|
Əli Məsimli: “Qarabağdakı talanlarla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinin mexanizmindən yararlanmaylıyıq”

Vaxtaşırı Azərbaycanın işğal olunmuş torpaqlarını pul qarşılığında azad etmək imkanlarının olması barədə yazılar dərc olunur. İddialar var ki, böyük valyuta ehtiyatlarına malik olan Azərbaycan xarici borcu 7 milyard dolları aşan işğalçı ölkəyə qarşı hərbi potensialını belə işə salmadan, müəyyən vəsaitlərindən keçməklə də Qarabağı qaytara bilər.

Belə yanaşma da var ki, əslində böyük həcmli pulların xərclənməsinin müqabilində, yeni itkilər hesabına torpaqları geri qaytarmaqdansa, elə Rusiyanın əlində oyuncağa çevrilmiş işğalçını pulla da ələ almaq, torpaqların qaytarılmasına nail olmaq məqbul variantdır. Xatırladaq ki, hələ bir neçə il əvvəl Rusiyanın politrus.com portalı Azərbaycanın Dağlıq Qarabağı geri almaq üçün Ermənistana guya 5 milyard dollar təklif etdiyi barədə iddia irəli sürmüşdü. O da iddia olunurdu ki, Sərkisyan 10 milyard dollara razılaşıb, üstəlik, vəsait ildə 3 milyard olmaqla bir neçə mərhələdə köçürüləcək. Bunun əvəzində isə Ermənistanın 2015-ci ilin sonuna qədər Qarabağdan bütün hərbi birləşmələrini çıxarmalı və beynəlxalq təşkilatların sülhməramlılarının nəzarətinə verməli olduğu qeyd edilirdi. Düzdür, elə o zaman Ermənistan Prezident Administrasiyasındakı mənbə Azərbaycanın Qarabağ üçün İrəvana  pul təklif etdiyi iddialarına reaksiya vermişdi və bu barədə heç bir danışığın aparılmadığını bildirmişdi. “Qarabağ nə 5, nə 10, nə də 50 milyard dollara verilə bilməz”, - erməni mənbə iddia etmişdi.

Düzdür, Ermənistanın fəlakətli durumda olması təbii ki, bu ölkədən oyuncaq kimi istifadə edənləri o qədər də maraqlandırmır. Lakin gerçəklik budur ki, Ermənistan sözügedən yazıların dərc olunduğu 3 il əvvəlki ilə müqayisədə daha ağır durumdadır. Belə ki, rəsmi məlumata görə, ölkədəki fəlakətli vəziyyətə görə hər il 12 min erməni gənc Ermənistanı tərk edir, boşanmaların artması, evlənənlərin sayının, əksinə, azalması halında əhalinin sürətlə azalması müşahidə olunur. Düşmən ölkə hətta ordunu komplektləşdirmək probemi ilə də üz-üzə qalıb və çıxış yolu kimi tələbələrin çağırışdan möhlət hüququnun ləğvinə əl atdı. Azərbaycana gəldikdə, Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişindən sonra Ermənistanın təklənməsi, iri layihələrdən kənarda qalması bu ölkənin daxilində də ciddi müzakirə olunur. Üstəlik, Rusiyanın Azərbaycanla sıx iqtisadi əlaqələr qurması İrəvanı da hansısa yollarla Bakının iştirakı ilə reallaşan layihələrə qoşulmağa sövq edir. Ancaq Azərbaycanın şərti dəyişilməzdir: torpaqların azad olunması halında birgə əməkdaşlıq mümkün sayılır. Belə olan təqdirdə Qarabağın işğaldan azad olunmasının qarşılığında maliyyə əldə etməsi Ermənistanın uduşu olardı. İşğalçı ölkə hətta silahı da Rusiyadan 200 milyon kredit almaqla əldə etməyə çalışırsa, durum bəllidir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulan zərərin miqdarı hələ doğru-dürüst müəyyənləşməyib. 2016-cı ildə bildirildi ki, Azərbaycana dəymiş maddi ziyanın ümumi həcmi 828 milyard manat təşkil edir. Bunu dəymiş zərərin hesablanması üzrə işçi qrupunun üzvü, "NBA Consalting" şirkətinin rəhbəri Nüsrət İbrahimov demişdi. İllər keçdikcə zərərin miqdarı da artır. Təsəvvür edin, təkcə Röbert Köçəryanın Qarabağdan taladığı sərvət milyardlarla ölçülür. “Robert Köçəryan  10 il ərzində erməni ”xam torpağı" hesabına 4 mlrd. dollar yığıb". Bu məlumatı Ermənistan mediası yayıb. Moderator.az-ın xəbərinə görə, “erməni xam torpağı” deyəndə Ermənistan mediası işğal altındakı Azərbaycan torpaqlarını nəzərdə tutub. Xəbərdə daha sonra deyilir: “Etibarlı mənbələrin təsdiqlədiyinə görə, Robert Köçəryan 10 il ərzində (1998-2008-ci illərdə Ermənistan prezidenti olduğu dövr) ”erməni xam torpağı" hesabına 4 mlrd. dollarlıq  varidat toplayıb. Ancaq cəmiyyətdən və dövlətdən taladığı pullardan bir qəpik də  “Artsax”a  yatırmayıb. Əvəzində o, öz biznesini hətta Afrikada (Ermənistan və “Artsax”ın keçmiş prezidentinin sevimli ov məkanı) inkişaf etdirməyi üstün bilib..."

