|
Usama bin Ladenin sığınacağından mühüm sənədlər çıxdı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi 2011-ci ildə məhv edilən “Əl Qaidə” terror təşkilatının lideri Usama bin Ladenin sığınacağından tapılan, onun özü və yaxınları tərəfindən tərtib edilən gündəliklərin və sənədlərin bir qismi haqqında məlumat yayıb.

“Bu sənədlər “Əl Qaidə” ilə İran arasındakı münasibətlərə başqa prizmadan baxmağa imkan verir”- “The Wall Street Journal” yazır.

Qəzetdəki məqalədə ABŞ-a olan ümumi nifrətin Tehranla terror təşkilatını yaxınlaşdırdığı qeyd olunur.

Yazıda qeyd olunur ki, sənədlərdən birində 2007-ci ildən bu yana “Əl Qaidə”nin yüksək rütbəli nümayəndəsinin məruzələri əks olunub. 
“Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, İran rejimi siyasətdə praqmatizmin ən gözəl nümunəsidir. İran özünün birbaşa və açıq şəkildə iştirakının olmayacağı şərti ilə hər kəsə silah və pul yardımı etməyə hazırdır”, - sənəddə deyilir.

“Bu sənədlər “Əl Qaidə” ilə İran arasındakı münasibətləri detallı şəkildə təsvir edir. Bu tip kontaktların onların qarşılıqlı maraqlara cavab verdiyi müddətcə davam etdiyinə dair əsaslar çoxdur”, - Brukinq institutundan (Vaşinqton, ABŞ) Bryus Ridel məqalədə rəy bildirib.
Məqalə müəllifləri Marqarita Stankati və Aza Fitç sənədlərin Donald Trampın İrana qarşı sanksiyaları gücləndirməyin zəruriliyi barədə söylədiyi fikirlərdən sonra çıxdığına diqqət çəkiblər. Onlar bütün bunların Vaşinqtonda Tehrana qarşı sərt mövqedə duran və İranla imzalanan nüvə sazişinin ləğvini istəyən qanadı sevindərəcəyini qeyd edirlər.

“The Washington Post” da dərc olunan gündəliklərin, yazışmaların “Əl Qaidə” liderinin ətraf dünyaya olan baxışları, həmçinin “Ərəb baharı”ndan öncə inqilabi fikirlərinə dair müəyyən təsəvvürlər oyatmağa imkan verdiyini yazır.

“228 səhifəlik gündəlikdə bin Ladenin ailə üzvləri ilə paylaşdığı fikirlər, diskussiyalar və mövqeləri yer alıb. Burada o, sözü gedən üsyanlardan, ərəb dünyasında baş verə hadisələr barəsində söhbər açır və “Əl Qaidə”nin yeni proseslərdə özünü necə aparması ilə bağlı görüşlərini paylaşır”, - yazıda bildirlir.

Bin Ladenin sözlərinə görə, xaos və liderliyin olmaması “Əl-Qaidə”nin ideya və fikirlərini yayılması üçün ən münbit şəraiti doğurur.
Gündəlikdə Usama bin Ladenin qızları Məryəm və Səmayə, arvadı, həmiçinin iki oğlu -Xalid və Həmzə ilə söhbətləri yer alıb. Məqalədə sonuncunun atasının varisi ola biləcəyi və onun işini davaş etdirəcəyi də göstərilib.

Böyük Britaniyanın “The Times “qəzetində, Riçard Spenserin məqaləsində də Həmzə bin Ladenə xüsusi diqqət ayrılıb. Burada Həmzə gələcəyin “Blofild”i olaraq təqdim edilib (“Blofild” Ceyms Bond haqqında kitab və filmlərinin əsas antoqonist personajıdır”-red.)

Ən maraqlıdı isə gənc bin Ladenin 2001-ci il 11 sentyabr hadisələrindən sonrakı 3 ilini İranda keçirməsi barədə verilən xəbərdir. Sənədlərdə İranın bin Laden ailəsini bir zaman nəzarət altında saxladığı da qeyd olunub.

Məqalədə 2011-ci ildə atasının ölümündən sonra Həmzənin Usama adlı oğlu və Hayriyə adlı qızının olduğu da yazlııb. “Hələ “Əl-Qaidə”nin indiki lideri Ayman əl-Zəvahirinin öz kürsüsünü gənc adama təslim edəcəyi məlum deyil. Lakin əl-Zəvahiri onun atasından qalma şöhrətindən və xarizmasından istifadə etməyə çalışacaq”, - məqalədə deyilir.

ABŞ-n “Newsweek” qəzeti isə bin Ladenin saxlandığı yerdən tapılan maraqlı detallara diqqət çəkib. “Əl-Qaidə”nin lideri “Disney” studiyasının cizgi filmlərinə baxmağı və populyar kompüter oyunları oynamağı çox sevirmiş.

Bundan başqa, bin Laden kompüterində 11 sentyabr hadisələrinin ABŞ hökumətinin əli ilə törədildiyi barədə sənədli filmi, o cümlədən “Maşınlar” çizgi filmini öz kompüterinin yaddaşında saxlayıbmış.