Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirinin facebook səhifəsində paylaşdığı son dini video geniş müzakirələrə səbəb olub. “İran şiəliyinin ardındakı gerçək” adlanan videoda bir sıra təzadlı məqamlar var.
Sabiq baş prokurorun İran rejiminə münasibəti mənfi olduğu və sünnilərə simpatiyası olduğu üçün bu cür təbliğat xarakteri daşıyan paylaşım etməsi barədə iddialar var.
“Yeni Müsavat”a açıqlamasında İ.Şirin bu iddiaları yalanladı, şiə məzhəbinə bağlı olduğunu söylədi: “Bu məsələ ilə bağlı Azərbaycanda müzakirə aparılmasına ehtiyac var. Biz bunların həqiqətə çatması üçün məhz müzakirələr aparmalıyıq. Fars şiəliyi ilə bağlı müəyyən söz-söhbətlər gəzir. Bizim üçün bu məsələ tam aydın olmalıdır ki, türk və fars şiəliyi arasında fərqlər varmı? Biz belə müzakirələr aparmaqdan çəkinməməliyik. Keçmiş baş prokuror olmaqdan daha vacibi mən bir azərbaycanlıyam. Bu baxımdan belə bir dini video paylaşdım və düşündüm ki, bu istiqamətdə hər hansı bir müzakirələr aparmağın heç bir zərəri olmaz. Mən şiəyəm. Əhli-Beyt eşqi ilə yaşayan ocağın nümayəndəsiyəm. Atamın evi ocaq olub. Müsəlmanam, çalışıram ki, ibadətlərimə əməl edim. Əslində mən nə şiəyəm, nə də sünniyəm, müsəlmanam. Bu ayrılıqları qurtarmaq lazımdır. ”Bu şiədir, bu sünnidir" kimi məsələləri İslam aləmindən götürmək lazımdır. Bu bizim inkişafımıza, dostluğumuza, münasibətlərimizə çox böyük əngəldir. Kim nə ilə istəyirsə yaşasın. Amma bunu çox qabardıb qarşıdurma yaradacaq səviyyəyə çatdırmamalıyıq. Biz araşdırmalıyıq ki, şiəliklə bağlı gəzən söz-söhbətlərin kökü haradandır, şiəlik nədir, fars və türklər arasında, eləcə də, başqa xalqlarla fars və türkləri şiəliklə bağlı ayıran nədir. Araşdırmalıyıq ki, farslar və bizlər arasında hansı dinlə bağlı fərqlər var ki, onların bizə münasibətləri bir qədər soyuqdur. Məhz bunları aydınlaşdırmağımız çox vacibdir. İstənilən mövzu müzakirəyə açıq olmalıdır. O videoda deyilənlərə inanıb-inanmamaqla bağlı heç nə deyə bilmərəm. Müzakirə etmək lazımdır. İndiki İran rejiminə elə bir mənfi münasibətim olmadığı üçün bu videonu onların əleyhinə paylaşmaq kimi niyyətim olmayıb".
İ.Şirin Azərbaycan-İran münasibətlərinin vacibliyinə də toxundu: “Hazırda Azərbaycan-İran münasibətləri getdikcə yaxşılaşır. Bunu Azərbaycan və İran üçün vacib münasibətlər sayıram. Hər iki ölkə arasında işbirliyi təbii olmalıdır. Çünki biz bir mədəniyyətin yetişdirdiyi xalqlarıq, eyni mədəniyyətin üzərində formalaşmışıq. Biz düşmənçilik üzərində qurmadan farslar üçün də çox xeyirli olacaq müzakirələr aça bilərik. Bu dövrdə qapalı heç bir məsələ ola bilməz. Məndə bir sual yaranıb. Əgər Əhli-Beyt insanlarının, imamlarının ulu nənələri İran şahlarının şahzadələrindən biri olsa, bunun nəyi pisdir ki? Əksinə, bu şəxslər o dövlətin varisləri kimi farslar üçün dəyərli insanlara çevrilirlər. Həm dini, həm də qan bağlılığı baxımından xoş bir münasibət yarana bilər. Bu da İslamın farslara qəbul etdirilməsində onların heç bir şey itirmədiklərini göstərir.
Müəyyən zamandan sonra düşünürəm ki, həm İranda yaşayan türklərin həyatında, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İranın müsbət mövqeyinin şahidi olacağıq. Bu da hər iki ölkə xalqı arasında daha da yaxın münasibətlərin yaranmasına səbəb olacaq. Bunun olmasının tərəfdarıyam. Şiəliyi tənqid edənlər də az deyil, buna səbəb də odur ki, biz şiəliyin köklərinə doğru gedə bilmirik, aydınlaşdırmaq istəmirik. Bunu etmək İslamın yollarından biridir. Özü də bunları İslamın verdiyi dəyərlərlə deyil, tarixin axarında gedən proseslərlə araşdırmalıyıq, o zaman hər şey tam aydınlığı ilə bizə məlum ola bilər".

Dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, bu mövzunun ətrafında uzun zamandır müzakirələr gedir: “Bir növ bu mövzu çeynənmiş bir mövzudur. Farsların şiəliyə daha çox bağlı olmalarının Sasani sülaləsi ilə bağlanması, yəni farslıqla şiəliyin özləşdirilməsi cəhdləri olub. Amma bunların hamısının tarixi və məntiqi baxımından cavabları var. Birincisi, farslar türklər tərəfindən şiələşdiriliblər. Özü də Səfəvi dönəmindən sonra farsların şiələşdirilməsi baş verib. Əslində İmam Hüseyninin oğlu Zeynaləbəddinin sasani şahzadəsindən olması barədə fikirlər də şübhəlidir. Digər tərəfdən, məntiqlə Zeynaləbəddin təbliğ olunması, müqəddəsləşdirilməsi lazım idi. Çünki o, həm Peyğəmbər qanı daşıyırdı, həm də sasani. Bunlar müzakirə edilən və müzakirə olunmaqda davam edəcək mövzulardır. Bunun üzərindən hansısa bir xalqın hansı məzhəbdə daha çox olmasını izah etmək absurddur”.
