Azərbaycanın elitar ipotekadan sosial mənzil variantına keçməsi düzgün addımdır. Bir sıra istisnalar olmasa, yeni sistem daha çox sayda insanın mənzillə təminatına imkan yaradacaq.
İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bu fikirdədir. O, Azərbaycan hökumətinin əhalinin bır sıra qruplarının mənzillə təminatına dəstək vermək, həmçinin tikinti sektorunda canlanmaya nail olmaq məqsədilə həyata keçirməyə başladığı sosial evlər layihəsini “mənzil subsidiyalaşması” hesab edir: “Azərbaycanda ipoteka şərtləri çox ağırdır. Orta və aşağı təbəqə üçün əlçatan deyil. Buna görə də dövlət ipoteka sistemi işə salındı. Burada da əsas məqsədlərdən biri gənclərin mənzil təminatını yaxşılaşdırmaq idi. Lakin yeni sistemdə də ilkin yığım imkanları olmayan, yüksək əmək haqqı ala bilməyən gənc ailələrin ipotekaya çıxışı mövcud şərtlərlə mümkün deyildi. Buna görə də mən bu ipotekanı elitar ipoteka adlandırmışdım və ondan imtina olunaraq kütləvi ipotekaya keçilməsinin gərəkdiyini bildirmişdim. İndiyədək 20 min 700 nəfərə dövlət güzəştli ipotekası verilib. Məndə olan məlumata görə, bu kreditlərin qaytarılması sahəsində ciddi problemlər yaranıb, borclar artır. Kreditlərin böyük əksəriyyəti Bakı şəhərində verilib - 15 min 236-sı, onların ən azı əmlak təminatı var. Lakin nəzərə almaq lazımdır ki, Bakıda mənzillərin ucuzlaşması prosesi gedib, eyni zamanda əmlak bazarında ciddi tələb problemləri yaranıb. Bu baxımdan, girov qoyulan əmlakın satılaraq kreditlərin qaytarılması da uzun müddət tələb edir. Bu baxımdan regionlarda verilən kreditlərin qaytarılması imkanları daha məhduddur. İpoteka kreditləşməsində iştirak edənlərin - kredit alanların çoxu - 51,7 faizi özəl sektorda, 48,7 faizi isə dövlət təşkilatlarında çalışanlardır. Ən çox sosial ipoteka alanlar hərbi qulluqçulardır”.
Gələn il üçün dövlət büdcəsindən 250 milyon manatın sosial ipotekaya yönəldilməsi məsələsinə gəlincə, iqtisadçı-alim deyir ki, əvvəla, bunu ipoteka deyil, mənzil subsidiyası adlandırmaq daha düzgün olardı: “Çünki bu, ipoteka forması deyil, burada xərclərin bir hissəsi büdcə hesabına, qalanı vətəndaşların öz hesabına qarşılanır. Amma əgər nəzərdə tutulan vəsaitlər korrupsiyanın yeminə çevrilməsə və ədalətli yanaşma olarsa, 250 milyon manat həqiqətən mənzil probleminin yumşalmasına müsbət təsirini göstərəcək. Tikinti, bildiyiniz kimi, korrupsiya və mənimsəmə üçün ən əlverişli sahələrdən biri hesab olunur. Bu sahəyə yönəldilən vəsaitlər mənimsənilməsə, bir də müraciət edənlərə yanaşmada ayrı-seçkiliyə yol verilməsə yaxşı nəticələr əldə etmək mümkündür. Digər tərəfdən, güzəştli şərtlərlə təklif olunan mənzillər ekonom - yəni ölçücə kiçik mənzillər olacaq. Onlar şəhərin kənarında - mənzillərin bazar qiyməti elə də yüksək olmayan yerlərdə tikilir. Lakin bütün bunlara baxmayaraq, mənzil probleminin həlli üçün bu variantın seçilməsini düzgün hesab edirəm”.
Qeyd edək ki, Bakının Yeni Yasamal ərazisində inşa olunan ilk sosial evlərdə yaşayışın gələn ilin yayında başlanması nəzərdə tutulur. Azərbaycan prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən sosial mənzillərdən şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, yəni fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi, beynəlxalq miqyaslı yarışların mükafatçısı olan Azərbaycan vətəndaşları faydalana biləcək.
Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Evlər təmirli, mətbəx mebeli ilə təmin olunmuş vəziyyətdə vətəndaşlara təqdim olunacaq. 1 otaqlı mənzillər üçün aylıq ödənişin məbləği təxminən 150 manat civarında nəzərdə tutulur. İki otaqlı mənzillərdə bu rəqəmin 200 manat, 3 otaqlı mənzillərdə isə 300 manat təşkil edəcəyi gözlənilir. Vətəndaş mənzilə sahib olmaq üçün 10% ilkin ödəniş edəcək.
Q.İbadoğlu deyir ki, ehtiyacı olan əhalinin mənzillə təmin etmək üçün alternativ üsullar da var: “Bunlardan biri tikinti-əmanət kassalarının yaradılmasıdır. Bu, banklarda əmanətləri olan vətəndaşlar üçün olan bir sistemdir. Yəni mənzil sahibi olmaq istəyən vətəndaş kassaya əmanət yığmağa başlayır, lazım olan məbləği topladıqdan sonra isə ipoteka ilə mənzil əldə edə bilir. Bu sistemlə ipoteka kreditinə çıxış bir neçə il tələb etsə də, əhatə dairəsinə və şərtlərinə görə onun alternativi, demək olar ki, yoxdur. Onun mahiyyətində kollektiv razılaşmalar əsasında bir qrupun yaratdığı kassalar vasitəsilə əmanətlərin cəlbi durur. Bu sistemin etibarlılıq dərəcəsinin yüksək, risklərin aşağı olması onun Almaniyada daha çox tətbiqinə gətirib çıxarıb. Bu ölkədə 35 milyon nəfərə yaxın şəxs tikinti-əmanət kassaları vasitəsilə mənzil sahibi olub. Postsosialist ölkələrindən Çexiya və Slovakiya da tikinti-əmanət kassaları təcrübəsindən bacarıqla istifadə edərək mənzil probleminin həllində böyük uğur qazana biliblər”.
