2015-ci il Azərbaycan üçün çox önəmli və böyük sınaq ili olacaq.Bakıda keçiriləcək ilk Avropa Olimpiya oyunlarının həmən ardından ölkə parlament seçkilərinə gedəcək və bu da təbii ki, ölkədə siyasi aktuallığın kəskin şəkildə artması ilə müşaiyət olunacaq. Əgər hazırda dünyada ciddi geosiyasi gərginliyin yaşanmasını da nəzərə alsaq. Doğurdan bu il Azərbaycan üçün ciddi sınaq ili olacaq.
PİA.AZ bu və digər məsələlər lə bağlı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin müsahibəsinin birinci hissəsini öz oxucularının diqqətinə gəlb edir:
«Bizim etirazımız Müsavat Partiyasının apardığı strareji siyasətlə bağlı idi»
- Sülhəddin bəy, siz uzun zaman Müsavat Partiyasının aparıcı funksionerlərindən biri olmusuz. Bu partiyaya ciddi bələdçiliyiniz var. Qurultaydan sonra Müsavat Partiyasında yaranmış vəziyyəti necə dəyərləndirirsiniz?
- Uzun müddətdir ki, bu cür israrlı suallara cavab vermirəm. Çünki qeyd etdiyiniz kimi, uzun müddət Müsavat Partiyasının bərpa üzvlüyündən tutmuş məclis sədrliyinə qədər fəaliyyətim olub. Bu gün Müsavat Partiyası daxilində baş verən proseslərə mənim müdaxiləmin işin xeyrinə olacağını düşünmürəm. Arzum budur ki, müsavatçı dostlarımız mümkün olan ən qısa zamanda öz aralarında bu xoşagəlməz vəziyyəti demokratik çərçivədə qaydaya salsınlar.
- Sizcə, bu mümkün olacaqmı?
- Hər halda istərəm bu mümkün olsun. Çünki müxalifətdə olan hər hansı bir partiyada baş verən daxili çəkişmələr bütövlükdə müxalifətə mənfi təsir göstərir. Bu istər Müsavat partiyası daxilində olsun, istərsə də başqa partiya olsun. Onsuzda indi Azərbaycanda demokratik dəyərlərin daşıyıcılarına olan inam cəmiyyətdə sarsılıb. Bu münaqişələr sarsıntını daha da gücləndirir və ona görə də istərdim ki, mümkün olan qısa zamanda müsavatçı dostlarımız yaranmış bu vəziyyətdə həll yolunu tapsınlar.

- Siz təqribən 4 il bundan əvvəl Müsavat Partiyasından istefa verdiniz. İstefanızın səbəbini rəhbərliyin sizə etimadsızlıq nümayiş etdirməsi ilə əlaqələndirdiniz.
- Bəli 2010-cu il noyabrın sonunda Müsavat Partiyasından ayrıldım. Amma partiyadan ayrılma səbəbim etinadsız münasibət olmayıb. Həmin dövrdə səhv etmirəmsə, 28-29 noyabr tarixində «Turan» İnformasiya agentliyi bizim böyük bəyanatımızı yayıb. Bəyanatda bütün səbəblər var.
- Bəs istefa səbəbiniz nə idi?
- Bu barədə mənim açıqlama vermək niyyətim yoxdur. Çünki bu hadisənin üzərindən xeyli vaxt keçib. Qeyd etdiyim kimi, tarix sizi maraqlandırırsa, həmin tarixdə “Turan”ın arxivindən tapa bilərsiz.
«Qurultaydan sonar Qubad İbadoğlu ilə əlaqələrimiz olmayıb»
- Bəs Qubad İbadoğlunun və tərəfdarlarının etirazları ilə sizin istefa səbəbiniz eynidirmi?
- Qubad İbadoğlu və tərəfdarlarının etirazı ilə bizim etirazımızın səbəbinin eyni olduğunu düşünmürəm. Bizim etirazımız Müsavat Partiyasının apardığı strareji siyasətlə bağlı idi. Seçki orqanlarına keçirilən seçki ilə və yaxud da nizamnamə ilə bağlı olmayıb. Bizim etirazımız Müsavat Partiyasının apardığı strateji xəttlə bağlıdır.