Əgər keçmiş prezident 4 milyard mənimsəyibsə, şübhəsiz ki, hazırkı cani-prezidentin Azərbaycana vurduğu zərər qat-qat artıqdır.

Bəs ekspert nə düşünür, Azərbaycanın indiki iqtisadi vəziyyəti Qarabağın pul müqabilində azad edilməsinə imkan verirmi?

Deputat Əli Məsimli “Yeni Müsavat”a bildirdi bu kimi məsələlərin pulla tam həlli mümkün deyil: “Qarabağın işğalı Rusiyanın bilavasitə Ermənistana dəstəyi ilə həyata keçirilib və məqsəd də aydındır: bu problem Rusiya tərəfindən Cənubi Qafqaz regionuna təsir etmək rıçaqıdır. Artıq Rusiya 30 ilə yaxındır ki, bu rıçaqdan həm regiona, həm Azərbaycana, həm də Ermənistana təsir etmək istiqamətində istifadə etməklə yanaşı, həm də bu problemin ətrafında manevrlər də edir. Ona görə də Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların bir neçəsi ilə bağlı Azərbaycana ağır şərtlər - məsələn, Azərbaycanın Avrasiya İttifaqına cəlb edilməsi, Dağlıq Qarabağa rus qoşunlarının yeridilməsi, müəyyən rayonlar işğaldan azad ediləndən sonra Azərbaycanın cənub sərhədinin Rusiya ilə birgə qorunması və sair - müqabilində bazarlığa getmək təklifi irəli sürə bilər. Amma burada əsas məqsəd Qarabağ probleminin tam və etibarlı həlli yox, Azərbaycanın Avrasiya İttifaqına və digər bu kimi qurumlara salmaq məqsədi daşıdığından, sonradan müstəqilliyimizə təhdidlərin artması və bəlkə də bir müddətdən sonra Qarabağ probleminin daha da mürəkkəbləşməsi ilə sonunclanmış olar. Qarabağ probleminin beynəlxalq hüquq normaları, BMT TŞ-nin məlum qətnamələri əsasında və digər mühüm sənədlərdə göstərilən qaydada Azərbaycanın xeyrinə ədalətli və etibarlı həlli bir tərəfdən, bu regionda maraqları olan ölkələrin ortaq məxrəcə gəlməsi, ya da Rusiyanın demokratıkləşməsindən, ya da ki, zəiflərin başının öz daxili problemlərinə qarışmasından, digər tərəfdən isə Azərbaycanın güclü iqtisadiyyat - güclü ordu tandemindən keçir”.

Deputat torpaqlarımızı pulla azad etmək təklifini irəli sürməyi yox, işğalçını bütün sahələrdə cəzalandırmağı, Qarabağdakı talanlarla bağlı Ermənistanın beynəlxalq məhkəmə önündə cavab verməsini zəruri sayır. Ə.Məsimli qeyd etdi ki, işğal nəticəsində Azərbaycan dəyən ziyanın hesablanması istiqamətində xüsusi hökumət qərarına əsasən qrup çoxdan yaranıb və bu sahədə hesablamalar aparılıb: “Fikrimizcə, həmin rəqəmləri bir də dəqiqləşdirməyə ehtiyac var. Azərbaycanın işğal olunan ərazisindəki talanlarla bağlı Beynəlxalq Arbitraj Məhkəməsi mexanizmindən isə istifadə etmək yaxşı olar. Çünki indiyədək bu problemlə bağlı bütün qurumların qərarları BMT TŞ-nin məlum qətnamələri və ondan da güclü qərarların hamısı bizim xeyrimizədir. Səriştəli xarici mütəxəssisləri də cəlb edib, güclü bir sənəd hazırlamaq və məhkəməyə təqdim etmək olar”.