|
11 ayın iqtisadi yekunları:

2017-ci ilin 11 ayı geridə qaldı. Bu 11 ayda milli valyutanın məzənnəsi sabit qalsa da, iqtisadiyyatın digər sahələrində sabitlik müşahidə olunmadı. Bank sektorunda sağlamlaşma prosesinə başlanılsa da, müsbət bir irəliləyiş əldə olunmadı. Problemli kreditlərin həcmi 1,8 milyard manatı keçdi. Kənd təsərrüfatı sahəsində müəyyən müsbət irəliləyişlər olsa da, hökumətin proqnozları tam doğrulmadı. Ölkənin ixrac potensialı müəyyən qədər artdı, tədiyyə balansında müsbət saldo yarandı. Bununla paralel olaraq, neftin qiymətinin də 55-60 dollar dəhlizində dəyişməsi manatın məzənnəsini dəstəkləyən amillər oldu.

Bəs görəsən, cari ilin 11 ayının yekunlarını iqtisadçılar necə qiymətləndirirlər?

İqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov 11 ayın iqtisadi yekunlarını “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, bu ilin iqtisadi göstəricilərini ötən illə müqayisədə pozitiv hesab etmək olar: “Dövlət Statistika Komitəsinin rəsmi məlumatları ilin yalnız son 10 ayının yekunlarını öz internet səhifəsində əks etdirib. Bu da təbiidir. 11 ayın rəsmi yekunları bu ilin dekabr ayının 15-dən sonra əldə oluna bilər. On ayın yekunları isə ümumilikdə pozitivdir. Ötən 10 ay ərzində Ümumi Daxili Məhsulun 0,7% azalması qeydə alınıb. Bu azalma cari ildə bilavasitə neft hasilatının azalması ilə bağlıdır. Bəs ÜDM cəmisi 0,7% azalmasına bir başqa yanaşım necə olmalıdır? Gəlin rəqəmlərə bir qədər diqqətlə yanaşaq. 2016-cı ilin 10 ayı ərzində ÜDM 2015-ci ilin 10 ayı ilə müqayisədə 3,7% azalmışdı, cari ilin 10 ayı ərzində isə bu azalma 2016-cı ilin 10 ayı ilə müqayisədə 5,2 dəfə kiçilmiş və o da əsasən 2017-ci ildə neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Deməli, 2016-cı ilin 10 ayı ilə müqayisədə cari ilin 10 ayı ərzindəki ümumi iqtisadi durum bütövlükdə pozitivdir və demək olar ki, cari ilin ötən dövrü ərzində 2016-cı ildə baş vermiş iqtisadi geriləmələr praktik olaraq aradan qaldırıla bilmişdi”.

Image result for Fikrət Yusifov

İqtisadçı onu da vurğuladı ki, cari ilin 10 ayı ərzində qeyri-neft Ümumi Daxili Məhsulu 2,1% arta bilib, halbuki 2016-cı ilin 10 ayı ərzində bu göstərici 2015-ci ilin 10 ayı ilə müqayisədə 5,5% azalmışdı: “Eyni qayda ilə demək olar ki, ötən 10 ay ərzində bütün başqa göstəricilər üzrə nəticələr də kifayət qədər pozitivdir. Sənaye məhsulunun həcmi ötən ilin 10 ayı ilə müqayisədə 0,2% azalıb, halbuki bu azalma 2016-cı ildə 2015-ci illə müqayisədə 4,6% təşkil edirdi. Əsas kapitala yönəldilmiş vəsaitlər 2016-cı ildə, 2015-ci illə müqayisədə 26,3% azalmışdısa, cari ilin 10 ayında bu azalma cəmisi 3% təşkil etmişdi. Kənd təsərrüfatında istehsal həcmində cari ilin 10 ayında 4% artım qeydə alınıb. Ancaq ötən ildə bu artım cəmisi 1,8% ola bilmişdi. Analoji olaraq nəqliyyat sektoru üzrə yükdaşımalarda və sərnişin daşımasında artımlar qeydə alınmış, dövlət büdcəsinin gəlir və xərcləri ötən 10 ayda keçən ildəkinə nisbətən müvafiq olaraq 12% və 13,5% arta bilmişdi. Halbuki ötən ildə 2015-ci illə müqayisədə dövlət büdcəsinin həmən göstəriciləri müvafiq olaraq 22,8% və 10,5% aşağı olmuşdu. Ötən 9 ay ərzində xarici ticarət dövriyyəsi 9,2% artmışdı. 2016-cı ilin 9 ayında isə bu göstərici 2015-ci ilin 9 ayı ilə müqayisədə 19,1% azalmışdı”.

F.Yusifovun sözlərinə görə, bu sahədə daha diqqətçəkən məqam qeyri-neft ixracının həcmində baş vermiş artımla bağlıdır: “Belə ki, ötən 9 ay ərzində bu sektordan ixracın həcmi 2016-cı ilin 9 ayı ilə müqayisədə 26,9% artmışdı. Ancaq 2016-cı ilin 9 ayında qeyri-neft sektorundan ixracın həcmi 2015-ci ilin 9 ayı ilə müqayisədə 28,5% azalmışdı. Bir il ərzində tək bu sahə üzrə göstəricilərdə nə qədər böyük bir irəliləyişin olması çox mətləblərdən xəbər verir. Biz ötən il ölkə iqtisadiyyatında baş verən tənəzzüllə bağlı yaranmış durumu da Dövlət Statistika Komitəsinin verdiyi məlumatlar əsasında təhlil edib vəziyyəti dəyərləndirirdik. İndi də həmin komitənin cari ilin 9 və 10 ayı üçün təqvim etdiyi rəqəmlər əsasında ölkədəki iqtisadi duruma qiymət veririk. Fərqin nədən ibarət olduğunu DSK-nin rəsmi rəqəmləri açıq-aydın göstərir. On ayda göstəricilərin bu qədər pozitiv olması o deməkdir ki, biz cari ili müsbət saldo ilə də yekunlaşdıra bilərik. Əgər bu baş verməsə belə, demək olar ki, 2017-ci il tənəzzüldən sonra iqtisadi artımların başlanğıcının qoyulduğu il kimi tarixə düşəcəkdir”.

İqtisadçı ekspert vurğuladı ki, cari ilin qalan dövrü ərzində və qarşıdakı ildə başlıca vəzifə isə hökumətin real sektorun sürətli inkişafını hədəfləyən strategiyasına uyğun islahatları davam etdirməkdən və qeyri-neft sektorundan ixracın həcminin dəfələrlə artırılmasına nail olmaqdan ibarətdir: “Neftə güvənmək olmaz! Onun qiymətlərinin sabit olacağına dair bəzi analitiklərin və hətta beynəlxalq araşdırmaçı institutların verdiyi proqnozlara inanmaq çox təhlükəlidir. Dünya avtomobil sənayesində inqilabın baş verməyə başladığı bir ərəfədə neftə olan tələbatın necə dəyişəcəyinə dair açıqlanan məlumatlar çox mətləblərdən xəbər verir. Bəzi hesablamalara əsasən, yaxın on ildə dünya bazarlarında neftə olan gündəlik tələbat təkcə bu hesaba 10 milyon barel azala biləcək. Bu artıq neft erasının sonu demək olacaqdır və hər kəsi inandırıram ki, bu heç 10 il də çəkməyəcək, daha tez bir zamanda baş verəcəkdir”.