- Qurultaydan sonar Qubad İbadoğlu ilə əlaqələriniz olubmu?
- Xeyr, qurultaydan sonar Qubad İbadoğlu ilə əlaqələrimiz olmayıb.
- Bəs yenidən əlaqələrinizin olması mümkündürmü?
- Bildiyiniz kimi, Qubad bəy Müsavat Pariyasından xaric edilib. Onun hələlik siyasi fəaliyyətlə məşğul olacağı barədə bəyənatına rast gəlməmişəm. Əgər gələcəkdə Azərbaycanda siyasətlə məşğul olarsa, təbii ki, əlaqələrimiz mümkündür. Amma hələlik onlar ictimai birlik yaratmaq niyyətindədirlər və Azərbyacan Qanunvericiliyinə görə, ictimai birliklər siyasətlə məşğul ola bilməzlər.
«Rəsul Quliyev əgər Azərbaycana dönərsə və yenidən siyasətlə məşğul olarsa, Azərbaycan siyasətinə təsiri olan siyasətçilərdən biri olacaq»
- Bir müddət əvvəl Rəsul Quliyevin partiyasına rəhbərlik etdiniz. Rəsul Quliyevi bir siyasətçi kimi necə dəyərləndirirsiniz?
- Azərbaycanda milli azadlıq hərəkatı yaranandan Rəsul Quliyev siyasətdə bu və ya başqa şəkildə bəzən açıq birbaşa, bəzən də dolayısı ilə iştirak edib. Müasir Azərbaycan siyasi tarixində təsiri olan və bu təsiri də bu günə qədər saxlayan bir siyasətçidir. Onun Azərbaycana gəlməsi qarşısnda maneələr var. Hələ də bu maneələr aradan qalxmayıb. Düşünürəm ki, Rəsul Quliyev əgər Azərbaycana dönərsə və yenidən siyasətlə məşğul olarsa, Azərbaycan siyasətinə təsiri olan siyasətçilərdən biri olacaq. O cümlədən Əli İnsanov da əgər həbsdən çıxıb siyasətə baş vurarsa, Azərbaycan siyasətində təsiri ola biləcək fiqurlardan biridir.

- Rəsul Quliyev Azərbaycana qayıda biləcəkmi?
- Bunu demək çox çətindir. Yəni hələlik bu mümkün deyil. İndiki hakimiyyətin dövründə onun Azərbaycana dönə biləcəyini problemli görürəm. Amma bu siyasətdir, siyasətdə də hər şey mümkündür. Azərbaycan da elə bir situasiya yarana bilər ki, biz tamamilə başqa situasiyanın şahidi ola bilərik.
- Gözləntilər tam əksini verə bilər…
- Təbii ki. Rəsul Quliyev indiki komandayla uzun müddət işləyib və bu komandanın əsas siyasi fiqurlarından biri olub. Milli Məclisin sədri olub. Buna görə deyə bilərəm ki, həm siyasi, həm də iqtisadi təsərüffat sahəsi baxımından kifayət qədər təcrübəsi var.
- Bəziləri sizin Rəsul Quliyevdən ayrılmanızı sabiq spikerin partiyanı maliyyələşdirməkdən imtina etməsi ilə əlaqələndirirdi. Bu iddia nə dərəcədə doğrudur?
- Zamanında da vurğuladığım kimi, bu iddianın heç bir əsası yoxdur.
- Bəs səbəb nə idi?
- Səbəbi Rəsul Quliyev öz bəyənatında açıqlayıb. Onun rəsmi bəyənatından kənar hər hansısa bir fikir bildirməyim siyasi etikadan kənardır. Özü hər hansısa bir partiyanın üzvü olmadığını bildirib. Çünki tərəfdarlarının bir neçə partiyada olduğunu və bu vəziyyətin siyasi baxımından daha məqsədəuyğun olduğunu vurğulayıb.
«Milli Şura ilə bizim hal-hazırda heç bir siyasi münasibətimiz yoxdur»
-Milli Şura ilə münasibətləriniz hansı səviyyədədir?
