|
“Lavrovun ermənipərəst mövqeyini qabartmaqda səhv edirik” iddiası

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənipərəst mövqedə olmasının Azərbaycanda daim qabardılması, ciddi tənqid atəşinə tuş gəlməsi ilə bağlı müxtəlif fikirlər meydana çıxıb. Xüsusilə Rusiyanın Azərbaycana təyin edilən yeni səfiri Georgi Zuyevə rəsmi Bakının etimadnamə verməməsi Lavrov istiqamətində gedən müzakirələri daha da artırıb.

Buna səbəb də, Azərbaycan tərəfin Zuyevin ermənipərəst mövqeli olduğu üçün səfir kimi qəbul etməməsidir. Belə fikirlər səslənir ki, Lavrovun erməni kökənli olmasını  qabartmaq düzgün taktika deyildi. Çünki rusiyalı nazir görünən odur ki, erməni sevgisindən əl çəkən deyil. Bu baxımdan, əslində ermənipərəst olduğunu qabartmaqla Lavrovda daha da qıcıq oyatdığımız vurğulanır.

Rusiya XİN-in rəhbərinin son Bakı və İrəvan səfərində də bunun elementləri yenə sezildi. Belə ki, Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən fərqli olaraq, erməni həmkarı  Edvard Nəlbədyanla qardaş kimi qucaqlaşdı...

Politoloq Elçin Mirzəbəyli səhv etdiyimizi düşünmür: “Hesab etmirəm ki, Sergey Lavrovun erməni əsilli və ermənipərəst olması ilə bağlı fikirləri dilə gətirməkdə səhv etmişik. Əksinə, bu faktın dilə gətirilməsi Rusiyanın xarici siyasətinin, xüsusilə də Cənubi Qafqaz siyasətinin mahiyyətini açıb, prioritetlərini ortaya qoyub. Biz müstəqil dövlət kimi özgələrə inanmaq və özümüzü aldatmaq mərhələsini çoxdan geridə qoymuşuq. Digər tərəfdən, Lavrovun ermənipərəst mövqe tutması ilə bağlı Azərbaycan tərəfindən səslənən fikirlərin hansı zaman kəsiyinə təsadüf etməsinə də diqqət yetirmək lazımdır. Sergey Lavrov 2004-cü ildən, yəni düz 13 ildir Rusiyanın xarici işlər naziridir. Onun ermənipərəstliyi ilə bağlı fikirlər isə əsasən 2012-ci ildən, Vladimir Putinin Dmitri Medvedyevi əvəz edərək yenidən prezident postuna sahibləndiyi gündən başlayır. Medvedyevin prezidentliyi dönəmində Lavrov bir o qədər də fəal deyildi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Medvedyevin özü açar fiqur kimi çıxış edir və aktiv siyasət yürüdürdü. Putinin yenidən öz postunu geri almasından sonra isə Lavrovun mövqeləri daha da möhkəmləndi və o, Rusiyanın xarici siyasətində vəzifəsindən irəli gələn statusa sahibləndi. Lavrovun bir diplomat kimi Rusiyanın tarixində müsbət rola malik bir insan kimi qalacağını düşünmürəm. O, taktiki diplomatik gedişlərdə usta olsa da, yaxşı strateq deyil. Və bugünkü Rusiyanın dünyanın əksər ölkələrində nifrət oyadan aqressiv, qəzəbli, yonulmamış, kobud obrazının formalaşmasında onun rolu da əvəzsizdir. Sergey Lavrovun atası Tiflis ermənisidir. Bu, Rusiya qaynaqlarında da təsdiqlənən bir faktdır, gizli bir məsələ deyil. Bu baxımdan da onun məhz Tiflis ermənilərinə xas olaraq başqa millətin soyadı altında gizlənməsinə də təəccüblənmirəm. Lavrovun erməni və ermənipərəst olduğunu hər kəs, o cümlədən onu bu vəzifəyə gətirən Vladimir Putin də bilir. Əgər dövlət başçısı ölkənin xarici siyasətini, o cümlədən Cənubi Qafqazdakı geosiyasi prioritetlərini bir erməniyə tapşırıbsa, deməli, bu, onun iradəsidir. Lavrovu  öz vəzifəsində saxlayırsa, deməli, ermənipərəst mövqe həm də onun mövqeyidir”.

Politoloq Lavrovun dəyişəcəyinə ümid etmir: “Qabartmasaq nə olacaq ki? Lavrov birdən-birə dönüb ədalət simvoluna çevriləcək? Başa düşmək lazımdır ki, Ermənistanla bağlı məsələ Rusiyanın dövlət siyasətidir. Lavrov isə bu siyasətin icrası ilə məşğul olan şəxslərdən biridir. O, Rusiyanın siyasətini yerinə yetirir. Əgər o, ermənipərəstdirsə və açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edirsə, deməli, bu, Moskvaya da lazımdır. Lavrov isə bir erməni kimi Moskvanın bu siyasətindən istifadə edərək, öz xalqına daha çox fayda vermək istəyir. Əgər Lavrovun yerində rus genlərini daşıyan hər hansı şəxs olsaydı, o da ermənipərəst siyasət yürüdəcəkdi. Ola bilsin ki, vicdanı ona ifrata varmağa yol verməyəcəkdi. Sevmədiyim və bəlkə də nifrət etdiyim bir el məsəli var: ”Erməniyə dayı deyərəm, təki məni çaydan keçirsin". Erməniyə “dayı” desək də, deməsək də, bizi çaydan keçirməyəcək, əksinə, çayın dərin yerinə aparıb boğulmağımıza səbəb olacaq. Ona görə də hər kəsi öz adı ilə çağırmaq lazımdır ki, Azərbaycan xalqı da reallığı görsün".