İtalyada məşhur yazıçı-şair Erri De Luka Azərbaycan qazını Avropaya nəql edəcək TAP qaz kəmərinə qarşı sabotaja çağırıb.
Bu barədə virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər yayıb ki, yazıçı kəmərin tikintisinin davam etdiyi Melandunyonun bir neçə kilometrliyində yerləşən Leççedə tələbələr qarşısında çıxışı zamanı kəməri “ictimai ələsalma” adlandırıb və əhalini bu kəmərə qarşı sabotajlara səsləyib.
“TAP onun tikintisinə qarşı çıxan sakinlərin və bələdiyyələrin etirazlarına baxmayaraq davam etməkdə olan ictimai ələsalmadır. Mən inanıram ki, TAP sabotaj olunacaq”-Erri De Luka bildirib.
Bundan əvvəl isə yazıçı İtaliyada sürətli dəmir yol qatarı layihəsinə qarşı çıxıb və bu layihəyə qarşı sabotaja çağırıb. Erri De Luka buna görə məhkəməyə də verilib. Ancaq məhkəmə onun sabotaj çağırışının zorakılığa səbəb olmadığı qənaətinə gələrək iddianı təmin etməyib.
Erri De Luka Leççe əhalisini TAP-a qarşı “bir olmağa” səsləyərək deyib ki, onun fikrincə yerli ictimaiyyətin yekdil mövqeyi kəmərin çəkilməsini ləngidəcək, işləri sabotaj edəcək.
Ümumilikdə isə İtalyanın Leççe və Melandunyo əyalətlərində vaxtarışı olaraq TAP kəmərinə qarşı etirazlar təşkil olunur, kəməri çəkən şirkətin ofisinə, texnikasına zərər vurulur. Bu etirazları şoumen-siyasətçi Beppe Grillonun “No TAP” ictimai komitəsi təşkil edir. Grillo Rusiya ilə sıx əlaqələrə malikdir.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Layihənin tərəfdarları hesab edir ki, boru kəməri Avropanın enerji təhlükəsizliyini artıraraq Rusiyadan asılılığı azaldacaq.
4,5 milyon dollara başa gələcək olan boru kəmərinin 2020-ci ildə istismara veriləcəyi gözlənilir. Boru kəməri Azərbaycanın Şahdəniz 2 yatağından çıxarılan qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən tranzit yolla İtaliyanın cənubuna daşıyacaq.
Başlanğıc həcmi 10 milyon kub metr olan TAP boru kəməri Avropada təxminən 7 milyon ailəni enerji ilə təmin edəcək.
Bəzi ekspertlər ehtimal edirlər ki, İtalyada baş verən təxribatlarda Rusiyadakı müəyyən dairələrinin də təsiri və əli var.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, bu hadisələrdə Rusiyanın qızışdırıcı rol oynadığını düşünmür:
“Əslində Avropada ermənipərəstlərlə Rusiya tərəfdarları arasında elə də böyük sərhəd yoxdur. Yəni Avropa məkanında Rusiyaya işləyən varsa, o, əvvəlcə erməninin də adamı olub. Rusiya Azərbaycan qazının Avropaya çıxmasına heç bir əngəl yaratmır. Çünki miqyaslar tamamilə başqadır. Əgər Rusiya Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Avropaya getməsinə maneə törədərsə və ortaya rəsmi bir sənəd qoyularsa, Türkiyə, ”Türk axını" layihəsinin 4 xəttindən də imtina edə bilər. Bundan əlavə, sabotaj edən italiyalılar durub desələr ki, bizi Rusiya dəstəkləyir, Avropa İttifaqı buna dərhal reaksiya verəcək. Nəticədə isə “Qazprom” şirkətinin Avropadakı bir neçə layihəsi dayandırılacaq. İtalyada baş verənlərin, fikrimcə, iki səbəbi var. Birincisi, yerli bələdiyyələrlə müxalifətçilərin işidir ki, onlar tanınmış adamları ələ alırlar. İkincisi isə bu, ermənipərəstlərin işidir. Ən real variant kimi düşünürəm ki, bu işlərin kökündə ermənilər dayanır. Çünki ermənilərin Avropa məkanında Azərbaycanın iri layihələrinə maneə olmaq təcrübəsi var. “Bakı-Tiflis-Ceyhan” layihəsi zamanı da gördük ki, ermənilər Qərb adından struktur təşkil etdilər, kürd məsələsini qarışdırdılar və sairə. Ona görə də düşünürəm ki, bu işdə də ermənilərin əli var".
Politoloq bildirib ki, bu artıq 4-cü oxşar aksiyadır və biz müqaviləyə sadiqliyimizi saxlamalıyıq: “İtalyada tanınmış adamlar, artistlər, hətta deputat belə bu cür aksiya keçirib. Onları elə İtalya hökuməti susdurdu. Neft sahəsində bizim ən böyük tərəfdaşımız İtaliyadır. Bu, təsadüfi deyil. Çalışırdıq ki, neftimizin Avropa İttifaqında ən böyük alıcısı İtalya olsun. İtalya Avropa İttifaqında böyük ambisiya sahibi olmasa da, güclü dövlətdir. Qazımızın oradan keçməsi də bu baxımdan bizim üçün müsbət haldır. İtalya dövləti bu kimi sabotajçı qrupları indiyə qədər neytrallaşdırıb, indidən sonra da bu, çox güman ki, davam edəcək. Biz vədimizə sadiqliyimizi ortaya qoymalı və ciddi tərəfdaş olduğumuzu göstərməliyik. Gedib İtalyadakı bu kimi adamlarla iş aparmamalıyıq. Çünki belə edərsək, Avropada ciddi problemlə üzləşərik. Elə hər kəs bu cür qruplar yaradıb, Azərbaycandan pul tələb edər. Bu baxımdan qruplara yaxın getməyin tərəfində deyiləm. Ancaq vaxtaşırı olaraq burada forumlar keçirib, İtalyanın diplomatları ilə işlər aparmalıyıq. Onlara Azərbaycan qazının Avropaya çıxma imkanlarını göstərməliyik. Məsələn, AGRİ layihəsi (Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector) İtaliyadan kənar keçir və sıxılmış qaz Rumıniyaya gedir. Bu xətt 8 milyard kubmetrə qədər qaz daşıya bilər. Göstərməliyik ki, sabah Türkmənistan qazı da Azərbaycan üzərindən keçəcək. Bu dəqiqdir. Türkmənistan prezidentinin sadə sxemi var və burada nəzərdə tutulub ki, qaz Avropaya iri dövlətlərin ərazisindən kənardan keçsin. İtalya başa düşməlidir ki, TAP layihəsi ilə onlar da xeyli qazanc əldə edə bilərlər. Bu kimi sabotajçıların korporativ məqsədləri var. Avropa bizə üstün görünsə də əslində belə deyil. Orada xeyli sayda satqınlar, hökumətlərinə qarşı xəyanət edənlər var. Bu gün də onlar problemlər yaratmağa cəhd edirlər”.
Azərbaycan Yazıçılar Birliyindən italıyalı qələm adamına etiraz bildiriləcəkmi? Buna qurumdan münasibət öyrənmək istədik. AYB-nin mətbuat xidmətindən bildirildi ki, rəhbərlik burada olmadığı üçün münasibət bildirə bilməyəcəklər.