- Milli Şura ilə bizim hal-hazırda heç bir siyasi münasibətimiz yoxdur. Azərbaycanda bir sosial tələb irəli çıxmazsa, Azərbaycan müxalifəti seçkilərdə bir neçə blokda getməli olacaq. Amma inanmaq istərdim ki, yay aylarında vəziyyət dəyişəcək. Əgər vəziyyət dəyişməyib indiki halda qalsa, dediyim kimi Azərbaycan müxalifəti parçalanmış şəkildə bir neçə blokda seçkiyə getməli olacaq.
- Azad Demokratlar Partiyasının təşkilatlanma səviyyəsi hansı vəziyyətdədir? Parlament seçkilərində iştirak edəcəksinizmi?
- Bilirsiniz ki, bizim partiyamız keçən ilin 6 iyul tarixində təsis olunub. 50-ə yaxın rayon təşkilatımız var. Təbii ki, ölkədə olan ictimai-siyasi vəziyyət, siyasi demokratiya insan haqqlarının vəziyyəti, siyasi azadlıqların vəziyyəti, eyni zamanda ölkədə insanlarda olan demokratiya, demokratik dəyərlərə, demokratik təşkilatlara inamın azalması bütün partiyalar kimi bizim də təşkilatlanmamıza çətinlik yaradır. Biz Azərbaycanda demək olar ki, ən son yaranan siyasi partiyayıq. Bu baxımdan təşkiltlanmamız da çətin bir şəraitdə gedir. Çünki digər partiyalar əsasən milli azadlıq hərəkatından çıxan qüvvələrin və yaxud da bəzi partiyaların parçalanması nəticəsində ortaya çıxan vəziyyətlərin məhsullarıdır. Amma biz çalışırıq ki, yeni qüvvələri siyasətə cəlb edək. Ümumillikdə isə bizim partiya orta sinifin maraqlarını ifadə edən bir partiyadır və biz təşkilatlanma siyasətimizdə də buna üstünlük veririk. Əsasən ziyalıların, universitet müəllimlərinin, tələbələrin, akademiya işçilərinin, kiçik orta biznesin nümayəndələrinin, məmurların, özəl sektorda çalışanların, yüksək təhsil almış gənclərimizin partiyada təmsilinə daha çox diqqət edirik.

- Əgər parlament seçkilərinə partiya olaraq qatılacaqsınızsa, o zaman daha çox hansı partiyalarla və siyasətçilərlə əməkdaşlıq etməyi düşünürsünüz? Hansısa bloka üzv olacaqsınız?
«Ümid edirik ki hakimiyyət seçkiyə qədər öz qərarına yenidən baxmalı olacaq»
- Bizim partiya hələki dövlət qeydiyyatına almayıb. Yeri gəlmişkən, bizim məhkəmə çəkişməmiz hələ davam edir və iş hal- hazırda Ali Məhkəmədədir. Hələlik rəsmi siyasi partiya olaraq qeydiyyatımız olmadığına görə parlament seçkilərində partiya olaraq qanuni iştirak etmək hüququmuz yoxdur. Ümid edirik ki hakimiyyət seçkiyə qədər öz qərarına yenidən baxmalı olacaq. Xüsusən də müxalifət iqtidar dialoqunun başlanması şəraitində. Çünki hər hansısa siyasi partiyanın qeydiyyata alınmaması müxalifət-iqtidar dialoqunun ruhuna ziddir. Əgər partiya rəsmi olaraq qeydiyyata alınsa, o zaman siyasi partiya olaraq parlament seçkilərində iştirak edəcəyik. Amma hazırda vəziyyət belədir ki, Azad Demokratiya Partiyası da daxil olmaqla biz 8 partiya olaraq “Azadlıq 2015” seçki blokunu yaratmışıq. Qeyd edim ki, bu blok hələlik 8 partiya olsa da açıqdır və gələcəkdə də yeni-yeni siyasi partiyalar da daxil ola bilər. Biz hələlik bu formatda seçkilərə hazırlaşırıq. Seçkilərdə iştirak barədə bizim ötən bazar günü keçirdiyimiz məclisimiz qərar verib.
