|
ÜAK sədri Fazil Qurbanov yeni yaradılan təşkilatla bağlı danışdı

Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin “Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) ictimai təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmamasını əsas gətirərək azərbaycanlıları birləşdirən qurumu ləğv etdi. Bununla bağlı hüquqi müstəvidə aparılan mübarizə də öz nəticəsini vermədiyi üçün yeni təşkilatın təsis olunması zərurəti ortaya çıxıb. Qeyd edək ki, bir müddət öncə ÜAK-ın prezidenti Fazil Qurbanov “Yeni Müsavat”a yeni təşkilatla bağlı yayılan söhbətlərə münasibət bildirərkən bunun mümkünlüyündən bəhs etmişdi.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının regionlarındakı Azərbaycan icmalarının rəhbərləri yeni təşkilatın yaradılması və ona liderlik etməsi üçün akademik Fazil Qurbanova   müraciət ediblər. Müraciətdə qeyd olunub ki, regiondakı Azərbaycan icması nümayəndələri qüsursuz reputasiyaya, işinə xüsusi və professional yanaşan, fəal həyat mövqeyi ilə seçilən akademik Fazil Qurbanovun Rusiyadakı Azərbaycan diasporunun lideri olmalı olduğunu hesab edirlər. O da vurğulanıb ki, Rusiyada çoxlu sayda fərqli Azərbaycan diaspor təşkilatları olmasına baxmayaraq, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb.

“Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin razılığı ilə yaradılan Ümumrusiya Azərbaycan Konqresi təəssüf ki, Rusiya Federasiyasının ictimai həyatında oynadığı aktiv rolu itirdi. Çoxlu səhvlər buraxıldı. Rusiyada indiki zamanda, yəni demokratik prinsiplərin və qanun aliliyinin hökm sürməyə başladığı bir dövrdə belə səhvlər ÜAK üçün ölümcül oldu” deyə, müraciətdə vurğulanıb.

Regiondakı Azərbaycan icmalarının rəhbərləri Fazil Qurbanovun fəaliyyətini qeyd edərək ondan Rusiyadakı həmvətənlərimizi birləşdirəcək yeni təşkilata rəhbərlik etməsini, eləcə də Azərbaycan icmasının Rusiya cəmiyyətində vacib və güclü qüvvəyə çevrilməsi üçün bütün şəraitin yaradılmasını xahiş ediblər. Məlumatda deyilir ki, müraciətə Rusiya Federasiyasının 16 respublikası, 8 əyaləti, 33 vilayəti, 3 muxtar vilayəti və Moskva və Sankt-Peterburq şəhərlərindəki Azərbaycan icmalarının rəhbərləri imza atıblar.

Mövzu ilə bağlı ÜAK prezidenti Fazil Qurbanovla danışdıq.

“Bizim köhnə rəhbərlik başısoyuqluq edib”

- Fazil bəy, siz bir müddət əvvəl “Yeni Müsavat”a demişdiniz ki, ÜAK-ın qeydiyyatını bərpa etmək mümkün olmasa, o halda yeni təşkilat yaradacaqsınız. Artıq xəbər yayılıb ki, Rusiyanın regionlarından  sizə müraciətlər ünvanlanıb və sizi yeni təşkilatın rəhbərliyində görmək istəyirlər. Sizin bu müraciətlərə münasibətiniz necədir?

- Mən bundan xəbərdaram. Camaatla da danışıram. Həmsöhbət olduğum adamlar deyirlər ki, biz sizə inanırıq və sizinlə irəli getmək istəyirik. Bunun üçün də təşkilat olmalıdır, onun da rəhbəri seçilməlidir. Mən indi regionlarla danışıram, həm də müraciətlər gəlməkdədir. Ancaq öz fikrimi gələn həftə deyəcəyəm. Madam ki, inam var, gərək mən bu təşkilatı düzgün yolla irəli aparım. Yəqin ki, gələn həftənin əvvəlində öz razılığımı verəcəyəm. İndi isə təzə ofis almışıq, ona bir balaca əl gəzdiririk. İnşallah fəaliyyətə başlayacağıq.

- Deməli, ÜAK-ın bərpası söhbəti bitmiş sayılmalıdır, eləmi?

- Bəli. Çünki noyabrın 2-də biz kassasiya şikayəti vermişdik. Onlar yenə də bizə cavab yazdılar ki, bəs, ÜAK-ın adından vəkil çıxış edib, müraciət edib, ancaq bu, ola bilməz. Deyirlər çünki ÜAK-ın adını Ədliyyə Nazirliyinin reyestr xidmətindən də çıxartmışıq. Gərək bunu etməyəydilər, ancaq ediblər. Çünki kasasiya şikayətində mənfi qərar olsaydı, onda bu barədə qərar verə bilərdilər. Ancaq bunlar tələsib bizim şikayətimizi də qaytarıblar. Ona görə də biz daha bunlarla baş-başa dayanmaq istəmədik. Dedik ki, bundansa özümüzün yeni təşkilatımızı yaradaq.

