|
Qurban Qurbanovun milliyə gətirilməsinə sevinək, yoxsa kədərlənək?

Ötən həftə “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisinin başına gətirilməsi gündəmdən düşmür. Təcrübəli çalışdırıcının “Qarabağ”dakı uğurlarını milliyə də daşıyıb-daşımayacağı barədə mövqelər müxtəlifdir.

“Qarabağ”ın bu təyinatdan zərər görəcəyi ilə bağlı narahatçılıqlar olsa da, bunun əksini düşünənlər də var. Eyni zamanda Q.Qurbanovun millini bundan sonra çalışdıracağına sevinənlər də az deyil.

Futbolla yaxından maraqlanan tanınmış siyasətçi, Ümid Partiyasının sədri İqbal Ağazadə bu istiqamətdə konkret hər hansı bir fikir söyləməyin çətin olduğunu bildirdi: “Bu təyinatın nə dərəcədə xeyri və ya ziyanının olacağı barədə nəsə deyə bilmərəm. Amma hər halda, bu qərarı verənlər, Qurban Qurbanovun özü bu məsuliyyəti öz üzərinə götürərkən ”Qarabağ" və millini çalışdıracağının ona nə dərəcədə asan, yaxud çətin olacağını, problemlərin nə dərəcədə yaranacağını, bunun öhdəsindən necə gələcəyini düşünüb qərarını verib. Xeyirli-uğurlu olsun deyirəm, həm “Qarabağ”, həm də milli üçün. Millidə baş məşqçi oyun oynamır, meydandakı oyunçular oynayır.

Futbolçuların oyunu üçün taktiki düzülüşlərdən, məşqdən, o cümlədən, psixoloji keyfiyyətlərdən çox şey asılıdır. Amma əsas oyunçulardır. Təəssüf ki, futbol bazamız o qədər də böyük deyil. Bu baxımdan elə də böyük gözləntim yoxdur. İlk növbədə, futbol ənənəsi yaratmaq lazımdır. Təsadüfi nəsə ola bilər, amma təsadüflər heç nəyi həll etmir. Elə komandalar olub ki, tarixlərində Avropa çempionu da olublar, lakin futbol ənənələri olmayıb. Nəticədə uğurları davam etməyib".

Qol.az saytının baş redaktoru Aydın Bağırov bu cür müzakirələrin artmasının əleyhinədir: “Mənə elə gəlir ki, bu cür müzakirələri dayandırsaq yaxşı olar. Çünki belə söhbətlər əlavə fakt itkisidir və başda Qurban Qurbanov olmaqla, heç kimə xeyri yoxdur. Qurban Qurbanov əsl peşəkardır, hara və niyə getdiyini, girdiyi işin məsuliyyətini hamımızdan yaxşı bilir. Əvvəla, iki işdə işləmək ”Qarabağ"a problem yaratmayacaq. Səbəbi də çox sadədir və Ağdam komandasına görə narahat olan, daha çox da bizim futbolu yaxından izləməyən insanların bunu bilməsi vacibdir. Birincisi, Azərbaycan milli komandasının əsas heyət üzvlərinin 60 faizi “Qarabağ”ın futbolçusudur. İkincisi, “Qarabağ”da öz ölkələrinin milli komandalarına dəvət alan digər millətlərin nümayəndələri də var: Ansi Aqolli (Albaniya), İbrahim Şehiç (Bosniya və Hersoqovina), Dino Ndlovu (Cənubi Afrika), Donald Gerrye (Haiti)... Fakti olaraq indiki halda “Qarabağ”ın əsas heyətinin demək olar bütün üzvləri milli komandalarına dəvət alır. Bu halda Ağdam klubunun düşərgəsində 7-8 əsas oyunçu qalır ki, onlarla da Qurban Qurbanovun yanında böyük təcrübə keçmiş köməkçi Elçin Rəhmanov, eləcə də artıq milli karyerasını başa vuran kapitan Rəşad Sadıqov məşğul ola bilər. Komandanın digər əsas futbolçuları da onsuz da millidə Qurban Qurbanovun gözünün qarşısında olacaq. Yəni bundan sonra Qurban Qurbanovun əsas futbolçuları ilə işləmək imkanı əvvəlkidən daha çox olacaq ki, bu da “Qarabağ”a əlavə köməkdir".

A.Bağırovun Qurbanovla Azərbaycan futbolunun irəli gedəcəyinə inamı tamdır: “Bu təyinatdan sonra xəyallara qapılmaq mənasız şeydir. Qurban Qurbanovun əlində sehrli çubuq yoxdur ki, hər şeyi birdən-birə düzəltsin. Ona uzun bir vaxt lazım olacaq. Azərbaycan futbolunun bəlası uşaq futbolundakı problemlərdə, aşağı yaş qrupları üzrə komandalarda kök salan kütləvi və savadsız məşqçi ordusundadır. Məncə, bu problemi həll etmək Qurban Qurbanovun prioritet vəzifələrindən olacaq. Bu gün üçün inandığım tək bir şey var: Qurban müəllimin rəhbərliyi ilə təkcə milli deyil, bütövlükdə Azərbaycan futbolu sürətlə olmasa da, yavaş-yavaş irəli gedəcək. Mən inanıram ki, növbəti seçmə mərhələdə olmasa da, 2022-ci ildən başlayaraq biz dünya və Avropa çempionatlarının final mərhələləri haqda düşünə bilərik. Hələliksə bu çətin işdə bütün futbol ictimaiyyəti, başda da AFFA-nın rəhbərliyi Qurban Qurbanova dəstək olmalıdır. Onun tələb və şərtləri yerinə yetirilməli, ”Qarabağ"da olduğu kimi, komandaya bütün şərait yaradılmalıdı, işinə heç bir halda müdaxilə olmamalıdır. Əgər belə bir müdaxilə olarsa, əminəm ki, Qurban Qurbanovla AFFA rəhbərliyi arasında ciddi problemlər yaranacaq və bu da birbaşa komandanın inkişafına ciddi zərbə olacaq. Şəxsən mən bu təyinatı alqışlayıram. Gec də olsa, axır ki, Qurban Qurbanov milliyə gətirildi. Bu məsələdə müqayisələrə getmək istəmirəm. Çünki Azərbaycan futbolunun acı gerçəkliyinə çoxlarından yaxşı bələdəm. Fatih Terim “Qalatasaray” kimi komandanı çalışdıranda Türkiyə superliqasında onun öz klubu səviyyəsində rəqabət aparacağı 5-6 komanda vardı. Bəs bizdə “Qarabağ”la ciddi rəqabət apara biləcək (“Qəbələ” istisna olmaqla) ikinci komanda varmı? Təəssüf ki, yoxdur. Və nə qədər ki, bizim çempionatın olmayan səviyyəsi düzəlmək bilmir, Qurban Qurbanov üçün 2-3 cəbhədə mübarizə aparmaq çətin olmayacaq".