|
Səadət Mirzəyeva: Tahir Salahovun əsərlərini görmək üçün dünyanın müxtəlif yerlərindən insanlar Bakıya gəlir

Dünyaca tanınmış rəssam, müasir Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, əsərləri milli incəsənət xəzinəmizin qızıl fonduna daxil edilmiş Tahir Salahovun yaradıcılığı ilə tanış olmaq üçün dünyanın müxtəlif yerlərindən insanlar Bakıya gəlir. Tahir Salahovun ev-muzeyinə paytaxt sakinləri ilə bərabər, MDB, Avropa, ABŞ və İsraildən çoxlu turistlər gəlir. Onlar məhz Tahir Salahovun əsərlərini görmək üçün bu məkana gəlir.

Bu sözləri müsahibəsində Tahir Salahovun ev-muzeyinin direktoru Səadət Mirzəyeva deyib.

Səadət Mirzəyeva bildirib ki, 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Tahir Salahovun ev-muzeyi yaradıldı və görkəmli rəssam öz əsərlərini - 798 eksponatı muzeyə hədiyyə etdi. Onlar arasında sənətkarın rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv var. Həmçinin Tahir Salahovun qədim mis kolleksiyası ev-muzeyində nümayiş olunur. Görkəmli incəsənət xadiminin əsas məqsədi, ölkəmizə gələn əcnəbilərin Azərbaycanın necə bir qədim və zəngin mədəniyyəti olan ölkə olduğunu sərgiləməkdir. Ekspozisiya 3 mərtəbədə yerləşdirilib. Muzeydə memorial hissə var, ekspozisiyanın böyük bir hissəsi rəssamın yaradıcılıq fəaliyyətini nümayiş etdirir, yuxarı mərtəbədə isə onun emalatxanası yerləşir.

Səadət Mirzəyeva vurğulayıb ki, ölkəmizdə gəncləri rəssamlığa və yaradıcılığa cəlb etmək üçün şagirdlər və tələbələr arasında daim maarifləndirmə işləri aparılır, müxtəlif tədbirlər həyata keçirilir.

Cia.az