|
Avropa Birliyi ilə saziş Ermənistanın blokadasını zəiflədə bilərmi?

Noyabrın 24-də Ermənistan Avropa Birliyi (AB) ilə hərtərəfli və geniş əməkdaşlıq haqda saziş imzalayıb. Şərq Tərəfdaşlığının Brüsseldə keçirilən beşinci sammiti zamanı imzalanan sənədə əsasən, Ermənistan ölkədə islahatları davam etdirmək öhdəliyini götürür, Avropa İttifaqı isə bu prosesə dəstək olmağa boyun olur. Ermənistan prezidentinin rəyincə, razılaşma son zamanlarda ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə inkişafını əks etdirir və bu münasibətlərin gələcəkdə dərinləşməsinin vektorlarını müəyyən edir.

Serj Sərkisyan hesab edir ki, bu sənəd Ermənistan və Avropa İttifaqı arasındakı 25 illik münasibətləri tarixində ən vacib sənədlərdən biridir. İmzalanmış sənəd Ermənistan və AB ölkələrinin hamısının parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Amma Ermənistanın xarici işlər nazirinin müavini Karen Nazaryan bildirib ki, sənədin bəzi müddəaları imzalanandan dərhal sonra, bütün ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunmazdan əvvəl qüvvəyə minə bilər.

Bəs belə olan halda işğalçı ölkə ilə təşkilat arasında bağlanan saziş düşmən ölkənin iqtisadi blokadasının zəifləməsinə gətirib çıxara bilərmi? Digər tərəfdən, Azərbaycanın Ai ilə əməkdaşlıq sazişinin imzalanması da gündəmdə ikən, bu niyə arxa plana atıldı? Azərbaycan niyə bu sazişə getməkdə tərəddüd edir və Ermənistan bizi qabaqlayıb?

Картинки по запросу Natiq Cəfərli


“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, əslində Ermənistanın tam iqtisadi blokadada olduğunu söyləmək doğru deyil: “Çünki o, Gürcüstanla və İranla həmsərhəddir və bu iki ölkə vasitəsilə dünya ticarətinə qoşulmaqda ciddi bir problem yaşamır. XXI əsrdə hansısa ölkəni tam blokada şəraitində saxlamaq mümkün deyil. Sadəcə, Azərbaycan tərəfi haqlı olaraq işğal faktını əsas gətirərək, bir çox regional layihələrdən Ermənistanı təcrid edib. Ancaq Ermənistan bu işğalçılıq siyasətindən əl çəksəydi, regional layihələrdə iştirak edə bilərdi. Bu saziş blokadanı zəiflətməkdən daha çox Ermənistana əlavə üstünlüklər gətirəcək. Bu ölkə Şərq tərəfdaşlıq Proqramının tərkib hissəsindən biri kimi Avropa Birliyi ölkələrinə güzəştli şərtlərlə mal ixrac edə bilər. İlkin mərhələdə, ildə təqribən 250 milyon avroluq AB-yə mal ixrac edə bilər. Avropa Birliyinə mal satmaq çox çətin məsələdir, uyğunluq sertifikatları, keyfiyyət sertifikatları olmalıdır, şirkətlər çox böyük prosedurlardan keçməlidirlər ki, Avropa bazarına daxil ola bilsinlər. Çünki həm nəzarət, həm də rəqabət güclüdür. Ancaq tərəfdaş ölkələrə ən azı 250 milyon avroluq bir kvota ayrılıb. Ermənistan iqtisadiyyatının həcmi çox kiçik olduğundan bu 250 milyon avro ölkənin iqtisadiyyatına çox böyük dəstək olacaq. Çünki həm spirtli içkilərin, həm digər kənd təsərrüfatı məhsullarının Avropaya ixracında bir qapı yaranacaq. Bu baxımdan müqavilənin imzalanması Ermənistan üçün müəyyən fürsətlər açacaq, iqtisadi vəziyyətinə pozitiv təsir göstərəcək”. 

