malları çıxardaq. Məcbur olub 10 min manatı da onlara verdim. Mallar gəldi, biz yoldaşımla gedib mağazaya baxdıq. Mallar “Kinq” şirkətinə aid idi. Bir müddətdən sonra Kifayət Dostumalıyeva mənə 5-6 kart verdi. Dedi ki, malları rayonlara paylamışıq, pulları yığana qədər bu kartlardan istifadə et. Yəni kartlardan pul çək. Bir müddət kartlardan pul çıxarıb borclarımızı qaytarmağa başladıq. Bir müddət ticarətimiz davam etdi. Sonra mən onlarla haqq-hesab etməyi tələb etdim. Onlar isə müəyyən bəhanələrlə yayınmağa başladılar. Bundan sonra israrla verdiyim pulları geri tələb etdim. Kifayət Dostumalıyeva bildirdi ki, pulları “King” şirkətinin prezidenti Amur Məhərrəmova vermişik. Amur Məhərrəmovun telefon nömrəsini verərək dedi ki, get pulunu ondan tələb et. Amur Məhərrəmova zəng etdim. Dedim ki, Kifayət Dostumalıyevanın aldığı malların pulları mənə məxsusdur, görüşməyi tələb etdim".

R.Verdiyeva deyir ki, A.Məhərəmovla söhbət zamanı ona məlum  olub ki, “Sədərək” ticarət mərkəzindəki mağazalar K.Dostumalıyevaya məxsus deyil: “Amur Məhərrəmov dedi ki, Kifayət və oğlu Kənan tərəfindən ona heç bir məbləğ verilməyib. Kifayət və Kənanın özlərinə məxsus olduğu kimi təqdim etdikləri mağazaların da Amur Məhərrəmova məxsus olduqlarını bildim. Aydın oldu ki, Kifayət və oğlunun məndən aldıqları 150 min  manat pul biznesə yatırılmayıb, mallara verilməyib. Amur Məhərrəmovla söhbətimdən sonra həmin gecə Kifayət Dostumalıyevanın oğlu Kənan Yusifov telefonuma hədələyici mesaj yazdı. Gecə yarısı evim daşlandı”.

R.Verdiyeva deyir ki, aldadıldığını başa düşəndən sonra  ona K.Dostumalıyeva tərəfindən verilən bank kartlarının kimə məxsus olduğunu araşdırıb: “Öyrəndim ki, kartlar  Abseron rayon, Novxanı qəsəbəsində yerləşən 1 nömrəli orta məktəbin müəllimlərinə məxsusdur. Onlarla əlaqə yaratdım. Dedilər ki, Kifayət Dostumalıyevadan faizə pul götürüb əmək haqqı kartlarını təminat kimi ona vermişik. Başa düşdüm ki, məndən alınan 150 min manat faizə paylanıb”.

R.Verdiyeva aldadıldığını başa düşərək hüquq mühafizə orqanlarına müraciət edib: “Daxili İşlər Nazirliyinə müraciət etdim. Müraciətim araşdırılmaq üçün DİN Baş  Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə göndərildi. Orada aparılan araşdırma məni qane etmədiyindən baş prokrorun müavini Rüstəm Usubova muraciət etdim. 2014-cü ilin əvvəlində mənə qarşı törədilən dələduzluq əməli ilə bağlı CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlandı. Baş prokurorun müavini işi şəxsi nəzarətə götürdü. İş materialları araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərildi”.

R.Verdiyeva bildirir ki, iş müstəntiq Rüstəm Bayramova həvalə olunub: “Kifayət Dostunalıyeva istintaqdan yayındığından barəsində həbsli axtarış elan olunub. Onu və oğlunu Tovuzda saxlayaraq istintaqa cəlb ediblər. İstintaq dövründə Kifayət Dostumalıyeva barəsində həbs qəti-imkan tədbiri seçilib,  oğlu Kənan Yusifov barəsində isə heç yerə getməmək haqda qəti imkan tədbiri seçilib”.

R.Verdiyeva görə, uzun müddət aparılan istintaq zamanı ona qarşı dələduzluq edildiyi fakt və sübutlarla təsdiqlənib:“Lakin hakim Eldar İsmayılovu həqiqət yox,  öz mənafeyi maraqlandırırdı. Pulla satın alınan hakimlər də var imiş”.

Şikayətçi bir daha baş prokurorun 1-ci müavini Rüstəm Usubova müraciət edəcək: “Məhkəmədə prokuror hər iki şəxsə cəza verilməsini tələb etmişdi. Lakin hakim qanunsuz olaraq bəraət hökmü çıxardıqdan sonra prokuror hökmdən protest verilməyəcəyini bildirdi. Halbuki Rüstəm Usubov məni dinləyib bildirmişdi ki, mənə qarşı dələduzluq olub, aldadıb 150 min manat pulumu iş qurmaq adı ilə alıblar. Sonradan isə həmin pulu faizə veriblər. Bundan mənim xəbərim olmayıb. Bu gün də mənə qarşı edilən dələduzluq Eldar İsmayılov kimi hakimlərin qanunsuz hökmü ilə araşdırılmamış, qiymət verilməmiş qalıb. Rüstəm Usubovdan xahiş edirəm ki, işi şəxsi nəzarətinə götürüb ədalətli məhkəmə qərarının verilməsinin təmin olunmasına yardımçı olsun”.