«Cəmiyyət bu həssas dönəmdə həm Azərbaycan hakimiyyətindən, həm də Azərbaycan müxalifətindən daha ciddi və məsuliyyətli qərar qəbul olunmasını gözləyir»
- Məlumdur ki, 2015-ci il parlament seçkiləri beynəlxalq mürəkkəb geosiyasi gərginlik fonunda keçiriləcək. Dünyada ciddi siyasi-iqtisadi kataklizmlərin yaşandığı bu dönəmdə parlament seçkilərindən gözləntiləriniz nədir? Bu seçkilər Azərbaycanda sabitliyi pozan faktora çevrilə bilərmi?
- İstənilən ölkədə parlament seçkiləri ictimai-siyasi aktivliyin artması ilə nəticələnir. Çünki parlament seçkiləri bütün ölkənin ərazisini əhatə edir və eyni zamanda çoxlu sayda iddiaçının, minlərlə namizədlərin iştirak etdiyi kampaniya olur. Bu ilki seçki seçkilər dünyada geosiyasi vəziyyətin mürəkkəbləşdiyi, Azərbaycan ətrafında onsuzda əlverişsiz olan vəziyyətin daha da pisləşdiyi bir dövrə təsadüf edir. Həmçinin dünya bazarında neftin qiymətinin düşməsi, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar birbaşa və dolasıyla Azərbyacanın sosial-iqtisadi vəziyyətinə təsir edir. Şübhəsiz ki, sosial-siyasi vəziyyətə də təsiri qaçılmaz olacaq. Eyni zamanda iyun ayında Azərbaycanda Avropa Olimpiya oyunlarının keçirilməsi parlament seçkiləri üçün problemli mühit yaradır. Bu oyunların ardınca ardınca parlament seçkilərinə birbaşa start veriləcək və Azərbaycanın müharibə vəziyyətində olduğunu, Ukrayna böhranından sonra cəbhə xəttində vəziyyətin gərginləşdiyini, İŞİD təhdidlərini nəzərə alsaq, Azərbyacan mürəkkəb xarici və daxili şəraitdə seçkiyə gedir. Ona görə də cəmiyyət bu həssas dönəmdə həm Azərbaycan hakimiyyətindən, həm də Azərbaycan müxalifətindən daha ciddi və məsuliyyətli qərar qəbul olunmasını gözləyir.
«Azərbaycan belə bir vəziyyətdə daha qırılqan və həssas bir şəkildə xarici faktorlar baxımından seçkilərə gedir»

-2005-ci il seçkiləri ilə bu ilki seçkilərdə arasında hansısa paralellər yaşana bilərmi? Ümumiyyətlə 2005-ci illə müqayisədə 2015-ci ildə Azərbaycanda müxalif siyasi qrupların gücünü necə dəyərləndirirsiz?
- 2005-ci ildən artıq 10 il keçir. Təbii ki, həm Azərbaycan ətrafında yaranmış vəziyyətdə, həm də ölkə daxili vəziyyətdə əhəmiyyətli dərəcədə fərqlilik var. Xatırlasaq, həmin dövrdə xalqda bir ictimai-siyasi aktivlik var idi. Hakimiyyətin dinc demokratik seçki yolu ilə dəyişilməsinə müəyyən inam var idi və Azərbaycan bu seçkilərə «məxməri inqilablar» dalğasında gedirdi. Artıq Gürcüstanda, Ukraynada və Qırğızıstanda inqilablar olmuşdu.
Amma Azərbaycanın bu sahədə bəxti yenə gətirmədi. Çünki 13 may 2005-cil ildə Özbəkistanın Fərqanəvilayətində, Əndincanda Rusiyanın xeyir duası ilə dinc əhalinin kütləvi şəkildə qırğını oldu. Bundan sonra postsovet məkanında bu inqilab dalğaları bir növ sındı və dönəm qapandı. Daha sonra Azərbaycanda nazirlərin həbsi oldu. Səhiyyə naziri Əli İnsanovun, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsləri, bunlardan əlavə Rəsul Quliyevin ölkəyə gəlməsinin qarşısı alındı. O, Ukraynada saxlanıldı. Həmin dövrdə həm də müxalifətin əsas aparıcı qüvvələri «Azadlıq» blokunda birləşmişdilər və ölkədə ciddi bir siyasi kampaniya aparılırdı.