Azərbaycanın bu sazişə qoşulmaqda tərəddüd etməsinə gəlincə, N.Cəfərli bildirdi ki, hökumət daxili bazarı qorumaq adı ilə bunu gecikdirir: “Ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsində də hökumət eyni bəhanəni gətirir. Ermənistan 2013-cü ildən ÜTT-yə üzvdür. Avropa Birliyi ilə ticarət anlaşmalarının genişlənməsi üçün ÜTT-yə üzvlük şərtlərdən biridir. Azərbaycan hələ ki, bu təşkilata da üzv olmayıb və əsas kimi daxili bazarın qorunması fikrini səsləndirir. Ancaq bu doğru yanaşma deyil. Azərbaycanda illərdir daxili bazarda onsuz da Avropa məhsulları hegemonluq edir. Bu gün elə sahələr var ki, 100 faiz xaricdən asılıdır. Kənd təsərrüfatı məhsullarına gəldikdə isə, onsuz da bu sahədə elə bir problem yoxdur. Çünki daxili bazarda yerli məhsul mövsümi olaraq çox olur. Hətta xaricə satdığımız məhsulların içində də kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Bu satdığımız ölkədə də əsasən Rusiyadır. Bu baxımdan daxili bazarın qorunması bir bəhanədir. AB ilə sazişin imzalanmasının gecikdilməsi Azərbaycanın öz üzərinə müəyyən öhdəliklər götürmək istəməməsi ilə bağlıdır. Çünki müqavilə ikitərəflidir. İqtisad təhlükəsizlik və digər sahələrdə problem yoxdur. Azərbaycan tərəfi Avropa iqtisadi strukturları ilə kifayət qədər effektiv əməkdaşlıq edir. İstər NATO, istər AB ilə istər təhlükəsizlik, istərsə də regional əməkdaşlığı məsələsində heç bir problem yoxdur. Problem sazişin 4-cü bəndindədir. Əsas ana bəndlərdən biri mətbuatla bağlı, müxalifətlə bağlı, vətəndaş cəmiyyəti ilə bağlı , həmçinin məhkəmələrlə bağlı müəyyən öhdəliklər nəzərdə tutulub ki, Azərbaycan onu öz üzərinə götürməlidir. Müqavilənin imzalanması prosesinin uzanmasının əsas səbəbi məhz budur”.

Картинки по запросу Politoloq Natiq Miri


Politoloq Natiq Miri isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, Ermənistanla AB arasında imzalanan sazişi o qədər də şişirtmək lazım deyil: “Bu sazişin imzalanması ona görə mümkün oldu ki, bu sənəddə Rusiyanın maraqlarından kənarda olan bütün müddəalar zərərsizləşdirildi. Sazişdə artıq AB və tərəfdaşlıq sərhədləri çərçivəsində azad ticarət zonasının yaradılması və burada iştirak məsələsi nəzərə alınmadı. Bu da Ermənistan üçün mühüm məsələdir. Çünki bu ölkə azad ticarət zonasına daxil olardısa, bu onların iqtisadi blokadadan çıxması üçün çox əhəmiyyətli bir addım olardı. Rusiya buna əngəl oldu. Çünki Avrasiya İttifaqında belə bir azad ticarət zonası nəzərdə tutulduğu və bir dövlətin iki ittifaqın azad ticarət zonasında iştirakını Rusiya qeyri-mümkün saydığı üçün Ermənistanla AB arasında bu müddəa tamamilə aradan qaldırıldı. Rusiyanın əleyhinə ola biləcək hər hansı geosiyasi müddəa var idisə, onlar da tamamilə zərərsizləşdirildi. Sadəcə olaraq, AB ilə Ermənistan arasında siyasi-iqtisadi əməkdaşlıq çərçivəsində gələcəkdə münasibətləri daha da isti məcraya daşımaq və inkişaf etdirmək nəzərdə tutulur”.

Politoloq onu da vurğuladı ki, Avropa standartlarında həm demokratiya, insan hüquqları və digər demokratik institutların inkişafı nəzərdə tutulur ki, Rusiyanın istəyi və Sərkisyan hakimiyyətinin maraqları olmadan bunu Ermənistanda həyata keçirmək mümkün olmayacaq: “Çünki Ermənistanın daxil olduğu Avrasiya İttifaqı avtoritar rejimlərdən ibarətdir bir ittifaqdır və onun nüvəsi ən böyük avtoritar ölkə olan Rusiya sayılır. Belə olan halda hərbi xunta vasitəsilə idarə olunan kiçik bir ölkənin gələcəkdə öz cəmiyyətinə demokratiya gətirməsini gözləmək əbəsdir. O baxımdan Ermənistanla AB arasında tərəfdaşlıq strateji sazişi formal xarakter daşıyır və Avropadan daha çox Sərkisyanın rəhbərlik etdiyi hərbi xuntanın maraqlarına xidmət edir. Bu gün Ermənistan mediasında və cəmiyyətində bu ölkənin sanki Avropaya çox ciddi inteqrasiyası müzakirə edilir. Əslində Sərkisyan hakimiyyətinin də hədəfi daha çox daxili auditoriyaya oynamaqdan ibarətdir. Bir müddət erməni cəmiyyəti bunu müzakirə etdikdən sonra 2019-cu ildə ölkənin konstitusiyasının dəyişdirilməsi baş verəcək ki, bu kontekstdə də bizim hakimiyyətdə növbəti dəfə Sərkisyanı görmək ehtimalımız daha çox olacaq”.