Milli Məclisdə keçirilən 2018-ci il üzrə büdcə müzakirələri zamanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisara salınması təklifi ilə çıxış edib.
O deyib ki, aidiyyəti qurumlar bəzən Azərbaycanın lazım olmayan yerlərdə səfirliklərinin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.
Novruzov həmçinin qeyd edib ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur: “Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyət bərpa olunsun”.
Onu da qeyd edək ki, bir neçə səfirliyin birləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı məsələ daha öncələr də gündəmə gəlib. Məsələn, 2015-ci ildə yayılan xəbərdə bildirilirdi ki, Azərbaycanın Afrika və Latın Amerikasındakı bir sıra səfirlikləri bağlana bilər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məsələyə münasibət bildirərkən qeyd etmişdi ki, hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələyə də ciddi şəkildə hökumət tərəfindən baxılır.
Qarabağ münaqişəsi kimi problemimizin olduğu bir zamanda xarici ölkədəki nümayəndəliklərimizin bağlanması Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?
Məsələ ilə bağlı ilk olaraq Xarici İşlər Nazirliyinin mövqeyini öyrənmək üçün dəfələrlə cəhd etsək də, zəngimizə cavab verilmədi.
“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, əslində problem səfirliklərin sayı ilə bağlı olmamalıdır:“Ola bilər ki, deputatlar büdcədə pula qənaət etmək üçün bu kimi rəylər bildirirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətindədir və Ermənistan kimi düşmənimiz var. Belə olduğu halda biz hazırda iki qüvvə ilə mübarizə aparırıq-Ermənistan və onun arxasındakı erməni lobbisi. Erməni lobbisi isə bütün dünyaya yayılıb. Demək olar ki, hər yerdə təsir imkanları var. Bu baxımdan biz məcburuq ki, bir çox dövlətlərdə öz səfirliklərimizi saxlayaq. Ancaq burada başqa bir məqam da var. Deputatlarla razıyam ki, bu səfirliklərin bəziləri keyfiyyətli fəaliyyət göstərə bilirmi? Təşəbbüslər irəli sürməyi bacarırlar? Əsas suallar budur. Çünki mən özüm də xaricdə konfranslarda iştirak etdiyim zaman elə səfirliklər görürəm ki, onların fəaliyyəti hiss olunur. Lakin bəziləri də var ki, sadəcə olaraq, onların adları var və işə elə maaş almaq üçün gəlib-gedirlər. Azərbaycanın milli maraqları, təhlükəsizliyi naminə təşəbbüskar deyillər və həmin ölkənin mediası ilə də sıx işləmirlər. Belə boşluq buraxdıqda isə bundan həm Ermənistan, həm də erməni lobbisi istifadə edir. Ümumilikdə, əgər büdcə imkan verirsə, səfirliklərin bağlanmasının əleyhinəyəm. Ancaq istərdim ki, səfirliklərdə keyfiyyət artırılsın”.
Politoloq bildirib ki, səfirin özü başdan ayağa milli olmalıdır: “Faktlar göstərir ki, bizdə keyfiyyət problemi çox ciddidir. Diplomatların maaşları normaldır və onlar hətta ailələrini də həmin ölkəyə apara bilirlər. Yeganə bir şey qalır ki, o da işləyib, ölkəni tanıtmaq, Azərbaycan milli ideyasına bağlı olmaqdır. Əgər rusdillilər çoxluq təşkil edirsə, bəziləri Azərbaycan dilində doğru-dürüst danışa bilmirsə onlar əlbəttə ki, ölkəmizin milli maraqlarının qorunmasında da çox fəal olmayacaqlar. Səfirin özü də milli olmalı, tariximizi bilməli, hansı ideyalar uğrunda savaşdığımızı anlamalıdır. Bunları bilmirsə, ”papanın gül balası"dırsa, həmin adamlar aydındır ki, bizim xeyrimizə çalışmayacaq. Özünü və ölkədə quracağı biznesi düşünəcək".
Digər politoloq Fərhad Mehdiyev isə qəzetimizə bildirib ki, əslində səfirliklərin bağlanması normal haldır və bunu digər ölkələr də edirlər: “Səfirliklərimizin olduğu ölkələrdə Qarabağla bağlı tədbirlər keçirilir. Məsələn, İtaliyada, Almaniyada çox geniş tanıtım işləri görülür. Büdcə sıxıntılarına görə bəzi səfirliklərin bağlanması tələb olunursa, bu, mümkündür. Diqqət edək ki, Azərbaycanda da bütün ölkələrin səfirlikləri yoxdur. Burada da səfirlik açmayan dövlətlər var. Səfirliyi bağlayan zaman baxmaq lazımdır ki, həmin ölkədə hədəf kütlə əhəmiyyət kəsb edir, yoxsa ki, yox. Əsasən də orada erməni lobbisinin olub-olmaması, həmin ölkənin mövqeyi nəzərə alınmalıdır. Şərtlər ölkədən-ölkəyə dəyişdiyi üçün bu məsələyə də birmənalı yanaşmaq olmaz. Amerika, İtaliya, Almaniya kimi ölkələrdə səfirliklərin yaxşı işlədiyini görürük. Onlardan xəbərimiz var və nə etdiklərini də bilirik. Ancaq elə ölkələr var ki, fəaliyyətlərindən heç bir məlumata sahib deyilik. Zəif fəaliyyət göstərən səfirlikləri başqa ölkələr də bağlayırlar. Yəni belə bir təcrübə var. Tutalım elə ölkələr var ki, oradan Azərbaycana gəlib-gedən yoxdur. Eyni zamanda həmin ölkəyə iqtisadi yatırım da etmirik. Orada konsulluq saxlamağa belə ehtiyac yoxdur. Bunlar əlavə xərc hesab olunur”.