- Yeni qurumun adı necə olacaq?

- Ola bilsin ki, elə ÜAK qaldı. Biz oturub məsləhətləşəcəyik, nizamnaməmizi hazırlayacağıq. Bundan sonra qurultayla bağlı qərarımızı verəcəyik. Mən çalışıram ki, bu ad qalsın. Amma ola bilsin ki, əsas ad ÜAK qalsa da, ictimai təşkilatla bağlı abrevaiturasını fərqli edək. Bu da alınmasa, o halda başqa ideyalar da var.   

- Təsis qurultayınızı nə zaman çağıracaqsınız?

- Mən qurultay məsələsində tələsmək istəmirəm. İndi ilin axırıdır, yanvar ayı da yarımçıq aydır, bayramlardır. Ona görə də real söhbət fevraldan gedir. Allahın köməkliyi ilə fevral ayında qurultayımızı keçirəcəyik.

- Fazil bəy, belə çıxır ki, qeydiyyatınızın ləğvi ilə bağlı Avropa Məhkəməsinə şikayət etməyə ehtiyac görməmisiniz, eləmi?

- Şikayət etsəydik, məsələ uzanacaqdı. Çünki burada hüquqi məsələlər olub, işi düzgün aparmayıblar, sənədləri vaxtında verməyiblər. Artıq qarşı tərəfin arqumentləri var ki, iş düzgün aparılmayıb. Bizim köhnə rəhbərlik başısoyuqluq edib. Ona görə də onlarda hər arqument var. Ayın 25-ndə Rəyasət Heyəti toplaşmalıydı, ildə bir dəfə. Həmin gün keçirməyiblər, 26-sında toplaşıblar. Bir gün keçibsə, artıq bitdi, deməli, o, legitim sayılmır. Ona görə də nə isə deyəndə bildirirlər ki, bunlar filan məsələləri düzgün eləməyiblər. Qurtardı. Odur ki, lap Avropa Məhkəməsinə də şikayət etsək, deyəcəklər ki, ay qardaş, siz düzgün eləməmisiniz də.

- Yəqin bu dəfə komandanızı mükəmməl insanlarla birgə quracaqcınız ki, əvvəlki problemlər yenidən yaşanmasın, eləmi?

- Bəli. Bizim alimlərlə, görkəmli ziyalılarla birgə işləmək istəyirəm. Özü də mən daha çox gənclərimizlə işləməyə üstünlük verəcəyəm. Onların təhsili məsələsinə diqqət yetirəcəyəm, gənclər bizim gələcəyimizdir. Vaxtilə burada bizim tələbələrin təhsili üçün kvota verirdilər, o məsələlərə diqqət yetirəcəyik.

- Bəs, komandada əvvəlki məşhur azərbaycanlılar, milyarderlər və digərləri olacaqmı?

- Bizim qapımız həmişə açıqdır. Əlbəttə, alimlər də, biznesmenlər də var. Onlarla da işləyəcəyik. Amma mən təşkilatımızın strukturunu dəyişəcəyəm.

- Əsas məsələ budur ki, Rusiya azərbaycanlılarını bir çətir altında birləşdirən təşkilat yenidən fəaliyyət göstərəcək...

- Əlbəttə. Əsasən də cavanlarımızı bir yerə toplamağa çalışacağıq. Baxın, digər diaspor təşkilatlarında daha çox cavanlara diqqət verirlər. Gənclər bizim gələcəyimizdir, odur ki, gərək onları - Rusiyadakı gənclərimizi işlə təmin edək, yaxşı jurnalistlər, istedadlı mütəxəssislər yetişdirək. Gərək elə edək ki, bizi tanısınlar, sözümüzü eşitsinlər, əsas budur.

- Həm də erməni təbliğatına qarşı mübarizə aparmaq üçün bu, çox faydalıdır.

- Bəli. Görün onların nə qədər jurnalistləri var ki, hər yerdə çıxış edirlər. Ona görə də cavanları oxutmaq lazımdır.

- Bu gün Rusiyadakı azərbaycanlıların sayı Ermənistan əhalisinin sayından çoxdur. Belə olan təqdirdə niyə bir telekanal açılmasın?

- Doğrudur. Elə mən də istəyirəm ki, bizim radio kanalımız olsun. Çox planlarımız var idi. Ancaq artıq 11 aydır biz məhkəmələrdəyik, böhtanlardan qurtara bilmirik. Mənim təşkilatla bağlı ayrı fikirlərim var...