|
Adı korrupsiya qalmaqallarında hallananlar niyə yüksəlir?
Son dövrlərdə Azərbaycanda adı korrupsiyaya bulaşan iri dövlət məmurlarının yeni vəzifələrə təyinat almaları ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Cavid Qurbanovun  “Azeryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunması buna misaldır.
 
Qeyd edək ki, indiyədək Qurbanovun adı dəfələrlə korrupsiya qalmaqalında hallanıb. Amma göründüyü kimi, ona yenidən etimad göstərildi. Əvvəllər Azərbaycan hakimiyyəti adı korrupsiyada hallanan məmurları həbsə atdırırdısa, indi bunun tam əksini edir. 2005-ci ilin səs-küylü sabiq nazirləri - Əli İnsanov və Fərhad Əliyevin həbsləri bunu deməyə əsas verir. 
 
Ekspertlər hesab edirlər ki, bununla iqtidar köhnə sistemi dəyişmək istəmir. Bu, kadr dəyişikliyi olarsa,  qurulacaq yeni sistemə inamsızlıqdan irəli gəlir. Politoloq Natiq Miri  bütün bunların alternativ sistemin olmamasından irəli gəldiyi qənaətindədir: “Əslində bu, Azərbaycanda olan korrupsioner-oliqarx sistemin tərkib hissələridir. İnsanlarla birgə yaradılan sistemdir. Belə sistemin alternativinin ortalığa qoyulması və bu istiqamətdə institutlaşmış səviyyədə  konkret təkliflərin olduğunu heç kəs bilmir. Yəni alternativ olaraq, başqa istiqamətdə islahatların aparılmasını görmürük. Hiss olunur ki, hakimiyyət sistemin dəyişməsinə hazır deyil. Hazır olmadığı üçün də onu dağıtmaq istəmir. Çünki sistemə daxil olan korrupsioner məmurlar bir-birlərinə zəncirvari bağlıdırlar. 
 
Zəncir həlqələrindən birinin qopması həlqənin bütövlükdə çözülməsinə səbəb olar ki, bu da gələcəkdə sistem üçün təhlükələr yaradar. Ona görə də yalnız hakimiyyət daxilində müəyyən dəyişiklər olur. Bir məmur digəri ilə əvəzlənir, yaxud işdən çıxarılmadan başqa vəzifəyə təyinat alır”.
 
 
Natiq Miri ölkəmizdəki sistemin dəyişməsində Ukrayna hadisələrinin nəticələrinin mühüm rol oynadığını da qeyd etdi: “ İqtidar ABŞ-Rusiya qarşıdurmasında qonşu dövlətin  gələcək taleyinin nə ilə bağlı olacağını gözləyir. Əgər Rusiya məğlub durumda çıxsa, demokratik ölkə olaraq, güclü Ukrayna meydana çıxsa, o zaman postsovet ölkələri Ukraynaya uyğun dəyişəcəklər. Ancaq bu gün o olmadığı üçün Azərbaycan hələ də gözləmə mövqeyindədir. Sadəcə, müəyyən yerdəyişmələrlə gününü keçirir. Ciddi islahatlar ortada yoxdur. Hesab edirəm ki, Rusiya məsələsi həll olmayanadək, ciddi islahatlar olmayacaq”.
 
Politoloq “korrupsiyaya qarşı mübarizə” məsələsinə də toxundu: “Bu mübarizə əslində kiçik məmurları ehtiva edir. Onlar özbaşına deyillər. İpi dartmış olsalar, ucları çox uzaqlara gedər. Təəssüf ki, bu ipi dartmaq istəyənlər yoxdur. Görüntü xarakterli müəyyən həbslər baş verir. Korrupsiyaya qarşı dövlət proqramı və iradə yoxdur. Bu sistemi dəyişmək yolunda siyasi qərar verildiyi təqdirdə, bunu asan şəkildə etmək mümkün olar. Bununla bağlı qurum yaradılacaq və həmin korrupsioner məmurlar bu sistemdən keçiriləcək. Hazırda Azərbaycanda belə sistem yoxdur. Çünki buna siyasi iradə yoxdur. Ola bilsin ki, gələcəkdə olacaq”.
 
Ekspert “hakimiyyətin yerdəyişmələr planı oturuşmuş sistemə olan inamdan irəli gələ bilərmi” sualımıza belə cavab verdi: “Müəyyən təzyiqlər olmasa, hakimiyyətə indiki şərait sərf edir. Məhz bu sistemlə toplumu idarə edirlər. Kimsənin səsi çıxmır. Müxalifət tamamilə bir küncə sıxışdırılıb, zəiflədilib. Mütləq hakim bu sistemdir. Qərbin təzyiqi altında sistem dəyişəcəksə, təbii ki, müəyyən risk faktorları olacaq. Çünki bunu dəyişmək elə də asan olmayacaq. Böyük kapitala sahib insanları özbaşına buraxmaq olarmı? Bu, çox çətindir. Çünki kapitallarını siyasi yöndə də xərcləyə bilərlər. Hakimiyyət bunu çox gözəl bilir. Ona görə də, bu şəxslərdən sistemin tərkibində istifadə edir. Onlar da müəyyən mənada hakimiyyətin təhlükəsizliyinə qarant verirlər. Ancaq gələcəkdə bu, belə olmaya bilər”.(musavat.com)