Amma indiki şərait bir qədər fərqlidir. Azərbaycanın ətrafında geosiyasi, regional vəziyyət və hərbi siyasi durum daha mürəkkəbdir, kövrəkdir. Ermənistan Azərbaycan münaqişəsinə görə təmas xəttində atəşgah tez-tez intensiv şəkildə pozulur. Ermənistanda və Gürcüstanda da vəziyyət mürəkkəbdir. Rusiya daha aqressiv xarici siyasət aparır və dünya bazarında neftin qiymətinin düşməsi, Rusiyada tətbiq olunan saksiyalar, Azərbaycana geosiyasi seçim istiqamətində Avrasiya İttifaqı yoxsa Avropa Birliyi seçimində təzyiqlərin olması, eyni zamanda enerji sahəsində Rusiya ilə maraqların toqquşması heç şübhəsiz daxili siyasətə də təsir edir. Bəzi faktorlar birbaşa, bəzi faktorlar dolasıyla…
Azərbaycan belə bir vəziyyətdə daha qırılqan və həssas bir şəkildə xarici faktorlar baxımından seçkilərə gedir. Daxili siyasətdə isə xoşagəlməz vəziyyət var. Yəni Azərbaycan müxalifəti daha zəifləyib, resursları baxımından daha dağınıq vəziyyətdədir. Eyni zamanda ictimai-siyasi passivlik demək olar ki, Azərbaycanın müstəqillik tarixində hec zaman bu qədər aşağı səviyyədə olmayıb. Amma ümidverici müəyyən nüanslar da var. Bu nüans ondan ibarətdir ki, hakimiyyət artıq müxalifətlə dialoqa gəlmək niyyətini bəyan edib. Tədii ki, burada yaranmış vəziyyətin təsiri var.
Həmçinin mən düşünürəm ki, yaxın prespiktivdə bu dediyim istiqamətlərdə Azərbaycanın vəziyyəti daha da ağırlaşacaq. Azərbaycan həm Avropa oyunları, həm də seçki kimi iki ciddi kampaniyaya hazırlaşır. Eyni zamanda Avropa Birliynin Şərq Tərəfdaşlıq Samiti gəlir qarşıdan. Buna görə düşünürəm ki, Azərbaycanda tədricən siyasi aktivlik artacaq və bu siyasi aktivlik iqtidarla müxalifət partiyalarının görüşlərinin ola bilsin gələcəkdə daha geniş formatda baş tutması həm siyasi, həm də ictimai siyasi fəaliyyəti artıracaq.
Düşünürəm ki, artıq yazdan başlayaraq, xüsusən də may ayından başlayaraq Azərbaycanda ictimai-siyasi fəallıq artmağa davam edəcək. Yəni fevral ayındakı olan vəziyyətlə may ayındakı olan vəziyyət arasında kəskin fərq ola bilər. Prespektivdə həm siyasi, həm də ictimai fəallığın artacağını düşünürəm və ola bilsin ki, ölkədə elə bir vəziyyət yaransın ki, xalqın ictimai siyasi aktiv kəsimi müxalifətin yenidən bir araya gəlməsini tələb etsin. Belə tələb ortaya çıxanda demokratik qüvvələr bəzən istəməsə də bu tələblə razılaşmalı olur. Çünki qarşı getdiyi halda öz nüfuzunu daha da itirir. Ona görə də bu sosial tələbin otraya çıxması çox mühümdür. Ola bilsin ki, bir başa seçki ərəfəsində xüsusən də deyək ki, iyun ayının sonunda bu tələbi biz açıq şəkildə görə bildik. İyul ayında indikindən əsaslı fərqli ictimai vəziyyət Azərbaycanda yarana bilər. Ona görə də indiki verilənlərlə bir neçə ay bundan sonrakı verilənlər üst-üstə düşməyə bilər. Böyük ehtimalla da belə olacaq.
Ardı var...
