|
Ərdoğanın ailəsi Mənsimovun daha bir gəmisini aldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı Mustafa Ərdoğan, oğlu Nəcməddin Bilal Ərdoğan və yeznəsi Ziya İlgenin ortaq şirkəti "BMZ Group Denizçilik" azərbaycanlı oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovun daha bir neft tankerini satın alıb

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “BMZ Group Denizçilik” Mübariz Mənsimovun "Palmali Denizçilik" şirkətinin təsisçiliyi ilə Maltada qurulan "Armada Voyager Seven" şirkətinin mülkiyyətində olan “Şövkət Ələkbərova” tankerinə 18 milyon dollar ödəyib.

Tanker 140 metr uzunluğunda, 16 metr enindədir və 7 min ton su tutumuna malikdir. Tanker ötən il suya buraxılıb.

Gəminin satılması Mübariz Mənsimovla Ərdoğanın ailə üzvləri arasımnda ortaq gəmiçilik biznesinin bir hissəsidir. Bundan əvvəl Türkiyə mediası yazmışdı ki, “BMZ Group Denizçilik” şirkəti “Palmali Denizçilik” şirkətindən “Armada” tipli 10 neft tankeri sifariş edib.

Tankerlər “Palmali” şirkətinin ayırdığı kredit hesabına Ərdoğana yaxın iş adamının tərsanəsində yığılmalıdır. Müqavilənin şərtlərinə görə, həmin tankerləri daha sonra “Palmali” “BMZ Group”dan kirayəyə götürür.

Türkiyə mediası bu qəribə sövdələşmədən yazandan sonra "BMZ Group" tankerlərin 5-nin sifarişini ləğv edib.