|
Başqan müavinindən ADR-dəki müsavatçılara tövsiyə

Müsavat başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının fevralın 21-də təsis yığıncağı keçiriləcək. ADR-də keçmiş müsavatçılarla yanaşı hazırda Müsavat Partiyasının üzvü olan bir sıra şəxslər də təmsil olunur. Bəs, təsis konfransından sonra onların Müsavat Partiyasından çıxarılması gözləniləndirmi? Bu barədə Müsavat rəhbərliyində müzakirə aparılırmı?



Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı bildirdi ki, bu məsələ partiyada müzakirə olunmayıb, hazırda gündəmdə həmin şəxslərin xaric edilməsi yoxdur: “Sadəcə, üzvlərimizə də tövsiyə edərdim ki, orda təmsil olunmaları onlar üçün uğur vəd etmir. O təşkilat Müsavata qarşı yaradılmış formal bir təşkilat olacaq. Ona görə də üzvlərimizə də tövsiyə edərdim ki,  doğru qərar versinlər. Özləri də görəcəklər ki, o təşkilat Müsavata qarşı yaradılmış formal bir təşkilat funksiyasını üzərinə götürəcək”. 


 
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirdi ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan Müsavat Partiyasının üzvləri nizamnaməni pozduqları halda cəzalandırılacaqlar: “Həmin qurumda təmsil olunan Müsavat üzvləri hər hansı nizamnamə pozuntusuna yol verəcəklərsə, bunlar partiya rəhbərliyi tərəfindən araşdırılacaq və nizamnaməyə uyğun tədbir görüləcək. Orada təmsil olunanların əksəriyyəti Müsavat Partiyasından çıxarılmış və ya istefa vermiş şəxslərdir. Ancaq hazırda partiya üzvü olan şəxslər də var ki, onlar nizamnamə pozuntusuna yol verəcəklərsə, cəzalandırılacaqlar”.
ADR-in Təşkilat Komitəsinin üzvü, Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə APA-ya açıqlamasında bildirib ki, ADR ictimai hərəkat olduğu üçün həm orada, həm də Müsavatda fəaliyyətini davam etdirəcək və bu, nizamnamə pozuntusu deyil.
 
 
Ellada Məmmədli onu da deyib ki, Müsavat Partiyası Qadınlar Birliyinin buraxılması üçün zəmin hazırlayırlar: “Hazırda partiyanın Qadınlar Birliyinin buraxılması ilə bağlı fikirlər sosial şəbəkələrdə yazışmalar formasındadır. Bu hazırlıqdır. Qubad İbadoğlunun partiyadan xaric edilməsi nizamnamə pozuntusu idi. Bundan sonra mən bunlardan hər şey gözləyirəm. Birliyin buraxılıb-buraxılmaması ilə bağlı konkret fikir söyləyə bilmərəm. Hazırda fəaliyyətimiz davam edir. Heç bir nizamnamə pozuntusuna yol vermirəm. Partiya rəhbərliyi məni hara dəvət edirsə, ora da gedirəm. Partiyanın sonuncu toplantısına məni dəvət etməmişdilər”.
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı isə bildirdi ki, Müsavat Qadınlar Birliyinin buraxılması partiyanın gündəliyində yoxdur.//Musavat.com